Rus həkim azərbaycanlı körpəni öldürüb - Həkim qurbanları XVI

rus-hekim-azerbaycanli-korpeni-oldurub-hekim-qurbanlari-xvi-
Oxunma sayı: 4619

Həkim səhvinə hər insan, hər yerdə yaxalana bilər. Məsuliyyətsizlik, səhlənkarlığın qurbanı olmaq isə həmin səhvin ən ağır tərəfidir. Bu dəfəki qurban hələ dörd ayı tamam olmamış körpə olub.

Əliyevlər ailəsi illərdir Rusiyada yaşayırlar. Onların beş il imiş ki, övladları olmurmuş. Uzun sürən müalicə kurslarından sonra onların oğlan övladları dünyaya gəlib. Amma ailənin sevinci uzun çəkməyib. Günün birində Volqaqradda yerləşən xəstəxanalardan birinə aparılan körpə həkim müdaxiləsi nəticəsində ölüb.

Valideyinlər qətiyyətlə övladlarını itirdikləri xəstəxananın həkimlərini günahlandırırlar. Soydaşlarımız həkimlərin cəzalandırılması üçün Rusiyanın dövlət orqanlarına şikayət məktubu da ünvanlayıblar.
Övladını itirən ana baş verənləri danışıb: “Öğlumuz normal çəkidə (2, 95 kq) dünyaya gəlmişdi. Doğuşdan dərhal sonra müayinə olundu, vəziyyəti yaxşı idi. Qaydaya görə, ikinci aydan sonra diğər müayinələrinə aparmışıq, ultrasəs müayinəsi, qan analizlərinə kimi etdirmişdik. Tibbi kitabçasında da oğlumun səhəttində heç bir problemi olmadığı yazılıb. Doğulandan ana südü ilə qidalanıb. Bu il fevralın üçündə gecə vaxtı uşaq narahat oldu, qusmağa başladı. Biz heç nə fikirləşmədən Təcili Tibbi Yardım çağırdıq. Gələn həkim uşağın hərarətini yoxladı, hərarətinin 36, 7 dərəcə olduğunu müəyyən etdi. Həkimdən qusma üçün hər hansı dərmanın olduğunu soruşdum, o isə belə vasitənin olmadığını dedi. Sonralar öyrəndim ki, belə vasitələr (çerukal, reqidron) çox imiş. Təcili Yardım həkimi uşağın infeksion xəstəxanalardan birinə aparılmasını məsləhət gördü. Biz yaşadığımız Volqaqrad vilayətinin Kirov rayonuna, bizə yaxın xəstəxanaya getməyimizin mümkünlüyünü dedik. O, isə yaxında xəstəxana ola-ola, bizi evdən uzaqda yerləşən 16 saylı İnfeksion xəstəxanaya göndərdi. Tibb mənqtəqəsinə çatanda artıq gecə idi. Ora daxil olanda növbətçi həkimlər yatmışdı, elə onları oyatdığımız üçün bir az da bizlə kobud davrandılar. Oğlum maşında yolboyu demək olar ki rahat yatmışdı. Yelizaveta Çaykina adlı həkim gəldi. Həkim müayinə etsin deyə soyundurmaq istəyəndə oğlum yenidən oyanıb ağladı. Həkim hərarətini ölçdü. Hərarəti 36,7 dərəcə idi. O, əlavə müayinələr, ətraflı yoxlama aparmamış uşağın qarnının ağrıdığını dedi. Ardınca Kristina Travina adlı tibb bacısı oğluma analqin və papaverin qarışığından ibarət iynə vurdu. Bu dərman deyəsən, yüksək təzyiqə qarşı idi. Biz bu iynənin niyə vurulduğunu soruşanda, “gözləyin, indi düzələcək” cavabını aldıq. Bir az keçməmiş oğlumun vəziyyəti pisləşdi, zarımağa başladı. Yarım saat sonra isə şoka düşdü. Cəld həkimləri çağırdıq. Həmin həkim yenidən süst qalmış oğluma qlükoza hazırladı. İynəni venasına vurmaq istədi, amma uşağın damarı itmişdi. Ardınca həkimlər bir-birinə qarışdı. Uşağı reanimasiyaya aparmaq istədilər, amma uşaq reanimatoloqu yox idi. Üstəlik reanimasiyada lazım olan aparat da işləmirdi. Uşaq reanimatoloqunu evindən çağırdılar. O, çox gec gəlib çıxdı. Oğlum isə çabalayırdı. Elə hey inildəyirdi. Bir az keçdi, oğlumun hərəkətsiz olduğunu hiss etdim. Artıq keçinmişdi. Həkimlərin üstünə düşdük, onların laqeyidliyi, səriştəsizliyi səbəbindən oğlumuzu itirdiyimizi dedik. Amma onlar uşağın xəstəxanaya gətiriləndə vəziyyətinin artıq pis olduğunu dedilər, günahkar olduqlarını qəbul etmədilər. Hətta orada reanimatoloqun diğər həkimi danladığının şahidi də oldum. O, aparatın işləməməsinin səbəbini soruşurdu. Nəhayət, tibbi ekspertlər gəldi və oğlumu apardılar. Sonra da ekspertiza nəticəsində məlum oldu ki, güya oğlum kəskin hemorragik viruslu pnevmaniya(sətəlcəm) xəstəliyi nəticəsində ölüb. Halbuki, mənim körpəmin ölənə qədər nə öskürəyi, nə də hər hansı xəstəliyi olmayıb. Ona bir dəfə də olsun müalicə məqsədiylə iynə vurulmayıb”.

Əliyevlər ailəsi uşaq ölümündən sonra Rusiya Baş Prokurorluğuna şikayətlə müraciət ediblər. Amma aldıqları cavab ailəni heç cür qane etməyib. Ən əvvəl, körpənin ölümündən qabaq və sonrası barədə araşdırma yetərincə aparılmayıb. Eləcə də, xəstəxana həkimləri hər hansı töhmət, cəza almayıblar. Halbuki Rusiya Federasiyasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən “öz peşə fəliyyətində yol verdiyi səhlənkarlığa” görə, həmin həkimlər məsuliyyətə cəlb olunmalı idilər.

İtkili ailə Rusiyanın bir çox ali orqanlarına da müraciətlər göndəriblər. Müraciətlərdən biri isə Rusiyanın tanınmış saytalarından olan “Demokrator.ru” saytında yer alıb. Hazırda aktual problem kimi saytda yerləşdirilən müraciəti dəstəkləmək də olar. İstənilən şəxs problemə( 7650 saylı problem) səs verməklə azərbaycanlı ailənin dərdinə şərik çıxa bilər. Problem çox səs topladığı təqdirdə Rusiya Prezidenti Adminstrasiyası səviyyəsində müzakirəyə çıxarılacaq.

Həkim səhvi yoxsa, səhv tibbi ekspertiza rəyi?

Bu arada körpənin ölümündəki məqamlara diqqət yetirək. Ən əvvəl xəstənin qusma şikayətiylə daxil olduğu xəstəxanada körpə gözucu müayinə olunub. Dərhal südəmər uşağın dərmanlara reaksiyası bilinmədən iynə vurulub. Bir də ananın sözlərinə görə, körpə xəstəxanaya gələnə qədər rahat, sakit yatıb. Deməli, körpənin vəziyyəti konkret vurulan iynədən sonra daha da pisləşib. Ola bilsin, dörd aylıq körpəni bütün uşaqlarda görülən sadəcə köp narahat edibmiş. Çünki, Jelizaveta Çaykina adlı həkim də uşağın qarın ağrısından əziyyət çəkdiyini dilə gətirib. Elə iynə də spazmanı aradan götürmək məqsədiylə vurulub. Nəticə isə tam əksinə olub. Həkim uşaqda tibbi ekspertizada göstərilən diaqnoz- pnevmaniyanın əlamətlərinin olmasından ümumiyyətlə söz açmayıb. Onda belə çıxır ki, həkimin ilkin diqnozu yalnış olub. Yaxud uşağın klinik vəziyyəti ilə yekun ekpertiza diaqnozu arasında böyük fərq var. Ekspertlər prosesdə şəffaflıqdan kənar münasibət bildiriblər. Bütün hallarda həkimin səriştəsizliyi, səhlənkarlığı göz qabağındadır ki, bu da ört-basdır edilməyə çalışılıb.

Diğər məqam. Analqin, papaverin adlı preparatlar da məşhur sayılan dərmanlardandır ki, bunu sıravi insanların çoxu bilir. Analqin ağrıkısici, iltihab əleyhinə geniş istifadə olan sakitləşdirici vasitədir. Papaverin isə spazma, sudoqra və digər hallarda yardımçı preparatdır. Amma araşdıranda sonuncunun(inyeksiya məhlulu) körpələrə yalnız 6-cı ayından sonra vurulması məsləhətlidir. Ölmüş körpə isə hələ dördüncü ayını yaşayırdı. Hər halda bunu yazılanlara istinadən qeyd edirəm. Diğər məsələyə də diqqət yönəltmək istəyərdim. Körpənin epiqrizində hemorragik virusun da adı çəkilir. Bu viruslu xəstəlik çox təhlükəlidir. Elə buna görə də hemorragik viruslu xəstəliklər 2011-ci ildə bizim Nazirlər Kabinetinin qərarı ilə “Təhlükəli yoluxucu xəstəliklər” siyahısına daxil olub. Əldə etdiyim məlumata görə, bu virus insanın bütün irili-xırdalı damarlarının dağılmasınna gətirib çıxarır.

Bəs, körpəyə qoyulan tibbi ekspertiza diqnozu nə dərəcədə doğru ola bilər?

Pnevmaniya xəstəliyinin simptomlarında (ölmüş körpədə olan)qusma, qarın ağrısı kimi hallar çox nadir görülən vəziyyətdir. Bu vəziyyətdən qabaq pnevmaniyanın əsas əlamətləri var. Yüksək temperatur, xəstənin təngnəfəsliyi, ağciyərlərində xışıltı, öskürək. Ananın dediklərindən belə çıxır ki, uşaqda bu əlamətlərin heç biri olmayıb.
Ekspert qismində bir neçə yerli həkimimiz də öz fikrində deyilənləri təsdiq edir. Pediatr Kəmalə Şıxlı belə izahat verir: “Ananın dediklərini nəzərə alsaq, körpənin vəziyyətində sadəcə qusma əlaməti olub. Qarın nahiyyəsində olan sancılarından da olması mümkündür. Bu halda xəstəyə analqin və papavirin də birgə vurmaq olar. Bu sakitləşdirici, iltihab əleyhinə, spazmanın götürülməsinə kömək edə bilər. Həm də bu qəflətən körpənin təzyiqinin də aşağı düşməsinə səbəb yaradar. Bundan başqa analqin sadə olduğu qədər qəliz preparatdır. Hələ südəmər və körpəyə vurulmasının ağır nəticələri mümkündür. Güman ki, elə ananın da dediyi kimi iynədən sonra uşaqda şok əmələ gəlib, tibbi yardımın gecikməsi də körpənin itirilməsinə gətirib çıxarıb. Ayrıca ölümündən sonra körpəyə qoyulan diaqnoz da ağır xəstəliklərdən biridir. Bu xəstəliyin körpənin şikayəti ilə əlaqəsi yoxdur. Bu diaqnoz üçün xəstənin ən azı yüksək hərarəti olmalı, öskürəyinin xarakteri,
ağciyərlərinə qulaq asan həkimdə şübhə yaratmalıdır. İlkin tibbi yardımın doğru olmaması sonradan dəqiq diaqnozu qoymağı da mane olur. Bir də pnevmaniyanı aşkarlamaq üçün qan və rentgen müayinələrinə əsaslanmaq lazımdır”.
1 saylı Şəhər Uşaq İnfeksion Xəstəxanasının həkimi isə məsələyə bir qədər fərqli yanaşır. Həkim-reanimatoloq Esmira xanımın fikrincə, körpəyə ilkin yardım məqsədiylə adı çəkilən dərmanlardan ibarət iynənin vurulması mümkündür. “Amma bu iynə, körpənin bədəninə xüsusi doza və qayda ilə yeridilməlidir. Spazmatik, ağrıkəsici iynənin təsirindən xəstənin şoka düşməsi mümkün deyil. Amma xəstənin təzyiqi qəflətən aşağı düşə bilər. Bunun üçün də körpənin yenidən vəziyyətini normala salmaq olardı. Qaldı ki, tibbi ekspertiza rəyinə, pnevmaniyanın elə forması var ki, o bir qədər gizli də gedə bilər. Yeni başlamış olar, yaxud həkim ağciyərləri yoxladıqda hər hansı xışıltı, narahatçlıq hiss etməz, xəstənin hərarəti olmaz. Uşaq xəstəlikləri qarışıq, simptomları daha çaşdırıcı olduğundan dəqiq müayinə vacibdir. Hemorragik virus isə ən təhlükəlisidir. Bütün hallarda artıq ölmüş xəstə barədə dəqiq rəy söyləmək çətindir. Amma ilkin tibbi yardım və ya sonradan vəziyyəti qəlizləşən xəstə mütləq reanimasiyaya aparılmalı, onu vəziyyətdən çıxarmaq üçün səy göstərilməli idi”.

Raminə Eyvazqızı