“Rusiyada mütləq inqilab olacaq”- Mövqe

rusiyada-mutleq-inqilab-olacaq-movqe-
Oxunma sayı: 672

Artıq müxalifət dekabrın 10-na ümumrespublika mitinqi təyin edib. Hakimiyyətin də davranışlarından hiss olunur ki, müxalifətin təşəbbüsü ələ alması rejimi narahat etməkdədir. Bu arada Rusiyaya qarşı sərt mövqeyi ilə tanınan amerikalı senator Con Makkeyn Vladimir Putini “Ərəb baharı”yla hədələyib. Respublikaçı senator “Twitter”dəki səhifəsində “Əziz Vlad! ”Ərəb baharı" sənə yaxınlaşmaqdadır" yazıb. Makkeyn Rusiyanın baş nazirinə Yaxın Şərq və Şimali Afrika ölkələrində baş verənlərə diqqət yetirməyi məsləhət görüb.
Ekspertlər Rusiyada baş verən proseslərin gələcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirirlər.
Politoloq Vəfa Quluzadə bildirdi ki, hazırda Rusiyada yaşananlarda qəribə heç nə yoxdur. Putinin Rusiya kimi dövləti hələ də sovet qanunları ilə idarə etməyə çalışdığını deyən V.Quluzadə vurğuladı ki, artıq köhnə KQB metodları iqtidarı əldə saxlamaq üçün yetərli ola bilməz: “Putin rus xalqını əməlli-başlı ələ salıb. Putinin bir müddət baş nazir qaldıqdan sonra yenidən hakimiyyətə yiyələnmək istəməsi avtoritar idarəetmənin ifrat formasıdır. 90-cı illərdə yaranmaqda olan bütün demokratik təsisatları məhv edən Putinə hakimiyyətini əvvəlki kimi davam etdirmək, məncə, çətin olacaq”.
2007-ci ildə də Putinin parlament seçkilərində eyni saxtakarlığa yol verdiyini deyən V.Quluzadə əlavə etdi ki, amma o zaman etiraz indiki qədər deyildi. Hazırda baş verən prosesləri rus xalqının yuxudan oyanmasına oxşadan V.Quluzadə qeyd etdi ki, rus cəmiyyəti artıq “Vahid Rusiya” Partiyasını oğru və fırıldaqçıların təşkilatı adlandırır: “Rusiyada hazırda kriminogen durum olduqca gərginləşib. Korrupsiya artıb. Hazırkı iqtidar heç bir islahata meyilli olmadığını dəfələrlə nümayiş etdirib. Ona görə də hazırda Rusiyada baş qaldıran demokratik canlanmanın qarşısını almaq mümkün olmayacaq”.
Makkeynin Putinə ünvanladığı xəbərdarlığa gəlincə, V.Quluzadə hesab edir ki, keçmiş prezidentliyə namizəd dünya və Rusiyada gedən proseslərdən düzgün nəticə çıxararaq bu addımı atır.

azadliq.info