Rövnəq Abdullayevə qarşı üsyan başladı - Fotolar

rovneq-abdullayeve-qarsi-usyan-basladi-fotolar
Oxunma sayı: 712

Bakı şəhəri Xətai rayonu Elektrotok qəsəbəsinin Kazımağa Kərimov küçəsinin sakinləri evlərinin sökülməsinə etiraz edirlər. “Qafqazinfo”nun məlumatına görə, “Azərneftyağ” NEZ qanunsuz tikililərdən çıxarılma və tikililərin sökülməsinə dair sakinləri məhkəməyə verib. Xətai rayon məhkəməsi 4-cü dəfədir ki, evlərin sökülməsi barədə sakinlərə məktub ünvanlayıb. Sakinlər isə evlərin sənədləşməsini və hər kəsə kompensasiya ödənmənilsini istəyirlər. Onların sözlərinə görə, təxminən 10-15 il burda yaşayırlar və indiyədək işıq, qaz və digər kommunikasiya xərclərini ödəyiblər. Bu ərazidə qeydiyyatda olmasalar da, hətta seçki məntəqqəsində gedib səs verdiklərini, məhkəmənin də məhz hər bir ailə üzvünün adına məktub göndərdiyini söyləyiblər.

Sakin Usubova Könül deyib ki, onun bacısının evinin kupçası olsa da onlara da məhkəmə tərəfindən məktub gəlib, lakin kupça olduğu üçün məhkəmə onlara kompensasiya ödəniləcəyini bildirib. Onun sözlərinə görə, bu ərazidə 90 faiz evlərin kupçası olmasa da, JEK-dən hər kəsə texpasport verilib. Usubova, eləcə də digər sakinlər hər kəsin evinin sənədləşməsini və burada yaşayan bütün ailələrə kompensasiya ödənməsini istəyir.
Sakin Əmirov Vüqar bildirib ki, özü şəxsən məhkəmədə iki dəfə iştirak etsə də, iddiaçı tərəf “Azərneftyağ” NEZ gəlmədiyi üçün məhkəmə təxirə salınıb. O, məhkəmənin hər dəfə cəmi 8-10 dəqiqə çəkdiyini bildirib.

Digər sakin keçmiş polis işçisi Abdullayev Rasim bu küçədən sotu 3000 min dollara torpaq sahəsi aldığını söyləyib: “Kimdən almışam, özbaşına tikə bilmərəm ki? 8 daş qadıran kimi Xətai rayon icra aparatı və 60 nömrəli JEK gəlib o evi 3 dəfə söküb. Üstəgəl Neft şirkətinin mühafizə xidmətinin rəisi Zöhrab və Ceyhun müəllim iki dəfə təzyiq göstəriblər. Mən özüm o vaxt polis əməkdaşı idim. Məni maşına basıb aparmaq istəyirdilər. Amma onu edə bilməzdilər. Çünki qanunsuz bir iş idi. Polis əməkdaşına qarşı o cür təzyiq edə bilməzlər. 3 dəfə evimi söküblər. 7000 manat SOCAR mühafizə xidmətinin rəhbərliyinə, 7000 manat da icra aparatına vermişəm, sonra sənəd veriblər. Bu, göy möhürlü hüquqi sənəd sayılır. Orda ailə üzvlərimin adı, soyadı yazılıb. Bu gün isə bizi məhkəməyə veriblər ki, bu yer onlara məxsusdur. Onda belə çıxır ki, mən Azərbaycan vətəndaşlığından imtina edim? Cənab prezidentə və Mehriban xanıma məktub yazım?”.

Sakinlər bu ərazilərin daim nəzarətdə olduğunu və bir balaca tikinti aparan kimi dərhal JEK və Xətai rayon icra aparatının işçilərinin bura gəldiyini söyləyiblər. 10-15 il əvvəl tikinti aparanda icra aparatının bundan xəbərdar olduğunu deyiblər: “Onda niyə gəlib heç nə demirdilər. Onda qanuni idi, indi qanunsuz? Prezident İlham Əliyev əmr verib ki, bütün tikililər sənədləşsin. Daha deməyib ki, tikililəri sökün. Bizə kompensasiya ödənməsini istəyirik”.

“Azərneftyağ” NEZ zavodun bu ərazidən müxtəlif boru kəmərləri keçdiyi üçün bu evlərin sökülməsinin vacibliyini iddia edir. Sakinlər isə buradan heç bir xəttin, heç kommunikasiya xəttinin belə olmadığını söyləyiblər. Bəzi sakinlər hətta Neft şirkətinin rəhbəri Rövnəq Abdullayev və Neft şirkətinin mühafizə xidmətinin rəisinin də bu küçədə villasının olduğunu deyib.

Nərgiz