Rəsul Quliyevin tərəfdarları inqilabdan danışdılar - Fotolar

resul-quliyevin-terefdarlari-inqilabdan-danisdilar-fotolar
Oxunma sayı: 674

“Qafqazinfo”nun məlumatına görə, Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında baş tutan konfransda ilk olaraq toplantının gündəliyi açıqlanıb. Daha sonra çıxış edən partiya sədri Vaqif Mahmudov hazırkı ictimai-siyasi vəziyyət barədə fikirlərini bildirib: “İndiki ictimai-siyasi vəziyyət 5 il, 10 il əvvəlkindən fərqlənmir. Eləcə də 5 il, 10 il sonra da fərqlənməyəcək. Hazırkı iqtisadi sistem kapital toplanması uğrunda mübarizəyə girişə bənzəyir”. İctimai vəziyyətdən danışarkən isə Vaqif Mahmudov bildirib ki, hazırda insanlar özlərini öz ölkələrindəki kimi hiss etmirlər: “Bu vəziyyəti dəyişmək lazımdır. Bunun yeganə yolu isə seçkilərdir. Azad və demokratik seçkilər yolu ilə bu dəyişikliyə nail olmaq olar”.

Ərəb ölkələrində baş verən inqilablara da toxunan partiya sədri qeyd edib ki, bu inqilablar özü ilə katakalizmlər də gətirə bilər: “İnqilabların nəticəsində hər şey gözlənildiyi kimi baş verməyə də bilər. Eyni zamanda bəzi fikirlər səslənir ki, bu inqilablar ərəb xalqlarının öz istəyi ilə deyil, qərbin istəyi ilə baş verib. Düşünürəm ki, bu, ərəb xalqlarının öz istəyi ilə baş verib və qərb, Avropa həmişə demokratik dəyişikliklərə dəstək verib”.

Daha sonra Açıq Cəmiyyət Partiyasının sədr müavini Musa Qədimov çıxış edib. O, çıxışında seçki prosesinə diqqəti çəkib və bildirib ki, ilbəil saxtakarlıq daha yeni forma alır: “Hər il seçkiləri saxtalaşdırmanın yeni üsullarını fikirləşirlər. Artıq insanların seçkiyə inamı azaldığından onlar seçkidə aktivlik göstərmir. Bu da seçkiləri saxtalaşdırmağı asanlaşdırır”.

AÇP Ali Məclisinin sədri Dayandur Qəmbərli isə çıxışında Müqavimət Hərəkatından danışıb və bildirib ki, bu hərəkat problemlərə qarşı yaradılıb: “Bu hərəkat zorakılıq, saxtakarlıq, rüşvət, korrupsiya və s. bu kimi çatışmazlıqlara qarşı müqavimət məqsədilə yaradılıb. Bu hərəkatda partiyalılıq yoxdur”.

Daha sonra partiya gənclərinin adından Gündüz Əhmədov çıxış edib və bildirib ki, hazırda kimin prezident olmasından daha çox demokratik mühitin yaranmasıdır: “Hazırda bizim üçün fərqi olmamalıdır ki, kim prezidentdir, önəmli olan demokratik mühitin formalaşmasıdır”.

Sonda partiyanın Müqavimət Hərəkatına qoşulması və onun təşkilində fəal iştirak etməsi haqqında yekdilliklə qərar qəbul olunub.

Fatimə Kərimli