“Rəfail Hüseynovla Fəzail İbrahimli daha çox mədh edirlər” - Müsahibə

refail-huseynovla-fezail-ibrahimli-daha-cox-medh-edirler-musahibe
Oxunma sayı: 711


- İP-in Koordinasiya Şurasına keçirilən son seçkilərin nəticələrini necə qiymətləndirirsiniz?

- Bu, İctimai Palatanın keçirdiyi ilk seçki idi. Bu vaxta qədər Koordinasiya Şurasının tərkibi təsisçilərin istəyi ilə müəyyənləşirdi. Seçki həm də onların bir illik fəaliyyətinin qiymətləndirilməsi oldu və nəticələr ilk tərkibin imtahandan müvəfəqiyyətlə çıxdığını göstərdi. Həqiqətən də ötən bir ildə İP Azərbaycanın müxalif düşüncəli insanlarının iradəsini təmsil edən əsas quruma çevrilib, ötən il aprelin 2-də son illərin ən möhtəşəm aksiyasını təşkil edib, ölkəni xaosa apara biləcək hadisələri önləmək niyyətiylə demokratiyaya yumşaq keçidin mükəmməl bir yol xəritəsini hazırlayıb və ictimaiyyətə açıqlayıb. Seçki prosesinin özünu – namizədliyin irəli sürülməsindən tutmuş səsvermə və səslərin sayılmasına qədər – İP-nın cəmiyyətə göstərdiyi nümunə hesab edirəm, nəticələrindən də çox razıyam. İP üzvlərinin etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm.


- Sizin bu qurumda təmsil olunmağınız birmənalı qarşılanmır. Belə fikir səsləndirirlər ki, partiya sədrinin parlamentdə əyləşdiyi adam İP-də təmsil oluna bilməz…

- İctimai Palata parlament seçkilərində hüquqları pozulmuş fərdlərin vətəndaş hərəkatıdır. Burada hətta YAP da təmsil olunub. VHP müxalifət partiyasıdır, önəmli KİV-lərdə partiya rəhbərliyində təmsil olunan onlarla əqidədaşımızın ciddi, əsaslandırılmış və prinsipial mövqeyi ortadadır və bunu hamı yaxşı görür. Sabir Rüstəmxanlının da mövqeyinə kimsə şübhə etmir, sadəcə, ondan daha çox şeylər umurlar ki, bu da ayrı söhbətin mövzusudur. Doğrudur, VHP-ni parlamentdə təmsil edən Fəzail İbrahimli və Rəfail Hüseynov hakimiyyəti iqtidar nümayəndələrindən daha çox mədh edirlər. Amma bu, onların şəxsi mövqeyidir və VHP-ni bu iki nəfərin girovuna çevirmək olmaz. Belə yanaşma bütün varlıqları ilə demokratik dəyişikliklər uğrunda vuruşan VHP-çilərə təhqirdir, onların əzmini qırmaqdır. Ona görə də VHP-çilərin İP-də təmsil olunması təbiidir və heç bir təəccübə səbəb ola bilməz.

O ki qaldı Koordinasiya Şurasında təmsil olunmağımıza, bu, VHP-çilərin ciddi şəkildə Azərbaycanda köklü dəyişikliklərə nail olmaq istəyindən yarandı. İP üzvlərinə bir daha təşəkkür edirəm ki, VHP-çilərin bu istəyini yüksək qiymətləndirdilər və bizə şans verdilər.


- Sizin İP rəhbərliyində təmsil olunmağınız onu deməyə əsas vermir ki, Sabir Rüstəmxanlı ilə mövqeləriniz fərqlidir?

- Sabir Rüstəmxanlı ilə mənim mövqeyimdə, baxışlarımda kardinal fərqlər olsaydı, bir yerdə olmazdıq. Ümumbəşəri dəyərlərə yanaşmada, Azərbaycanın sabahı ilə bağlı baxışlarda ciddi fərq yoxdur. Siyasi mübarizənin strategiyası və taktikası ilə bağlı fikir müxtəlifliyi var ki, bu da təbiidir. Bütün məsələlərdə eyni düşüncəni «bölüşmək» yalnız totalitar məntiqin məhsuludur.


