Britaniyalı alimin məşhur əsəri Azərbaycan dilində

britaniyali-alimin-meshur-eseri-azerbaycan-dilinde
Oxunma sayı: 1094

Məşhur britaniyalı alim, tanınmış dinlər tarixçisi, ilahiyyatçı və filosof Karen Armstronqun ona dünya şöhrəti qazandıran əsərlərindən biri ilk dəfə olaraq Azərbaycanda dilində nəşr olunub.

“Qafqazinfo” xəbər verir ki, TEAS Press Nəşriyyat evi tərəfindən tərcümə edilərək nəfis tərtibatda çap olunmuş “Mifin qısa tarixi” kitabında miflərin paleolit dövründən müasir dövrə qədər məruz qaldığı dəyişikliklər tədqiq edilir.

“İnsanlar həmişə miflər yaradıblar” deyən müəllif insanların miflərə həmişə ehtiyac duyduğunu, ancaq əkinçilik, ovçuluq və şəhərsalma kimi böyük dəyişikliklər zamanı mifləri gözdən keçirib yenidən şərh etdiklərini göstərir.

“Miflərə hazırkı yadlaşmamızın tarixdə analoqunun olmadığını” düşünən Karen Armstronq “mythos” ilə “logos”un düşmən qütblərə ayrılması nəticəsində XX əsrin dağıdıcı miflərinə meydan verildiyini yazır. Mifin bir sənət növü olduğunu vurğulayan müəllif dünyanı şər miflərdən qorumaq üçün sənət adamlarının gətirəcəyi təzə nəfəsə ehtiyacın olduğunu qeyd edir.

Bu əsər mifik təfəkkürün tarixi inkişafının xülasəsi olmaqla bərabər, “logos” və “mythos” tərəfdarlarının antaqonist münasibətləri bir kənara atıb qarşılıqlı anlaşma zəminində dialoq qurması istiqamətində təşəbbüs də sayıla bilər.

Kitab 7 bölümdən ibarətdir. Oxucular bu əsərdə “mif nədir”; “paleolit dövründə ovçuların, neolit dövründə əkinçilərin mifologiyası necə olub”; “ilk sivilizasiyalarda mifik dünyagörüşü nədən ibarət idi”, “Böyük Qərb transformasiyası nə deməkdir” və s. bu kimi suallara tarixi-fəlsəfi aspektlərdən əsaslandırılmış cavablar tapa biləcəklər.

Müəllifin çoxillik araşdırmalarının məhsulu olan kitab tarixçi-alimlər, dinşünaslar, sosioloq və filosoflar, habelə dinlərin tarixi ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulub.