Röyanın ikinci əri

royanin-ikinci-eri-
Oxunma sayı: 925

Falçı da təsbehini çevirib: “gədə qayıtsa üç, qayıtmasa Allah kərimdir, ümidini üzmə” – demişdi. Qonum-qonşudakı arvadağız kişilər və quşbeyin zənənlərdən təşkil olunan koalisiya üzvləri tez-tez mənə tənə vururdular ki, yumurtadan dünən çıxıb iki cüt bir tək kitab oxumusan, səfeh-səfeh cükküldəmə, maymağın, lap elə ağzımvayın yekəsi sən özünsən. Belə şiddətli töhmətlərdən sonra səsimi içimə qısıb dillənmirdim. Sonra öyrəndim ki, qonşularım bio-enerji ilə müalicə edən hansısa həkimin yanına dadanıblar. Nə isə, sözümün qəmbərqulusu ayrıdı, biraz uzunçuluq elədim, üzrlü sayın. Mənim başıma bir iş gəldi ki, qonum-qonşu yanımda toya getməli oldu. Atalar demiş, cücəni payızda sayarlar.

Keçən ay mənə ərki çatan qədim dostlardan biri zəng vurub kömək istədi. Uşaq vaxtı axmağın biri idi, məni də qoşmuşdu özünə. Məsələn, örüşdə qoyun otaranda kök qoyunları eşşək əvəzi minirdik, toyuq hinlərindən yumurta oğurlayırdıq, məktəbimizə təzə gələn cavan müəlliməni şərikinə sevirdik – Birinci-üçüncü-beşinci günlər dostum, ikinci-dördüncü-altıncı günlər mən. Bazar günü müəlliməyə olan məhəbbətimiz istirahətə çıxırdı. Dostum dedi ki, ev tikirəm, birgünlük köməyin lazımdı. Getdim. Axşamacan fəhləçilik edib köhnə xatirələri çözələdik. Səhər yuxudan qalxanda gözüm-başım şişmişdi. Dostum çörək almaq üçün mağazaya üz tutdu. Bu vaxt qapının döyülməyi ilə taybatay açılmağı bir oldu. Cavan bir oğlan diqqətlə üzümə baxırdı.
- Əmioğlu, sənin böyrəklərində problem var.
- Hardan bilirsən?
- Məndən şübhələnmə. Mən imam nəslindənəm. Keç, keç evə səni müalicə edəcəm.
Qaçaq-quldur olduğunu fikirləşib əvvəl onu evə buraxmaq istəmədim. Hiss elədi.
- Mən xəstə adamlara şəfa gətirirəm, taleyi üzünə gülməyən ailələrə barışdırıram.
- Başqa nə bacarırsan?
- İnstituta imtahan verən uşaqların yolun açıram.Müəllimlərə cadu eləyirəm ki, köçürməyə icazə versinlər.
- Balları hesablayan maşının dilini-ağzını bağlamırsan?
- Sənin böyrəklərin xəstədir - məzələndiyimi bilib söhbəti dəyişdi - Gözünün altı şişib, qardaşım!
Məni gülmək tutdu.
- Otur, otur. Ay sağ ol. Əllərini yanına sal ki, hüceyrələrin tərpənməsin. Böyrəklərində ağrı olan adamlar əsəbi olurlar, hirslərini gülməklə, əylənməklə çıxarırlar.
- Stolun üstündəki “Bonaqua” butulkasını götürüb stəkanı ağızınacan suyla doldurdu.
- Su yəqin dünəndən qalıb, bir az qazı çıxıb. Mən bəzi xəstələrimi qazlı “Bonaqua” ilə müalicə edirəm. Suyun qazı bədəndəki toksid maddələri zərərsizləşdirir, böyrəklərin süzmə aktivliyini artırır.
Gədənin məni debil yerinə qoyduğunu görəndə cin vurdu beynimə. Amma bir az səbirli olmaq lazım idi.
- Sən falçısan yoxsa həkim?
- Mənim bacarmadığım iş yoxdur, qardaşım. Bədənə girən yad enerjini çıxarıram. Qara qüvvələrlə döyüşürəm. İşə təzə başlamışam, ona görə tanınmıram. Bir azdan gedəcəm ATV-yə. “El içində” göstərəcəm ki, mən nəyə qadirəm. Yaxşı, çox danışdım. Gözünü yum görüm, yum, yum. Ay sağ ol!

Gözümü yumsam da, kirpiyimin arasından bu zırramanın nə elədiyini yaxşı görürdüm. Barmağını suya batırıb cırtma ilə üz-gözümə çiləyirdi. Sonra əlinin içini isladıb gicgahlarımı ovxalamağa başladı. Daha sonra böyrəklərimin üstündə əlini gəzdirdi.
- Tapdım, tapdım.
- Nəyi tapdın?
- Gələn ay sənin üzünə xoşbəxtlik güləcək. Həyatında belə uğuru heç vaxt qazanmayıbsan. Taleyin şansıdı, şansıııı... – Əllərini göyə qaldırıb sevincindən qışqırırdı.
- De, de görək nə olub?
- Yox, əvvəlcə sən mənə üç manat pul verməlisən ki, gedim yemək yeyim. Üç manat, üç manat. Bunun qarşısında nədir ki? Üç manat ver...
Əlimi cibimə atdım.
- Ay sağ ol! Kişi adamsan! Gedim yemək yeyim ki, enerjim artsın. Sonra sənə sürpriz xəbərlər deyəcəm.
- İndi de, indi...
- Deyim?
- Hə, de, de!
- Özünü hazırla! Həyəcanlanma! Sakitləş! Sən oktyabrda Röya ilə evlənəcəksən.
Oğlan həyət qapısına sarı götürüldü.
- Nə?
- Hə, həəəə. Bir toyda tanış olacaqsınız. O səni dəlicəsinə sevəcək.
- Hansı Röya, oxuyan?
- Yoo-oox, o sənin boğazında qalar. Qonşumuzda yaşayır. Altmış yaşı var.