Britaniyalı deputat “Brexit”ə görə doğumu təxirə saldı

britaniyali-deputat-brexite-gore-dogumu-texire-saldi
Oxunma sayı: 747

Britaniya parlamentinin Leyboristlər partiyasından olan deputatı Tulip Siddik “Brexit” səsverməsi üçün doğumu təxirə salıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ağır hamiləlik keçirən Siddik həkimlərin rəyi ilə uşağını yanvarın 14 və ya 15-i keysəriyyə yolu ilə dünyaya gətirməyi planlaşdırmışdı. Lakin deputat həkimlərdən uşağın doğumunu yanvarın 17-nə kimi təxirə salmağı xahiş edib və həkimlər onun xahişini yerinə yetiriblər. 

Qeyd edək ki, parlamentari “Brexit” əleyhinə səs vermək niyyətindədir. 

“Brexit”in şərtləri ilə bağlı səsvermə bu gün Britaniya parlamentində baş tutacaq. Bu səsvermədən nəinki “Brexit”in, həmçinin ölkənin taleyi həll olunacaq. Bəzi versiyalara görə, əgər razılaşma təsdiqlənməsə, Avropa İttifaqından heç bir razılaşma əldə olunmadan da çıxıla bilər. Bu isə Birləşmiş Krallıq üçün faciə ilə nəticələnər. Digər versiyaya görə, yeni referendum keçirilməsi zərurəti yarana bilər. 

Razılaşmanın əldə olunmaması ehtimalı isə daha yüksəkdir. Belə ki, ilkin hesablamaya görə, saziş leyhinə 200, əleyhinə isə 400 parlamentari səs verəcək.