Rəsul Quliyev-Əli Kərimli ittifaqı

resul-quliyev-eli-kerimli-ittifaqi
Oxunma sayı: 726

Birincisi, cəmiyyətin siyasiləşmiş sağlam təbəqəsi anlayıb ki, bu dalğa avtoritar hakimiyyətləri dəyişməyə hədəflənmiş, durdurulması mümkün olmayan bir prosesdir, mütləq şəkildə bu kateqoriyadan olan ölkələr sırasında yer almış Azərbaycana da çatacaq və nəticənin uğurlu olması da xalq kütlələrinin prosesdə aktiv iştirakından birbaşa asılıdır;

İkincisi, bu dəyişim dönəminə İP formatındakı müxalifətlə qədəm qoymağın növbəti məğlubiyyətlə nəticələnəcəyindən ehtiyatlanıb kənara çəkilən və mövcud hakimiyyətə qarşı real alternativ axtarışında olan Azərbaycan cəmiyyətinə onu uğura apara biləcək yeni konfiqurasiya - həqiqi alternativ təqdim olunmalıdır.
Məhz bu iki istiqamət üzrə müzakirələrin açılması və doğru nəticəyə gəlinməsi bütövlükdə prosesin uduşla yekunlaşmasını şərtləndirəcək əsas amillər sayıldığından, gəlin, biz də öncə, bu “demokratiya dalğası”nın mahiyyətinə nəzər salaq və onun nədən Azərbaycanı da ağuşuna alacağı haqda mülahizəyə baxaq.

“Demokratikləşmə dalğası”, yoxsa “Genişləndirilmiş Orta Şərq” layihəsi?

Dünyanın siyasi xəritəsində “ərəb dalğası”nın yayıldığı ölkələrə diqqət yetirdikdə, göz önündə maraqlı tablo canlanır: Əlcəzair, Tunis, Liviya, Misir, Suriya, Yəmən, Omman, Bəhreyn, İran... Bu, o ölkələrdir ki, hər biri zəngin enerji mənbələrinə və dənizə birbaşa çıxışı imkanlarına sahib olmaqla, həm də ABŞ-ın 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra sürətlə həyata keçirməyə başladığı “Genişləndirilmiş Orta Şərq və Şimali Afrika” layihəsində adları yer alıb. Qısaca olaraq, “Böyük Orta Şərq Projesi” adını almış bu layihə barədə indiyədək çeşidli versiyalar səslənib, müxtəlif xəritələr dövriyyəyə buraxılsa da, hədəf və məqsəd birdir: superdövlət ABŞ-ın dünya hegemonluğunu qoruyub saxlamaq, amerikan kapitalının dünya bazarında sərbəst və təhlükəsiz hərəkətini təmin etmək və bu məqsədlə də yeni dünya nizamı yaratmaq. Məşhur “Dünyaya hökm etmək istəyirsənsə - Avrasiyaya, Avrasiyaya hökm etmək üçünsə - Orta Şərqə nəzarət et” nəzəriyyəsi ilə hərəkət edən amerikan strateqlərinin qənaətincə, yaxın illərdə ABŞ-ın iqtisadi gücünü üstələyəcək “Asiya nəhəngi” Çinin sürətli yüksəlişinin qarşısını almaq, Avropa bazarlarını əldə saxlamaq və gələcək enerji böhranından sığortalanmaq üçün Yaxın və Orta Şərqin neft-qaz yataqlarına və onların daşınacağı marşrutlara nəzarət tam şəkildə onun əlində cəmləşməlidir. Elə bir ucu Mərakeşdən başlamış ta Çin sərhədlərinədək gedib çıxan - Şimali Afrika, Yaxın və Orta Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini birləşdirən xətt boyu, böyük bir ərazini, özü də İslam coğrafiyasını vahid bir iqtisadi-siyasi məkan kimi birləşdirmək də məhz bu məqsədə xidmət edir.

