“Rusiyada inqilablardan doyublar”- Proqnoz

rusiyada-inqilablardan-doyublar-proqnoz
Oxunma sayı: 654

Dövlət Dumasına dekabrın 4-də keçirilən seçkidə hakim Vahid Rusiya Partiyasının qalib gəldiyi elan olunub. Müxalif qüvvələr seçkinin saxtalaşdırıldığını iddia edir. Ölkənin müxtəlif şəhərlərində parlament seçkisinin nəticələrinə etiraz mitinqləri keçirilir.
Dekabrın 13-də “Media forum” saytına danışan Ayaz Mütəllibov deyib ki, mitinqləri xalqın etirazı kimi qəbul etmək lazımdır: “Xalqın müəyyən qismi parlament seçkisindən və indiki hakimiyyətdən narazıdır. Müxtəlif siyasi qurumlar 4 dekabr seçkisinin nəticələrini qəbul etmir. Məncə, bu etirazlar hakimiyyətin özü üçün də xeyirlidir. Çünki xalqın niyyətini, mövqeyini, fikrini bilmək və hökumətin fəaliyyətində bunu nəzərə almaq böyük əhəmiyyət kəsb edir. Rusiya hakimiyyəti xalqın meydanlarda səsləndirdiyi fikirlərə əhəmiyyət verməyə məcbur olacaq. Əsas odur ki, proseslər əlbəyaxa dava, qarşıdurma formasına keçməyib. Dinc etirazlar siyasətçilərə böyük köməkdir”.
Eks-prezident hesab edir ki, Rusiya cəmiyyətinin müxtəlif təbəqələri ölkəni təhlükə qarşısında qoymaq, qeyri-müəyyənliyə sürükləyən proseslərə rəvac vermək istəmir: “Adi vətəndaşlar da, hakimiyyət rəsmiləri də, müxalifətdə olan siyasətçilər də belə düşünür. Çünki Rusiya nəhəng bir dövlətdir və kiçicik səhv faciəyə səbəb olar. Burada 200-dən artıq millətin nümayəndəsi yaşayır. Ona görə də hamı məsuliyyət hiss edir”.
Ayaz Mütəllibov deyib ki, kütləvi etiraz aksiyalarının məqsədi azad, demokratik, şəffaf seçkilərin keçirilməsidir: “Keçmiş sovet məkanında olan ölkələrdə azad və demokratik seçkilərin keçirilməsi problem olaraq qalır”.
Sabiq prezidentin fikrincə, baş verənlər Rusiyada inqilabla nəticələnməyəcək: “Rusiyada inqilablardan doyublar”.