Rəsul Quliyevin kitabı Azərbaycan dilində nəşr edildi

resul-quliyevin-kitabi-azerbaycan-dilinde-nesr-edildi-
Oxunma sayı: 708

“Qafqazinfo”nun məlumatına görə, kitabda ana xətt bugünkü Qarabağ probleminin yaranmasına gətirib çıxaran yolun ətraflı öyrənilməsi olsa da, Rəsul Quliyev, demək olar ki, təxminən, 250 ilə yaxın müddətdə Azərbaycanla bağlı dünya siyasətində baş vermiş ən mühüm hadisələri qeydə alaraq analiz edib, həm ayrı-ayrı rəhbərlərin, həm də bir xalq kimi özümüzün fəaliyyətini təhlil edib.

Kitabda Azərbaycan tarixinin indiyədək ictimaiyyətdən gizli saxlanan məqamları işıqlandırılıb, eyni zamanda Dağlıq Qarabağ probleminin yaranmasının gerçək səbəbləri üzə çıxarılıb. Xüsusən də Azərbaycanda baş verən hadisələr dünya çapında gedən proseslərin tərkib hissəsi olaraq təhlil edilib, oxucuya, əslində, bu gün nələrin baş verdiyini aydınlaşdırmaq üçün aydın bir tablo cızılıb.

Kitabda Böyük Britaniya, Fransa, Rusiya, Osmanlı və İran imperiyalarının, daha sonralar isə ABŞ, SSRİ, Almaniya, Çin kimi dövlətlərin yürütdükləri siyasətin mahiyyəti, onların Qafqaz, o cümlədən Azərbaycanla bağlı tarixi planları tam açılıb.

Kitabda həmçinin ermənilərin Azərbaycan ərazisinə nə vaxt, nə qədər, nə məqsədlə və haradan köçürüldükləri, hansı dövrdə saylarının yerli əhalinin neçə faizini təşkil etdikləri, xüsusən Rusiyanın və Qərbin Qafqaz siyasətində nə kimi rol oynadıqları, ermənilərin milli xarakteri, əsas məşğuliyyətləri və s. haqda da kifayət qədər maraqlı məlumatlar öz əksini tapıb.

Bu gündən etibarən, kitabı artıq Bakının kitab mağazalarından əldə etmək olacaq.