Bu planın həyata keçməsinin ilk önəmli mərhələsi ABŞ prezidenti kiçik Corc Buşun dönəmində Əfqanıstan və İraqın işğalı - hərbi baxımdan Orta Şərqin əsas dayaq nöqtələrinə sürətli girişin təmini hesab edilirsə, ikinci önəmli mərhələ müsəlman mənşəli Barak Obamanın prezidentliyi dönəmində ABŞ-ın İslam coğrafiyasındakı işğalçı obrazını dağıtmağa və itmiş nüfuzunu bərba etməyə nail olmaq sayılır. ABŞ başda olmaqla Qərb dünyasının vaxtilə dəstəklədiyi ərəb diktatorlarının indi bir-bir qurban verilməsi də, əslində, bu siyasətin tərkib hissəsidir.
Qısaca desək, ABŞ-ın Şimali Afrikadan üzü şərqə doğru başladığı “demokratikləşmə dalğası”na həm də “Böyük Orta Şərq” layihəsini davam etdirən irimiqyaslı əməliyyat kimi yanaşılmalıdır...
Sözsüz ki, bizim üçün ən önəmlisi yaşadığımız ölkənin – Azərbaycanın adının bu “əməliyyat masası”nda yer alıb-almadığını, “Böyük Orta Şərq” layihəsində nə kimi yer tutduğunu, əsas, yoxsa köməkçi faktor qismində prosesə cəlb edildiyini bilməkdir.

Azərbaycan – “körpü”, “tıxac”, yoxsa sadəcə “sərhəd” ölkə?

9 milyonluq əhalisi olan və ərazisinin 20%-i işğal altında qalan Azərbaycan həm ərazi, həm əhali, həm də iqtisadi resurslarına görə, üç respublikanın birləşdiyi Cənubi Qafqazın ən böyük ölkəsi sayılır. Cənubi Qafqaz isə ABŞ və Avropa üçün təkcə Xəzərin və Mərkəzi Asiyanın zəngin enerji ehtiyatlarını Qərbə istiqamətləndirən cığır, körpü deyil, eyni zamanda, iki antiamerika güc – Rusiya və İran arasında sədd ola biləcək tıxacdir. Ancaq Cənubi Qafqazın hər üç ölkəsində fərqli siyasi ab-hava hökm sürdüyündən, ABŞ onun üçün hələlik yalnız körpü rolunu oynayan bu məkanı tam özününküləşdirə, “tıxaca” çevirə bilməyib: Ermənistan tamamilə Rusiyanın, Gürcüstanın bir hissəsi Qərbin təsiri altındadır, seçimi Cənubi Qafqazın gələcək taleyini müəyyənləşdirəcək Azərbaycan isə Qərb və Rusiya arasındakı uzunmüddətli vurnuxmalarıyla, faktiki, hər iki tərəfdə etimadsızlıq yaradıb. Qərbin strateji maraqlarını nəzərdə tutan layihələrin həyata keçməsinə mane olmamaq, o cümlədən demokratiya ilə bağlı tələblərinə qarşı Azərbaycanın həmişə qarşı tərəfi Rusiya və İranla yaxınlaşmaqla şantaj, təhdid etməsi ABŞ-ı cana doyurduğu kimi, Rusiya azacıq zəifləyəcəyi təqdirdə, rəsmi Bakının dərhal Qərbin yanında yer alacağı aksiomu da Kremli bezdirib. Doğrudur, Azərbaycan hakimiyyəti hər iki tərəflə oyununu “balans siyasəti” və Dağlıq Qarabağ problemiylə əlaqələndirir. Ancaq həm ABŞ, həm də Rusiya yaxşı anlayır ki, əslində bu, belə deyil, Azərbaycan iqtidarını ölkənin maraqlarından daha çox, hakimiyyətin qorunub saxlanması düşündürür və bu səbəbdən də ona münasibətdə etibarlı müttəfiq kimi yox, təzyiq altda saxlamaqla “nə çox yaxına, nə də çox uzağa buraxmaq” taktikasıyla davranılır. Fakt budur ki, nə ABŞ, nə də Rusiya Azərbaycanın problemlərinə münasibətdə qəti və dost mövqeyi tutmur və bunun da bir səbəbi var - öz xalqına hörmət etməyən hakimiyyətə heç bir dövlət də hörmət etmir.

“Azərbaycanın arxasında Rusiya durub” fikirləri nə qədər geniş yayılsa da, əslində indi Azərbaycan Rusiya üçün, sadəcə, qorxudan və ona ehtiyacdan ABŞ-ın Mərkəzi Asiya ilə bağlı planlarını müvəqqəti ləngidən və son məqamda Qərblə siyasi alver üçün işə yarayacaq qonşu ölkə statusundadır. Üstəlik, “Vikileaks” üzə çıxardı ki, Azərbaycan rəhbərliyi təkcə İran və Türkiyə ilə deyil, elə Rusiya ilə münasibətlərində də səmimi deyil...

