Rəsul Quliyev nə etmək istəyir? - Analiz

resul-quliyev-ne-etmek-isteyir-analiz
Oxunma sayı: 712

Amerikada mühacirət həyatı yaşayan sabiq spiker və Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev dekabrın 2-də Azərbaycan xalqına videomüraciət edib. Eks-spiker öz müraciətində bütün xalqı mübarizəyə dəvət edib.

Rəsul Quliyev videomüraciətində təklif edərək bildirib ki, şərti ad olaraq Müqavimət Hərəkatı yaratmaq lazımdır və siyasi mübarizənin yeni formalarını tətbiq etməklə nəticə əldə etmək gərəkir.

Eks-spiker müraciətində xüsusi olaraq vurğulayır: «Elə bir Müqavimət Hərəkatı yaratmalıyıq ki, hakimiyyət apardığımız mübarizənin qarşısında duruş gətirə bilməsin. Əsas hədəf bu hakimiyyətin getməsini təmin edib, Azərbaycanda azad və demokratik ölkə qurmaqdır».

Rəsul Quliyevin verdiyi bəyanatlar və yayımladığı video çarxdakı fikirləri isə bəzi mətbuat orqanlarında ya bilərəkdən ya da sırf diqqətsizlik ucbatından təhrif olunub. O əslində heç də verdiyi açıqlamalarla Milli Müqavimət Hərəkatını yaratması barədə bəyanat vermir, sadacə ACP lideri Azərbaycanı demokratik düşərgə ətrafında birləşərək vahid Milli Müqavimət Hərəkatı (ad şərti olaraq səslənib) yaratmağı təklif edir.

Biz isə redaksiya olaraq Rəsul Quliyevin birdən birə-belə aktivləşib çağırışlar etməsinin səbəblərini və etdiyi videomüraciəti araşdırdıq.

Müəyyən etdik ki, eks spiker 2006-cı ildən 2011-ə qədər passiv mövqedə dayanıb. Vaxtilə aktiv siyasət sərgiləyən, çıxışları ilə iqtidarı sirkələyən Rəsul Quliyevin belə “yox olmasının” səbəbləri də obyektiv və subyektiv səbəblərlə bağlıdır.

Birincisi, bu müddət ərzində Azərbaycanda demokratik dəyişikliklərin baş vermə ehtimalı çox az olması, ikincisi isə qərbin Azərbaycanda demokratikləşmə ilə bağlı xüsusi bir qərarının olmaması. Hazırda isə məsələ fərqlidir. Rəsul Quliyevin Qərbdə yaşadığını, onun müəyyən Qərb siyasi dairələrilə isti münasibətlərə malik olmasını və kifayət qədər informasiyaya malik olmasını, həm də müəyyən beyin mərkəzlərinin Rəsul Quliyevlə Azərbaycanın demokratikləşməsi uğrunda apara biləcəkləri diskusiyaları nəzərə alsaq, eks spiker Rəsul Quliyevin aktiv siyasi fəaliyyətə keçməsinin səbəblərini çox aydın görmüş olarıq.

Rəsul Quliyevin Avropa və ABŞ-da ən yüksək siyasi dairələrlə xüsusi əlaqələrinin mövcud olması isə dəfələrcə qərb mətbuatında qeyd edilib. Bu isə bizim söylədiklərimizə sübutdur.

Siyasi ekspertlərimizlə apardığımız araşdırmadan məlum olur ki, ACP lideri hazırda siyasi arenaya çıxmaqla ölkədəki demokratikləşmə prosesinin aktivləşməsinə çalışır. Ekspertlər hesab edir ki, qərb onun bu addımını alqışlamaqla yanaşı, Azərbaycanı itkisiz demokratikləşdirməkdən ötrü siyasi texnologiya işlətməkdədir.

Düşünmək olar ki, Rəsul Quliyevin Azərbaycan hakimiyyətinin yuxarı eşelonlarında təmsil olunan bir çox məmurlarla vaxtilə yaxın münasibətləri olub və bu münasibətlərin yenidən bərpa olunması istisna deyil. Belə əlaqələrin yenidən bərpa olunması ölkədə hakimiyyətin dəyişəcəyi təqdirdə siyasi toqquşmalardan fəsadsız ötüşməni təmin edəcək əsas şərtlərdən biri kimi nəzərə alına bilər ki, bu da Rəsul Quliyevin Qərbdən yetərincə dəstək almasını təmin edə bilər.

Əlavə olaraq Rəsul Quliyevin hakimiyyətlə bağlı maddi marağının olmaması və kifayət qədər yaşlı olması da Qərbə sərf edir. Belə ki, onun hakimiyyətə gəlişi ölkədə korrupsiyanın qarşısını ala bilər və həmçinin yaşlı olması isə ölkədə yenidən avtoritar rejimin yaranmasının qarşısını alacaq.

ACP lideri hakimiyyətdəkilərin psixologiyasını kifayət qədər bilməsi də bu məsələdə əsas rol oynayır. Beləliklə rahat qələbə əldə etmək üçün ən optimal variant kimi görünən Rəsul Quliyevə 2013-cü ildə Qərbdən güclü dəstək gözləniləndir. Hakimiyyət daxilində olan Naxçıvan qruplaşmasının da Qərbin ACP liderinə ciddi dəstək verəcəyi halda Rəsul Quliyev ətrafına birləşəcəyi güman edilən amildir.

Müəyyən siyasi-ekspertlər isə 2013-cü ilədək Rəsul Quliyevin Azərbaycanda görünməmiş dəstək alacağına da şübhə etmirlər. Bəzi etibarlı mənbələrin verdiyi məlumatlar da bunu sübut edir. Belə ki, əldə etdiyimiz özəl məlumatlara görə, ilkin olaraq ACP liderinin ətrafına əksər ziyalılar, QHT-lər, ölkənin çox böyük nüfuzlu gəncləri, müəyyən partiyalar, medialar, gənclər təşkilatları və bir çox görkəmli şəxslərin toplaşacağı gözlənilir. Sadalanan statusda olan və Rəsul Quliyevin ətrafında birləşəcəyi gözlənilən insanların adları bizə məlum olsa da biz prosesləri qabaqlamamaq naminə onların adlarını yazmırıq və onlarında KİV-lərdə tutduğu hazırkı, mövqeyi bizim məlumatların yanlış olmadığını deməyimizə əsas verir.

Bia.az Araşdırma Mərkəzi