Roman yazmaq əziyyəti

roman-yazmaq-eziyyeti
Oxunma sayı: 1372


Yazını yazmaqda məqsədim başqadır. Romanın dili çox dinamikdir. Bir nəfəsə oxunur. Aqil müəllim “və” bağlayıcılarından ifrat dərəcədə çox istifadə edib. Romanda pafoslu dialoqlar çoxdur. Aqil müəllim ordunun problemlərindən xəbərdar olsa da romandan hiss olunur ki, əsgər ritorikasından xəbərsizdir. Azərbaycan ordusunda 4 il 6 ay xidmət etmiş adam kimi romandakı pafoslu dialoqları oxuyanda, məni gülmək tuturdu. Əlbəttə, Aqil müəlimi başa düşmək olar. O, eşidib ki, zabitlər əsgərləri müxtəlif vasitələrlə incidib kontur pulu qopardırlar. Amma, Aqil müəllim kontur pulunun necə, hansı yolla verilməsindən xəbərsizdir. Əgər gecə qəflətən zəng edib ondan kontur pulu istəsəydilər yəqin ki, Aqil müəllim romanda o cür pafoslu dialoqlar, monoloqlar, vətənpərvərlik naxışlarıyla zəngin çıxışlar yazmazdı. Bədii ədəbiyyat şərtiliksiz mövcud ola bilməz. Əsərdə şərtilik mütləq olmalıdır. Xüsusən əsər əgər üçüncü şəxsin dilindən yazılırsa, şərtilik qaçınılmazdır. Əfsuslar olsun ki, bizim bir çox yazarlar şərtiliklə süniliyin, saxtalığın yerini səhv salırlar. Roman çox asanlıqla oxunsa da əksər yerlərdə mənə süni göründü. Azərbaycan ordusunun problemləri mənə, ümumiyyətlə orduda xidmət edən hər bir kəsə yaxşı məlumdur. Yəni, özü orduda xidmət edən, yaxınları orduda xidmət edən adamlara romandakı pafoslu çıxışlar gülməli görünəcək. Nə bilim, bəlkə bəzi adamlar həmin süni, pafoslu cümlələrdən həzz ala bilərlər. Necə ki, Aqil Abbasa yarınmaq istəyənlər roman haqda xoş sözlər yazmaq üçün artıq yarışa giriblər. Bəlkə də elə onlardan hansısa Aqil müəllimin vasitəsi ilə ordudakı övladının, yaxınının hansısa problemini həll etmək istəyir. Bizim hərbi hissədə bir zabit var idi. Rus ordusunda xidmət etmişdi. Həmişə deyərdi: “Nizamnamə erotik kitab deyil, amma orda cinsi əlaqə haqqında çox şey yazılıb” .

XXX

Elnur Astanbəyli “Azadlıq” qəzetində Aqil Abbasın “Allahı qatil edənlər” romanı haqda yazmışdı: “Özümə söz vermişəm ki, bu hakimiyyətə yarınan adamlar nədən yazırlar yazsınlar, onların cızmaqaralaranı oxumayacağam”. Elnur bəy haqlıdır. Məsələn, “Allahı qatil edənlər” romanı haqda ilk məqalə yazanlardan biri Yunus Oğuz oldu. Tanrıya şükür, Yunus Oğuzu ölkədə tanımayan adam yoxdur. Bu da bizi Yunus Oğuzu bir obraz kimi tanımaq əziyyətindən xilas edir. Aqil Abbas millət vəkilidr. Elnur əgər hakimiyyətə yarınan adamların əsərlərini oxumayacağına söz veribsə, öz işidir. Mənim mövqeyim başqadır. Biz oxuyub fikir bildirməliyik. “Azərbaycan” juirnalını heç Yazıçılar Birliyinin üzvləri oxumurlar. Aqil Abbas ordu haqqında əziyyət çəkib roman yazınca Milli Məclisdə ordu haqqında danışsaydı daha yaxşı olardı. Bizə bu dəqiqə yaxşı yazıçıdan daha çox, yaxşı millət vəkili lazımdır. Məsələn, Qənirə Paşayeva adlı millət vəkili var. Azərbaycan qadınlarının uğur ilahəsinə çevrilibdir. Ölkədə minlərlə qadın özünü qənirə Paşayevaya bənzətmək istəyir. Tomris, Nigar, Həcər və Qənirə Paşayeva... təxminən belə bir vəziyyət. Həmin bu Qənirə Paşayeva ildə 5 kitab yazır. Nobelli qadınlar haqda kitab yazmışdı. Halbuki, Qənirə xanım Tovuz aşıqları haqda kitab yazsaydı daha səmimi və daha inandırıcı görünərdi. Ət yeyən quş dimdiyindən tanınar. Qənirə xanımın sifətinə baxan kimi aydın olur ki, o, nobelli qadınlardan yox, Tovuz aşıqlarından, qoşmadan, bayatıdan, dastandan, dodaqdəyməzdən kitab yazmalıdır... Bəli, bizim Milli Məclis belə deputatlarla zəngindir. Onlar reallıqdan qaçmaq üçün incəsənətin müxtəlif sahələrində çalışmaq məcburiyyətindədirlər. Biri mahnı yazır, biri roman yazır, biri xalça toxuyur, biri yeni milli naxışlar icad edir...

Mövzudan uzaqlaşmayaq. Bir müddət əvvəl Azərbaycan ordusunun bir əsgəri sifəti çürüyərək öldü. Çox ürəkağrıdan bir mənzərə idi. Mən Aqil Abbası bu mövzuda danışan görmədim. Milli Məclisdə sifəti çürüyüb ölən əsgər haqqında danışmayan adam niyə bu boyda əziyyət çəkib roman yazır, bunu başa düşə bilmirəm. Ordu haqda roman yazmaq əvəzinə Milli Məclisdə üç dəqiqə sifəti çürüyüb ölən əsgər haqda danışsaydı daha yaxşı olardı. Yuxarıda qeyd etdiyim kimi, bizə indi yaxşı yazıçıdan daha çox, yaxşı deputat lazımdır.