ABŞ üçünsə Azərbaycan Rusiyada demokratik dəyişikliklərdən sonra avtomatik olaraq Qərbin yanında yer alacaq ölkə olmaqla yanaşı, eyni zamanda, İrana qarşı kəşfiyyat işi aparılacaq ən əlverişli sərhəd məntəqəsidir...
Deməli, istər ayrıca götürülmüş bir respublika, istərsə də Rusiya və İranla bağlı siyasətinin müəyyənləşməsində sərhəd ölkə olaraq, Azərbaycanın adı ABŞ-ın planlarında mühüm yer tutur və bu planlara əngəl olmaq istəyi Azərbaycan hakimiyyətinin sonunu daha da yaxınlaşdıra bilər.

Çox böyük ehtimalla, “demokratikləşmə dalğası” Suriyadan sonra ABŞ-ın “Böyük Orta Şərq” layihəsində ən önəmli yer tutan İrana keçəcək və bu halda şimal istiqamətində 765 km-lik sərhəddə malik Azərbaycan Qərbin birbaşa diqqətində olmaqla, onun üçün daha mühüm əhəmiyyət kəsb edəcək. Elə Azərbaycan hakimiyyətinin işi də onda çətinə düşəcək...

Real alternativ hansı konfiqurasiya ola bilər?

Sözsüz ki, məhz bu mərhələyədək Azərbaycanda cəmiyyətin rəğbətini və real dəstəyini qazanacaq, “demokratikləşmə dalğası”nı Azərbaycanda apara biləcəyinə Qərbdə inam yaratmış bir siyasi gücün formalaşması, proseslərin hakimiyyətin mütləq iradəsi və zorakı müdaxiləsi olmadan, deməli, dinc və ağrısız, qansız-qadasız getməsini də təmin edəcək. Hələlik, bu missiyanı İP öz üzərinə götürməyə iddia etsə də, ötən yazımızda qeyd etdiyimiz kimi, o, hakimiyyətə real alternativ rolunda çıxış edə bilmir. İP liderləri nə qədər qürrələnib, “real alternativ bizik” desələr də, bu, pafos və şüarçılıqdan uzağa getmir. Reallıqda isə burada toplaşan tərkib, ən yaxşı halda 1992-93-cü ildəki Elçibəy komandasının ələnmiş və daha pis, zəif formada təkrarından başqa bir şey deyil, ortaya qoyulan güc isə 2003-cü ildəkindən yüzlərlə dəfə aşağı həddədir. Üstəlik, “demokratikləşmə dalğası”nı aparmaq missiyasını elə bir siyasi qüvvə öz üzərinə götürməlidir ki, təkcə hakimiyyətdən narazı təbəqənin deyil, həm də hakimiyyətin öz içindən səmimi şəkildə demokratikləşmə prosesinin getməsində maraqlı olanların ümid yerinə çevrilə və cəmiyyətin əksər hissəsinin dəstəyini əldə edə bilsin. Bir qədər də dəqiq ifadə etsək, indi hakimiyyətin demokratikləşmədə maraqlı olan cinahı ilə müxalifətin qisasçı olmayan cinahı arasında dialoqu, qarşılıqlı etimadı təşkil və təmin edəcək bir konfiqurasiyanın qurulmasına daha çox ehtiyac var.

Doğrudur, son vaxtlar hətta müxalifətin ən radikal cinahı, o cümlədən İP üzvləri arasında belə, hakimiyyətin hansısa qanadının kritik məqamda məcburiyyət qarşısında qalıb onlarla təmasa keçəcəyinə ümid bəslənir. Ancaq unudulur ki, həmin qanadların hər biri ayrı-ayrılıqda İP-in indiki gücündən qat-qat artıq güc ortaya qoymaq və prosesi öz lehinə dəyişmək imkanındadır, bu halda isə İP-ə, ümumiyyətlə, heç ehtiyac da duyulmayacaq. Deməli, söhbət elə bir konfiqurasiyanın qurulmasından gedir ki, onun mövcudluğu şəraitində nə hakimiyyətdaxili qruplaşmaların özü belə ayrı-ayrılıqda prosesi məcrasından çıxarıb öz lehinə döndərmək təşəbbüsü göstərsin, riski etsin, nə də cəmiyyət gələcəyə baxışda tərəddüddə qalsın.

