Rəssam cəzalandırılsınmı? - İki mövqe

ressam-cezalandirilsinmi-iki-movqe
Oxunma sayı: 654

Türkiyəli karikaturaçı Bahadır Baruter cəmiyyətin müəyyən təbəqəsinin dini dəyərlərini təhqir ittihamı ilə məhkəməyə çağırılıb. Buna səbəb rəssamın satirik “Pinqvin” jurnalında dərc etdirdiyi karikaturadır. Məsciddə namaz qılan insanları təsvir edən karikaturaçı onlardan birini əl telefonu ilə Allaha zəng edərək “vacib işlərinə görə” namazı yarımçıq qoymağa icazə istəyirmiş kimi göstərib. Məscidin iç divarında isə kiçik şriftlə “Allah yoxdur, din yalandır” sözləri həkk olunub. Oxucuların çoxsaylı şikayəti İstanbul baş prokurorunun Bahadır Baruter haqqında iş açması ilə nəticələnib. Günahkar bilinəcəyi təqdirdə onu bir il həbs cəzası gözləyir.

“Media forum” saytı bu hadisəyə Almaniyada yaşayan jurnalist Mirzə Xəzərin və dini sahə üzrə araşdırmaçısı jurnalist Rəsul Mirhəşimlinin münasibətini öyrənib.

Mirzə Xəzər: “Bahadır Baruter öz fikrini ifadə edib”

- Dinin, dindarların təhqir edilməsinə qətiyyətlə qarşı olduğumu bəri başdan qeyd etmək istəyirəm. Lakin burada söhbət karikaturadan, satiradan gedir. Bəzi dindarların, dinin və hətta peyğəmbərin satira və karikatura hədəfinə çevrilməsi hallarına ilk dəfə İsraildə şahid olmuşam. Televiziya ekranında həzrəti Musa haqqında satirik səhnəni seyr edəndə elə bilirdim indi camaat küçələrə çıxıb üsyan edəcək, sonra da satirik səhnənin müəllifini damğalayıb məhkəməyə verəcəklər. Yox, heç kim küçəyə çıxmadı. Satirik səhnənin müəllifini də heç kim cəzalandırmadı. Cəmiyyət bu cür tənqidlərə dözümlə, təmkinlə yanaşırdı. Bu mənim ifadə və fikir azadlığı elmi üzrə ilk əyani dərsim idi.

Hər bir cərəyanda mənfi hallar olur. “Tövrat”ı və “İncil”i tərcümə edən adam kimi deyə bilərəm ki, hər bir cərəyanda həqiqi imanlılar və saxta imanlılar olur. Mən inanmıram ki, Bahadır Baruterin qayəsi dini, dindarları təhqir etmək olub. Mənim dinindən asılı olmayaraq bütün səmimi imanlılara böyük hörmətim var. Ancaq etiraf etmək lazımdır ki, hər bir dində həqiqi dindarlar da var və zahiri dindarlar da. Bahadır Baruter öz fikrini ifadə edib. Fikirə fikirlə cavab vermək ən doğru yoldur.

İfadə azadlığının cəmiyyətin heysiyyəti ilə toqquşması məsələsinə gəlincə, demək istərdim ki, azad cəmiyyətdə, fikir və ifadə azadlığının olduğu cəmiyyətdə, dindarın da, dinə inanmayanın da öz fikrini sərbəst söyləyə bildiyi cəmiyyətdə bu, necə deyərlər, “toqquşma” həmişə olacaq. Bu “toqquşma” karikatura ilə, satira ilə cərəyan edirsə, deməli, o cəmiyyətdə sağlam düşüncə hökm sürür. Bu “toqquşma” psixoz yaradırsa, məhkəmə yolu ilə həllə üstünlük verilirsə, deməli, cəmiyyətdə fərqli düşünənlərə dözümsüz yanaşmaq meyli güclənməyə başlayır.

Ateistin hər hansı bir dindarın Allahını sevməsinə dözməməsi qəbuledilməzdir və ifratdır. Ateist hicablıya, namaz qılana dözümsüz yanaşırsa, bu, ifratdır. İfrata varmaq cəmiyyətə xeyir gətirməz, mövcud nöqsanların aradan qaldırılmasına kömək etməz.

Dindarın öz Allahının, peyğəmbərinin tənqid olunmasına, lağa qoyulmasına dözməməsini isə anlayışla qarşılamaq lazımdır, amma bu dözümsüzlük başqa müstəviyə keçməməli, ifrata varmamalıdır. İfrata vararsa, ortada heç bir dəyər qalmaz.

Rəsul Mirhəşimli: “Ateist qarşı tərəfin inancına təcavüz etməməlidir”

- İnsanların dini hissləri ilə oynamaq və onu ələ salmaq ilk növbədə tərbiyəyə bağlı məsələdir. İslam dini bütün insanlara sayğı ilə yanaşır. İnancı olmayanların belə inanmamaq haqqına zorakılıq göstərmir. Dinimizin hikmətində “sənin inandıqların sənə, mənim dinim mənə” prinsipi hakimdir. Bu hikmətə tapınan insanların heysiyyətinə toxunan kəsin ictimai və mənəvi davranışlarında dəyərlərin yoxluğu özünü göstərir. Hüquq və beynəlxalq hüquq da milli və dini hisslərə hörmətlə yanaşmağı tələb edir.

Bu karikaturaya münasibətdə güzəşt üçün ortaq nöqtənin olduğunu düşünmürəm. Çünki adam öz təhqirlərini dindara və ya dini icmaya deyil, dindarın tapındığı dəyərlərə yönəldib. Çox təəssüf ki, bu problem əhalinin mütləq əksəriyyəti müsəlman olan və dini inancları gözəl şəkildə yaşadan Türkiyədə baş verib. Bir insanın azadlığı başqalarının inandığı dəyərlərin üzərində qurulmamlıdır. Bizdə də xurafatı və mövhumaçılığı tənqid edən çoxlu ədəbiyyat və rəsm nümunəsi var. Bu əsərlər insanların inanc sisteminə təcavüz etmir, geriliyi və cəhaləti tənqid edir. Amma bu karikaturada həmin tənqidi göstərə biləcək birini tapmaq mümkündürmü?
Heç bir norma və hüquq heç kimə başqasının şəxsiyyətini təhqir etmək haqqını vermir. Belə olmasaydı, şəxsiyyəti təhqir olunanlar məhkəmə davaları açmazdı.

Ateist qarşı tərəfin inancına təcavüz etməməlidir. Dindar da atesitin inancsızlığına radikal yanaşmamlıdır. İslam “heç kəs başqasının günahlarını daşımaz” ehkamının hikmətini paylaşan dindir. İfadə azadlığı heç bir halda insan şəxsiyyətinin və toplumun heysiyyəti əleyhinə yönəlməmildir. Bu hal baş verəndə müvafiq hüquq normaları çərçivəsində etiket hüdudlarını aşan insanı həmin hüdudlar çərçivəsinə salmaq lazımdır.

"Media forum"