Rədd olsun “Apple” və Steve Jobs

redd-olsun-apple-ve-steve-jobs
Oxunma sayı: 656

Bu başlıq bəlkə də bir az ağır səslənə bilər. Amma insafən, Steve Jobs öz dövrünün ən məşhur şəxslərdən biridir. Axı bunu kim danır?! Onun haqqında öldüyü xəbərini duyan hər kəs ürək ağrısıyla danışmağa, yazmağa başladı. Bu insan, doğrudan da, məşhur şəxsdən daha artığıdır. Sağlığındaykən əfsanələşmiş biridir. Haqqında ən çox danışılan, yaddaqalan, televiziya verilişlərinə dəvət olunan, çoxsayda məqalələr yazılan, araşdırmalar aparılan şəxs idi, elə bugün də Azərbaycan gəncləri daxil, onu tanıyan hər kəs bu şəxsin özündən sonra qoyub getdiyi miras barəsində ağızdolusu danışır. Mənim, sözsüz, belə insanlara hörmətim, ehtiramım sonsuzdur. Ona görə ki, o, bunların hamısını öz ağlı, əzmi və cəsarəti nəticəsində əldə etdi, nəinki, bizimkilər kimi hansısa qohumu, tanışına güvənərək, yaxud valideynlərindən qalma milyardlarla miras sayəsində. Bir də ki, mirasın qalması hələ hər şey demək deyil.

Nəsə, əsas mövzu nə Steve Jobs, nə də onun ölümüdür, əsas odur ki, saatlarla sosial şəbəkələrdə oturub ona buna ağıl dərsi verməyə alışmış və texnikanın yeniliklərindən fəxrlə danışan, bilməyənlərə də ağız büzən gənclərin heç biri, bir neçə gün bundan qabaq ürək ağrısıyla cəhalətin, bürokratiyanın qurbanına çevrilən əsgərimizi xatırlamır, heç xatırlamaq da istəmir. O əsgər kimdir axı? Adi bir vətəndaş. Onların aqibətini kimsə düşünürmü? Nə çoxdur onun kimi mənasız qurbana çevrilənlər. Niyə də xatırlasın? Öz mənasız qafasıyla gələcək “karyerasına” zərbə dəyə bilər, deyə, düşünür, bəlkə də. Ya da gizli adlarla, hansısa yazının altında “qəhrəmanlıq” nümayiş etdirir. Düşünsə belə nə olacaq, guya? Bəlkə, düşünsə ən azından, qəlbindən bir sızıltı keçər, azca da olsa insanlığın keşiyini çəkməyə qadirdisə. Amma adını belə tələffüz etməyi bacarmadığı Steve Jobs’dan ötrü az qala, dəsmal götürüb ağlasın. Çoxunun dilində isə, sadəcə, hərbi xidmətə getməmək üçün əsgərin ölümünü göstərmək bir bəhanəyə çevrilir. Valideyninə, qohum-əqrəbasına “hə, baxın, bu da sizin vətənə xidmətin sonu” kimi bayağı cümlələrlə. Kaş ki, heç kim qurban getməsin, nə də müharibə olsun. Bütün hallarda, müharibə həm də kimlərinsə mənafesinə xidmət edir. Amma “vətəni qorumaq hamının vəzifə borcudur” deyənlərə üzümü tuturam; o və onun kimi günahsız gedən əsgərləri anmaq elə həmin borca aid deyilmi? O gənc əsgər də elə vətənin payından getdi.

Steve Jobs isə, onsuz da, unudulmaz əfsanəyə çevdildi.
Ardı olacaq...