“Rəqiblər dişimizə görədir” - Bir məsələ, 4 cavab

reqibler-disimize-goredir-bir-mesele-4-cavab-
Oxunma sayı: 641

“Qafqazinfo”nun verdiyi məlumata görə, “İnter”, “Xəzər Lənkəran” və “Bakı” Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Belə məqamda yerli futbol mütəxəssislərinin klublarımızın Avropadakı çıxışı haqda gözləntilərini öyrənməyi lazım bildik.

Ağasəlim Mircavadov:

“Avropa zəif klub yoxdur. Çünki bütün klublar öz ölkəsində yüksək yerlər tutub buraya vəsiqə qazanır. Hər bir klub da qələbəyə can atır. Həm öz, həm də ölkənin reytinqini artırmaq üçün döyüşürlər. Bu səbəbdən avrokuboklarda asan oyun olmur. Ancaq mən bütün klublarımızdan yalnız qələbə gözləyirəm. Düzünü desəm, klublarımızın transfer fəaliyyətindən məlumatsızam. Komandanı formalaşdırmaq üçün transferləri 3-5 günə yox, 6 aya, 1 ilə reallaşdırmaq lazımdı. Avropada futbolçunu 1 il izləyirlər, onun bütün keyfiyyətlərini öyrənib sonra komandaya gətirirlər. Bizdə isə belə deyil. Buna baxmayaraq klublarımıza inanıram. Komandada uğur üçün əsas amil inamdır. “Bakı” klubunda bu inamı görürəm. Klubda hər kəs baş məşqçi Novruz müəllim dəstəkləyir deyə, o da öz işini rahat görə bilir. Bir misal gətirim. Bu yaxınlarda Avropa Çempionatı başa çatdı. Bir çox mütəxəssisdən soruşdum. Heç kim gözləmirdi ki, hücumçusuz İspaniya yığması çempion olsun. Lakin bu möcüzəni məşqçi yaratdı - inamın sayəsində. Klublarımız da qələbənin öz əllərində olduğunu anlamalıdı. Bu il bütün klublarımızın mərhələ keçəcəyinə inanıram”.

Şahin Diniyev:

Fikrimcə, hər 3 klubumuzun şansı eynidir. Rəqiblər dişimizə görədir. Bir şərtlə ki, arxayınlaşmayaq və rəqibi qiymətləndirək. Rəqiblərdən “Mura”nın səviyyəsini bilmirik. Yoldaşlıq görüşündəki 4:0 sizi aldatmasın. Hazırlıq oyununda gənclərə şans verilir, taktikalar sınanır və s. Avrokubok oyunu belə asan olmayacaq. Estonlara gəlincə, “İnter”in rəqibi olan “Trans” “Nomme Kalyu”dan daha zəifdi. Bizim klublarımız isə hər 3-ü, demək olar ki, eyni səviyyədə hazırlıq keçib. “İnter” bir az daha hazırlıqlı olmalıdı. Çünki həm Türkiyədə, həm Sloveniyada hazırlıq keçib. Ümumiyyətlə, komandalarımız düzgün taktika seçməlidirlər. Bu taktika iki oyuna hesablanmalıdır. Evdə top buraxmayıb, səfərdə qol vurmaq daha yaxşı olar”.

Ramiz Məmmədov:

“Mən püşk atılan gündən demişəm ki, 4 klubumuzun 4-ü də mərhələni keçməyə borcludur. Mənə elə gəlir ki, hətta ilk oyundan məsələni həll edəcəklər. Bütün klublarımıza inanıram. “Xəzər Lənkəran”ın hücumçu sıxıntısı var, ancaq komandada hücumameyilli futbolçular çoxdur. Bu gün onlar ən az 2 top fərqi ilə qalib gəlməlidir. “Bakı” klubunda da qapıçı problemi var idi. Amma komanda, demək olar ki, komplektləşib. Yoldaşlıq görüşündəki nəticəyə isə aldanmaq olmaz. “İnter” səfərdə oynayır. Tsxadadzenin öz oyun strategiyası var. “İnter” hər zaman oyunu müdafiədən qurur və bu gün onlara heç-heçə də sərf edir. Məncə, bu nəticəni əldə edə biləcəklər”.

Arif Əsədov:

“Bu gün evdə oynayan klublarımız elə hesabla qalib gəlməlidir ki, bu nəticə səfərdə də onlara kömək etsin. Ona görə, ən az 2 top fərqi ilə qələbə qazanmaq lazımdı. “İnter” isə ən azı heç-heçə etməlidir. Məncə, Sloveniya klubu digərlərindən daha güclüdür. Klublarımız isə yaxşı hazırlıq keçiblər. Yalnız “Bakı”da qapıçı problemi var. Ümumiyyətlə, indi vəziyyət elədi ki, onların hazırlaşmaq üçün hər cür şəraitləri var. Qalır ancaq yaxşı nəticə göstərib Azərbaycanın reytinqini qaldırmaq. Nəzərə almaq lazımdı ki, klublarımıza hələ belə şans düşməmişdi. Bu şansdan yararlanmaq lazımdı”.

Ceyhun Əhmədov