- Proseslər göstərdi ki, İctimai Palatada AXCP və Müsavat arasında nüfuz davası gedir…

- Bilirsiniz, İctimai Palata Müsavat, AXCP, KAXCP və AMİP-in təsisçiliyi ilə yaranıb. Sonradan proseslərin inkişafı bir qədər dəyişdi, hazırda əsas müxalifət partiyalarından yalnız AXCP və Müsavat öz sədrləri və demək olar ki, bütün rəhbərlikləri ilə İP-də təmsil olunurlar. Ona görə də bu partiyaların İP-də mövqeləri çox güclüdür. Bundan başqa, hər iki partiyanın rəhbəri – İsa Qəmbər və Əli Kərimli ölkə müxalifətinin prezidentliyə əsas namizədləridirlər. Buna görə də rəqabətin olması təbii və qaçılmazdır. Əsas odur ki, bu rəqabət bizi qarşı-qarşıya qoymur, normal siyasi proseslər çərçivəsində həyata keçirilir.


- Müsavatçıların Əli Kərimliyə səs verməməsinin səbəbini necə izah edərdiniz?

- Siz niyə Əli Kərimliyə səs verməyənlərin müsavatçılar olduğunu düşünürsünüz? Axı, səsvermə gizli keçirilirdi. Digər tərəfdən, etibarlı sayılan 245 səsdən Əli Kərimli 209 səs qazanmışdı, deməli, 36 nəfər ona səs verməmişdi. Səsvermədə isə 80 nəfər müsavatçı iştirak edirdi. Müsavatçılar səs verməsəydilər, Əli Kərimli 36 deyil, 80 səs az alardı. Həm də nəzərə alın ki, orda Xalq Cəbhəsindən ayrılan KXCP-nin və başqa partiyaların nümayəndələri, hər kəsə özünün fərdi münasibəti olan müstəqil İP üzvləri var. Belə olan halda «müsavatçılar Əli Kərimliyə səs vermədi» qənaətini irəli sürmək məntiqsiz görünür


- İctimai Palata 2013-cü il prezident seçkilərində konkret namizədlə iştirak edə bilərmi?

- 2013-cü ildən bizi xeyli müddət ayırır. İctimai Palataya yeni qüvvələrin qoşulacağı və yeni iddiaların yaranacağı istisna deyil. Məncə, bu müddətdə İP yəqin ki, müəyyən struktur dəyişikliyinə uğrayacaq, ya Xalq Cəbhəsi kimi bir hərəkata, ya da başqa bir formata transformasiya olunacaq və çox böyük ehtimalla seçkiyə vahid namizədlə gedəcək.

Amma prezident seçkilərində vahid namizədlə çıxış etmək bugünün müzakirə mövzusu deyil. Əvvəlcə demokratik seçki mühiti, namizədlərə bərabər siyasi mübarizə imkanları yaradılmalıdır və İctimai Palata bu imkanları yaratmaq əzmində olan yeganə qurumdur.


- Əgər İP-in vahid namizədi olsa, siz kimi müdafiə edəcəksiniz? O baxımdan ki, sizin partiyanın sədri Sabir Rüstəmxanlı hər prezident seçkisində namizəd olur.

- Əvvəla, Sabir Rüstəmxanlı hər prezident seçkisində namizəd olmur, yalnız 2003-cü ildə namizədliyini irəli sürmüşdü. İkincisi, Azərbaycanın maddi, mənəvi və iradə oğrularından təmizlənməsi üçün hazırkı iqtidar çox tezliklə zamanın arxivinə qatılmalıdır. Bunun yeganə yolu isə müxalifətin növbəti prezident seçkisinə vahid namizədlə qatılmasıdır. Bu, dəyişiklik istəyən hər bir kəsin dərk etdiyi çox sadə bir həqiqətdir. Yalnız siyasi sifarişlə hərəkət edənlər müxalif qüvvəni və elektoratı parçalamaq yolunu tuta bilərlər. Mən bütün gücümlə müxalifətin seçkilərə vahid namizədlə qatılmasına çalışacağam. Ümid edirəm ki, bu məsələdə müxalifət konsensus əldə edəcək.


- Rəsul Quliyevin 2013-də prezident seçiləcəyi ilə bağlı iddialarını, həmçinin Müqavimət Hərəkatı yaratmasını necə qiymətləndirirsiniz?

