Rizvanın toyunda dediyim sağlıq

rizvanin-toyunda-dediyim-sagliq
Oxunma sayı: 12893

İndi siz təsəvvür eləyin, əsgərliyə təzəcə getmiş, isti-soyuqda bərkiməmiş bir əsgərin əlinə silah verib avtomat məsafəsinə buraxırlar. Rizvan söyləyirdi ki, hərdən erməni əsgərləri ilə bir-birimizi ucadan səsləyəndə rahat danışa bilirdik. Biz onları “vazgen”, onlar isə bizi “molla” deyə çağırırdı. Deyir, bir dəfə erməni əsgəri bizdən soruşdu ki, a molla, sizdə də təkcə kasıbların uşaqları “slujit” eləyir? Dedik, hə!

Rizvan məni toyuna dəvət eləyəndə xahiş eləmişdi ki, məclisdə bir sağlıq, bir dənə də şeir deyim. Mən də “baş üstə!” deyib, razılaşmışdım.

Sabah tezdən rayon mərkəzində dostlarla işimiz olduğundan toya lap axşam çatdıq. Biz gələndə artıq yeyib-içmək yığışdırılmışdı, yalnız musiqiçilər çalır, camaat oynayırdı. Araq içmək yarışlarında həmişə irəli verdiyimiz, məndən iki yaş böyük, uşaqlıq dostumuz Natiqə dedim, gəlin, evin arxasındakı ətrafına qarğıdalı şaxı dikəldilmiş heyva ağacının arxasına keçək. Az keçməmiş uşaqların çevikliyi ilə qarşımızda ayaqları qara torpağa batmış balaca stol, köz üstündə isti qalan iri qazanların dibindən gəlmiş bir boşqab soyutma ət, qırmızı kələm turşusu, dilimlənmiş iri turşməzə heyva və iki butulka tut arağı peyda oldu. Çoxdandı üzünü görmədiyim uşaqlıq dostlarımla badələri toqquşdururduq. Bəy hərdən yumşaq, bərəkətli torpağa bata-bata dalımızca gəlib bizi mağara tələsdirirdi.
Nəhayət, qarğıdalı şaxının arxasından çıxıb mağara gəldik. Bəyin fövqəladə göstərişilə müvəqqəti olaraq oyun havaları dayandırıldı və tamadalıq eləyən ustad aşıq Çopur Ələsgərin oğlu, dostum-qardaşım Kamandar məni söz deməyə çağırdı.

Bəylə gəlinə xoşbəxtlik arzulayandan sonra dedim ki, bizim kənddə bir adət var, yeyib-içməyə bəhanə olmayanda evlənmək istəməyənlərdən birini tutub zorla evləndiririk, bu dəfə əlimizə Rizvan keçib. Xeyli gülüşdük. Sonra bəyə söz verdiyim kimi bir yox, üç şeir dedim. Arxasınca, ərlə arvadın münasibəti haqda belə bir şey danışdım.

Dedim, bir də görürsən, biri evlənib, təzə ailədi, kişilənib bir dostunu evinə dəvət eləyir. Gəlirlər evə. Sözsüz ki, həyat yoldaşı xoşgəldin eləyib, başlanğıc üçün, ən azı, çay gətirməlidi. Otururlar, ev sahibi deyir, hələ bir çay içək, sonra görək neyləyirik. Xeyli gözləyirlər, görür ki, arvaddan heç səs-soraq gəlmir. Axırda məcbur olub özü dillənir: “Nooldu sənin çayın?” Yoldaşından yenə bir səs çıxmır. Qonağın alındığını görüb deyir, narahat olma, yəqin hazır çayı yoxdu, indi qaynayar.”
Pərtliyi aradan qaldırmaq üçün biraz vaxt öldürmək lazımdı, ancaq necə? Aha, yolunu tapır, sevinmiş dostuna deyir: “Gə, bir dənə nərd ataq, görüm, heç öyrənibsənmi...” Dostu da görür, vəziyyət o qədər də xoşagələn deyil, deyir, bəlkə gedib çayxanada ataq, burda narahatçılıq olmasın. Dəvət eləyən dost incik halda deyir, a kişi, evə gəlmişik, çayxana nədi, ikidən-birdən sən bizə gələnsənmi? Otur, mən ölüm!

Nə isə, ortaya nərd gəlir, başlayırlar oynamağa. Ev sahibi daşları daha zərblə vurub arvadına eşitdirmək istəyir ki, yəni artıq hirslənmişəm, çay məsələsini həll elə. Həə, oyun bitir, ancaq çaydan hələ bir soraq yoxdu. Ev yiyəsi özünə sığışdırıb həyat yoldaşı olan tərəfə keçmək istəmir. Onda bu, qonağa zorla çay gətirtdirmək sayılardı. Əlacsız qalan ev yiyəsi təzə bir dənə də çıxış yolu tapır: “Bir tas ataq də!” Onu pis vəziyyətdə qoymamaq üçün dostu razılaşır. İkinci oyunun ortasında səbri daşan ev yiyəsi arvadı tərəfə qışqırır: “Aaz, sən orda daşmı qaynadırsan?!”
Aha! Yan otaqdan qadın səsi gəlir: “Çay içmək istəyirsən, gəl özün süz, apar!” Eşitdiyi sözdən hirs beyninə vuran ev sahibi əlindəki zəri cütləyib qəzəblə nərdin ortasına qoyur və...
Söhbətin bu yerində baxdım ki, mağarda hamı diqqətlə işin axırını gözləyir, görəsən, kişi nağayracaq? Mən süjeti əvvəlcədən düşünməmişdim, söhbət əsnasında beynimdə sürətlə quraşdırıb bədahətən danışırdım. İstədim əhvalatın bu yerində ev yiyəsi içəri girib arvadı möhkəm döysün. Sonra fikirləşdim, əşi, bu toydu, təzə ailə qurulur, qoy, bunu davasız ötürüm. Burda mən o arvadı döydürsəm, Rizvan elə bilər ona da arvadı döyməyi tövsiyə eləyirəm. Ona görə burdan beləsini belə danışdım, dedim, ev sahibi zəri nərdin ortasına zərbnən qoyub hirslə ayağa duraraq arvadı tərəfə cummaq istəyəndə dostu qarşısına keçib onu birtəhər sakitləşdirir. Sonrası da məlumdu, onlar evdən çıxıb, yəqin, çayxanaya araq içməyə gedəcəklər. Sonra ev yiyəsi axşam evə dəm qayıdacaq...

Bəs mən bugünkü bəylə gəlinə nə arzulayıram? İstəyim odur ki, bu ailədə ər-arvad bir-birini baxışdan başa düşsün, bir-birinə qarşılıqlı hörmət eləsinlər. Həyatlarında bayaq söylədiyimə bənzər əhvalat olmasın...

Dostum Natiq düz mağarın ayaq tərəfində orta dirəyə söykənib dəm halda mənə qulaq asırdı. Mikrafonu tamadaya verib dostların yanına gələndə Natiq məndən incimiş halda: “Mənim əhvalatımı danışmamış bircə buramı qalmışdı?” dedi. Məni gülmək apardı. Sən demə, Natiq qulaq asdıqca özünü ev yiyəsinə o qədər oxşadıb ki, elə bilib ondan danışıram...