Ruslan Bəşirlinin nöqtəsi

ruslan-besirlinin-noqtesi-
Oxunma sayı: 651

Lakin yazırsan və görürsən ki, sənin və sənin kimilərinin ovqatı heç də incə duyğulardan toxunmayıb. Ovqat yazısı yazacaqsan, demək hər kəsin keyfinə bir az da soğan doğryacaqsan. Ondansa ovqatı, içi bir yana qoyub başlayırsan gündəmi bürüyən tozanaqdan yazmağa, fikirlərini bölüşməyə.

Heç vaxt fərdlər üstə yazı qurmaq kimi ucuz yolu sevməmişəm. Hərçənd bilirsən, bu, çox oxunmağın ən asan yoludu. Çox oxunursan və tez bir zamanda tanınırsan, çünki hər kəsə yeri gəldi-gəlmədi bir daş atmaqla özünü həmişəlik onun və onun çevrəsində olan, olmayan kəslərin yaddaşına sırıyırsan. Beləliklə, tanınmış köşə yazarısan.

İki gündü ki, sosial şəbəkələrdə Ruslan Bəşirli tozanağı qalxıb. Mən onun adını çəkməyə də bilərəm, ümumiyyətlə adlar mənimçün heç bir önəm daşımır. Lakin müəlliflik hüquqlarına hörmətlə yanaşmalısan. Axı bu tozanağın episentrində Bəşirlinin adı dayanır. Onun verdiyi bəyanatı şərh edəcəksənsə, istər-istəməz söhbətin kimdən getdiyi bəlli olacaq. Lakin müəlliflik hüququna baş əyib ad çəkəndən sonra keçirəm məsələnin stixiyasına.

Bu bəyanatda elə bir xüsusi cəhət varmı ki, deyəsən, bax, bu adamın adını çəkməsən heç nə anlaşılmayacaq, bu, elə bir bəyanatdı ki, hələ indiyə kimi bir kimsə beləsini səsləndirməyib, bu yolla gedən ilk şəxs də Ən Yeni Azərbaycan tarixində bu şəxsdi. Yox, belə bir cəhəti yoxdu bu bəyanatın. Rejim mətbəxində illər qabaq hazırlanmış, qıcqırmış bir xörəkdi bu, zorla, xoşla bunu zaman-zaman kimlərəsə yedirdirlər, yemək istəməyənin ağzını aralayıb qaynar horra kimi xılxına tökürlər. Bundan sonra sən o yediyini qaytarsan belə, artıq için o kifə, o iyrənc qidaya bulaşmış olacaq. Bu xörək lap elə şeytanın Həvvaya, Adəmə yedizdirdiyi alma kimi bir seydi. Nəfsinin qulu olub yedinmi, daha sonradan Allahı nə qədər sevdiyini deməyinin heç bir önəmi yoxdu.

Qoy kimsə Bəşirlini qınamasın, onun həbsdən çıxandan sonra atdığı addıma heyrətlənməsin, təəccüblənməsin, ruhdan düşməsin. Sadəcə, çalışsınlar, vaxtında, bir də kimsəni həddindən artıq şişirdib ondan qəhrəman düzəltməsinlər ki, bir gün o qəhrəmanın ayağı büdrəyəndə pəjmürdə olmayalar. Ruslan, Eynulla və onlar kimi yüzlərinin başı, ömrü, vicdan rahatlığı bu rejimin ağzında gedən adamlardı. Onların həbsdən sonra geyindikləri yeni hüquq müdafiəçisi əyin dəsti isə şikəst edilmiş insanlar üçün düşünülmüş, əslindən heç bir cizgisi ilə fərqlənməyən protezdi. Bəlkə də Eynullanı Ruslanla müqayisə eləmək Ruslana bir az insafsızlıq eləməkdi. Eynulla sadəcə ibtidasından getdiyi yolu davam etdirən, ara-bərə o yola yüngül redaktələr eləyən biridi. Sadəcə, çoxları onun bu redaktorluğunu qəzet redaktorluğu işi ilə səhv salmışdılar, o isə onların bu yanlışını da redaktə eləyib gözlərini açdı.

“Yad dildə” romanımdan təkrar kimi də olsa, demək istəyirəm: Ruslana satqın kimi yox, azadlıq savaşının şəhidi kimi baxmaq lazımdı. Gərək deyil ki, o siyasətdə haçansa önəmli biri olubmu, olmayıbmı, haçansa siyasətə gəlibmi ki, indi gedişi söz qonusu olsun, yox, o da minlərlə vətəndaşımız kimi eləcə bu savaşın içində olub və şəhid düşüb. Ruslan öz acısının hayındadı və bunu onun iki kəlmə sözü qədər kimsə dəqiq ifadə eləyə bilməz: “Çox pisəm, bu barədə danışa bilmərəm",- o, məsələyə nöqtə qoymağa çalışır. Nöqtəni isə hələ ki, nə Ruslan, nə onun kimi yüzlərlə şəhid qoya bilər – nöqtəni hələ ki baş katiblər qoyur. Ona görə də, kimsə nə sinəsinə döysün, nə Ruslanı qınasın. Yoldu da, gedirik. Sonu ölümdü. Sadəcə, çalışıb ölümdən qabaq ölməyək.