Azərbaycanda iqtidarlı-müxalifətli bütün hakimiyyətə iddialıların siyahısına, onların bir-biriləriylə münasibətlərinə və ayrılıqda hər birinin liderlik imkanlarına nəzər saldıqda, hələlik, Qərb xəttində olan iki liderin - parlamentin keçmiş sədri, 14 ildir ABŞ-da siyasi mühacir həyatı yaşayan Rəsul Quliyevlə AXCP sədri Əli Kərimlinin ittifaqının uğurlu bir konfiqurasiyanın təməlini qoya biləcəyi qənaətini yaradır. Bəlkə də, indilikdə çoxları üçün belə bir ittifaqın yaranması utopik görünə bilər. Ancaq yaxın keçmişdə baş verənlər təhlil edilsə və Azərbaycan siyasətinin qaçılmaz reallıqları da nəzərə alınsa, bu ittifaqın, həqiqətən, perspektivdə ən güclü siyasi mərkəz halına gələ biləcəyini ağlı başında olan hər kəs qəbul edər.

Xatırladaq ki, hər iki şəxs – həm Rəsul Quliyev, həm də Əli Kərimli indiyə qədər müxalifət cinahından rəsmi şəkildə prezidentliyə namizəd olmayan, namizəd kimi prezident seçkilərində gücünü sınamayan, ancaq həmişə prezidentliyə potensial iddiaçılar sırasında adları çəkilən liderlər olublar. Rəsul Quliyevin müxalifət düşərgəsinə keçidi 1998-ci ildən 2005-ci ilədək bu düşərgənin mövqeyini inanılmaz dərəcədə gücləndirdiyi kimi, Əli Kərimlinin də mübarizliyi 2005-ci ildən sonra ölkə daxilində tamamilə sıradan çıxmaq təhlükəsiylə üzləşmiş müxalifətin ayaqda qalmasını təmin edib. Rəsul Quliyevə Azərbaycanda hakimiyyəti içdən parçalayacaq, kritik məqamda “Heydər Əliyev qvardiyası”nı və ən böyük seçici kütləsini öz arxasınca çəkə biləcək yeganə güc kimi yanaşılıbsa, Əli Kərimliyə də hakimiyyətə qarşı sərt, barışmaz mövqeyi ilə seçilən təbəqəni, xüsusən də AXC bazasını yenidən öz ətrafında toparlayacaq fiqur olaraq baxılıb. Hər ikisini hakimiyyət ələ alına bilməyəcək, onun oyununa gəlməyəcək real təhlükə kimi görür – birinin ölkəyə dönüşünə imkan verilmir, birinin ölkədən gedişinə. Biri təcrübəyə - müdrikliyə çıxışdır, biri gəncliyə - enerjiyə. Biri hakimiyyətdə ola-ola demokratik idarəçiliyi ilə seçilb və elə bu baxışlarına görə də postundan imtina edib, o biri müxalifətin ən gənc və perspektivli cinahı kimi hakimiyyətə demokratik rəng vermək məqsədiylə təklif edilən əməkdaşlıq imkanlarından... Hər ikisi Qərb xəttində ardıcıl və məqsədyönlüdür, hər ikisi Qərbdə həqiqi demokratlar kimi qəbul edilir...

Digər iddiaçılara gəldikdə isə, cəmiyyət onların imkanlarını yetərincə sınaqdan keçirib və özləri də reallıqda hansı gücə sahib olduqlarını yaxşı bilirlər – istər İsa Qəmbər, Lalə Şövkət Hacıyeva, Etibar Məmmədov, İlyas İsmayılov, Sabir Rüstəmxanlı olsun, istərsə də İqbal Ağazadə, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Qulamhüseyn Əlibəyli...

Bir sözlə, indi alternativ axtarışında olan Azərbaycan cəmiyyətinə onu yenidən riskə və mücərrəd gələcəyə yox, həqiqi uğura aparacaq siyasi gücün arxasında toparlanmaq siqnalı verilməlidir ki, Rəsul Quliyev-Əli Kərimli ittifaqının qurulması belə qüvvənin formalaşmasında ən yaxşı fundament rolunu oynaya bilər...