- Müqavimət Hərəkatını özümüzə rəqib hesab etmirəm, əksinə, hədəflərimiz eynidir və biz müəyyən mərhələdə hətta bir araya da gələ bilərik. Rəsul Quliyev kifayət qədər ciddi fiqurdur, bu iqtidarın aparıcı simalarından olub, siyasi proseslərin inkişafında elə dönəm yarana bilər ki, hakimiyyətdə təmsil olunan bəzi dairələr və müəyyən sosial elektorat ona stavka edərlər. Amma bunun üçün Rəsul Quliyevdən bu gün atdıqlarından daha fərqli siyasi addımlar tələb olunur. Siyasi təqiblərdən kənarda, arxayın şəraitdə kresloya əyləşib siyasi gedişlər etməyə çalışmaqla nəsə əldə etmək Azərbaycan reallığında mümkün deyil. Xomeyniçilik yaxın qonşularımızın çox da uzaq olmayan tarixində artıq bir dəfə baş verib və nəticələri İran xalqını əzməkdədir. Bu mübarizədə hadisələrin önündə olanlar uğur qazanacaqlar.


- Niyə Azərbaycan müxalifəti heç bir halda hakimiyyətə qalib gələ bilmir?

- Niyə elə fikirləşirsiniz? 1998-ci il prezident seçkilərində Etibar Məmmədov, 2003-cü il seçkilərində İsa Qəmbər qalib gəlib. 2000-ci il parlament seçkilərində YAP 30 faizdən də az səs toplamışdı, 2005-ci ildə isə «Azadlıq» və digər müxalifət bloklarını təmsil edən namizədlər qalib gəlmişdi. Amma bu seçkilərin hamısı saxtalaşdırıldı.

Yəni müxalifət qatıldığı bütün seçkiləri udub. Əgər hakimiyyət hətta qeyri-bərabər seçki təbliğatı şəraitində də müxalifətə uduzursa və bundan sonra seçkiləri biabırçı səviyyədə saxtalaşdırmaqla «qələbəsini təmin edirsə», bu, o deməkdirmi ki, müxalifət hakimiyyətə qalib gələ bilmir?


- Hakimiyyət 2013-cü il seçkilərində qələbədə inamlı görünür. Necə düşünürsünüz, 2013-cü il seçkilərində müxalifət rəqabət gücündə olacaqmı?

- Hakimiyyətin qələbə çalması tam bir illuziyadır, bunu bayaq çəkdiyimiz misallarla dedik. «Hakimiyyət» deyəndə vahid konsepsiya əsasında vahid liderin ətrafında birləşən vahid komanda nəzərdə tutulur. Bu gün Azərbaycanda belə bir komanda yoxdur. Hakimiyyət – hərəsinin öz lideri olan bir neçə qrupa bölünüb. Bütün iqtisadiyyat da bu qrupların əlində cəmləşib, monopoliya sahəsi qalmadığından, artıq bu qruplar bir-birinin sahələrinə nüfuz edirlər ki, bu da daxili çatları daha da dərinləşdirir.

Hələlik, vahid güc kimi işləyən bu hakimiyyətin repressiv aparatıdır. O da qruplararası ziddiyyətlər dərinləşdikcə parçalanmaqdadır.

Əlbəttə, hakimiyyətin əlində böyük miqdarda çirkli pulların mövcudluğunu və onların klanlaşdığını unutmuruq. Amma onlar ən vacib şeydən məhrumdurlar. Hakimiyyət xalqın dəstəyini tamamilə itirib, onlar su içdikləri quyuya çoxdan tüpürüblər. Nə qədər möhkəm görünsə də, bir silkələnmə ilə dağılacaq kart evcikdir bu hakimiyyət və bu fakt Azərbaycanın dövlətçiliyi üçün təhlükəlidir. Biz bunu dərk edirik və hadisələrin sivill inkişafının tərəfdarıyıq. Amma hər şey də bizdən asılı deyil.

Bir fakt dəqiqdir ki, daha seçkilərin saxtalaşdırılmasına Azərbaycan xalqı da, beynəlxalq güclər də həmişəki kimi «dözümlü» yanaşmayacaqlar. Artıq dünyanın nizamı dəyişib və hakimiyyət bu gerçəkliyi anlayarsa, öz maraqlarını daha çox qorumuş olar.