Rəşad Sadiqov “Qarabağ”dan qovulmasından danışdı – Müsahibə

resad-sadiqov-qarabagdan-qovulmasindan-danisdi-musahibe-
Oxunma sayı: 648

“Neftçi”yə keçəcəyini açıqlayan və “Qarabağ”ın heyətindən kənarlaşdırılan Rəşad Sadiqov “Qafqazinfo”ya müsahibə verib:

- “Qarabağ”dan ayrılmağa nə zaman qərar verdin?

- “Qarabağ”la müqavilə müddətim bu yay başa çatır. Mövsümün sonuna çox az qalıb. Lakin “Qarabağ”dan mənə rəsmi müqavilə təklifi gəlməyib. Bu səbəbdən özümə yeni klub axtarmağım normaldı. Ne olsun ki futbolçuyuq, bizim də ailəmiz var, işsiz qala bilmərik.

- Klub rəsmiləri sənin komandadan qovulduğunu bildirib...

- Belə bir şey olmayıb. Mən peşəkar futbolçuyam və istənilən klubla danışıq apara bilərəm. Bunu Qurban müəllimə də demişəm. O da başqa kluba keçidimi normal qarşıladı və mənə xeyir-dua verdi. Onunla dost kimi ayrıldıq.

- Elə isə nə üçün sona iki tur qalmış komandanın düşərgəsindən uzaqlaşdırılmısan? “Qarabağ” klubunun verdiyi rəsmi bəyanatda bildirilib ki, komandaya mənəvi zərbə vurmusan və bu səbəbdən heyətdən qovulmusan.

- Komandadan uzaqlaşdırılmağımın səbəbi bu deyil. Bu, baş məşqçinin fikridir. Yəqin ki, gələn mövsüm yola kimlə davam edəcəksə, qalan iki turda da həmin futbolçularla mübarizə aparmaq istəyib. “Qarabağ”ın bəyanatı isə məni təəccübləndirdi. Avropada futboçular müqavilənin sonuna 1 il qalmış başqa klubla razılığa gəldiklərini bildirirlər, sonra da komandada çıxış edirlər. Onlara heç nə deyən olmur. Mənsə mövsümün sonuna 1 həftə qalmış danışıq aparmışam. Peşəkar futbolçu bunu edə bilər. Belə söz-söhbətlər olmamalıdı.

- “Neftçi”yə keçidin dəqiqləşib?

- “Neftçi” rəsmiləri ilə dünən danışmışam. Bu məsələ 90 faiz həllini tapıb. Lakin hələ müqavilənin detalları haqda dəqiq bir şey deyə bilmərəm. Buna gələn həftənin ilk günlərində aydınlıq gələcək.

- “Ağ-qaralar”ı seçməyinə nə səbəb oldu?

- Düzünü desəm, mənim üçün ən yaxşı variant budu. Əvvəla, “Neftçi” mənim doğma klubumdu. O zaman Gedenin ucbatından komandadan gedəsi oldum (“Neftçi”nin sabiq baş məşqçisi Hans-Yürgen Gede). İndi komandaya qayıtmağımda heç bir problem yoxdu. Həmçinin komandanın son iki ildəki nəticələri də göz qabağındadı. Sadıq müəllim burada böyük işlər görür. Bu səbəbdən təklif məni qane etdi.

Ceyhun Əhmədov