Rəsmi Bakı əsəbidir

resmi-baki-esebidir
Oxunma sayı: 647

Yaranmış situasiyanın təhlilinə keçməzdən əvvəl bir hadisəni yadınıza salmaq istərdim.

90-cı illərin sonunda ABŞ-ın Azərbaycandakı səfiri postunda Stenli Eskudero adlı bir nəfər vardı. ABŞ hökumətinin Dağlıq Qarabağ ermənilərinə yardım ayırmasının Azərbaycanda neqativ effekt verməsi onu mətbuat konfransı keçirib, situasiyanı aydınlaşdırmağa vadar etmişdi. Səfir çıxışında ciddi bir siyasi və diplomatik səhvə yol verdi - münaqişə tərəflərini Dağlıq Qarabağ və Azərbaycan adlandırmaqla. Səfir sözünü qurtarmamış söz istədim. Bəzi “həmkarlarımız” mənim bu “etikadan kənar” davranışıma etiraz da etdilər. Axı səfir hələ sözünü bitirməmişdi. “Həmkarlarımın” ağız büzməsinə baxmayaraq mən israr etdim və səfir mənə söz verdi. Mən onun tərəfləri Dağlıq Qarabağ və Azərbaycan adlandırmasına etirazımı bildirdim. Səfir etirazımın mahiyyətini anlayan kimi tərcüməçi ilə pıçıltı ilə məsləhətləşdi. Daha sonra tərcüməçi elan etdi ki, səfir tərəfləri Dağlıq Qarabağ və Azərbaycan deyə təqdim etməyib. Sən demə, tərcüməçi səhv edibmiş. Həmin vaxt səfirin tərcüməçisi mərhum jurnalist Nəcəf Nəcəfovun həyat yoldaşı Lalə xanım idi.

***

Dünən ATƏT-in baş katibi Lamberto Zaner Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovla birlikdə mətbuat konfransı keçirdi. Mətbuat konfransında ATƏT rəsmisi çox ciddi siyasi və diplomatik səhvə yol verdi. Əslində, Lamberto Zaner dediklərinin səhv olduğunu düşünmür. O vəziyyəti belə qəbul edir. Amma biz bu cür baxışla barışa bilmərik.

ATƏT-in baş katibindən sitat: “Qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində baş verənlər narahatlıq doğurur”.

İlk baxışda standart və tez-tez təkrar olunan bir bəyanat.
Amma yox. Məsələ orasındadır ki, cənab diplomat təmas xətti ilə Azərbaycan-Ermənistan sərhədini bir-birindən ayırmağa cəhd edir. Amma həmin mətbuat konfransında heç kim deməyib ki, Azərbaycan-Ermənistan sərhədi də qoşunların təmas xəttinin bir hissəsidir. İndi təmas xətti Araz çayından Kür çayına qədərdir. Bəs ATƏT sədri bunu bilmirmi? Bilirsə, niyə belə deyir?

Məqsəd aydındır. Dağlıq Qarabağ ermənilərini münaqişə tərəfi kimi təqdim etmək. Son vaxtlar rəsmi Bakının əsəbinə toxunan məsələ də məhz budur. İndi vasitəçilər də, digərləri də Dağlıq Qarabağ ermənilərini danışıqlar masasına oturtmaq istəyir.


***

Rəsmi Bakı baş verənlərlə bağlı Azərbaycan cəmiyyətini məlumatlandırmır, amma xarici işlər naziri Elmar Məmmədyarovun son çıxışlarını nəzərdən keçirməklə həqiqətən də əsəbiliyin olduğunu və bu əsəbiliyi yaradan səbəbi aydınca müşahidə etmək olar.

ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmorla birgə keçirdiyi mətbuat konfransında: “Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində, ilk növbədə, Ermənistanın qoşunlarını Azərbaycan ərazisindən çıxarması lazımdır”

Paris görüşündən sonra: “Ermənilər bizim insanları öz yurdlarından qovublar. Beynəlxalq aləm də bəyan edib ki, azərbaycanlı məcburi köçkünlər öz ərazilərinə qayıdıb, muxtariyyətlə bağlı öz mövqelərini bildirməlidirlər. Ermənilər işğal altında olan Azərbaycan ərazilərindən çəkilsinlər, azərbaycanlılar geri qayıtsınlar”.

ATƏT-in baş katibi Lamberto Zanerlə birgə keçirdiyi mətbuat konfransında: “Gəlib Azərbaycana gah təmas xəttindən snayperlərin çıxarılmasını, gah da hansısa mexanizmlər təklif etmək gülməli görünür. Problem mexanizmlərdə yox, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş torpaqlarında olmasındadır. Əgər o qoşunlar oradan çıxsa, həm insident, həm də mexanizm problemləri həll olunacaq. Bu Azərbaycanın mövqeyidir və biz onun üzərində dayanacağıq”.

***

İndi vasitəçilərin və beynəlxalq təşkilatların rəsmi Bakını əsəbiləşdirən təklif və tələblərinə cavab vermək üçün ancaq ictimai rəyi bu istiqamətə kökləmək lazımdır. Amma münaqişə ilə bağlı prosesin inhisarda saxlanılması buna mane olur. Tezliklə Azərbaycan hökuməti beynəlxalq təşkilatlar qarşısına çıxarmaq üçün cəmiyyətin dəstəyini almaq yollarını tapmalıdır. Yada salaq ki, Ki Uest prosesi ərəfəsində buna bənzər situasiyada daxili resursların mütəşəkkil idarə edilməsi sayəsində təhlükədən sovuşmaq mümkün olmuşdu.

Azərbaycan hökuməti bir həqiqəti də unutmamalıdır ki, nə qədər ki, cəmiyyət baş verənlərdən bixəbərdir, Lamberto Zanerə heç kim - nə jurnalistlər, nə də digərləri cavab verməyəcək. Çünki indi çox az adam bilir ki, ATƏT-in baş katibi nədə yanlışlığa yol verib və bunu niyə edib?