Rza İbadov niyə axtarışa verilib?

rza-ibadov-niye-axtarisa-verilib
Oxunma sayı: 876

Öncə nəzərə çatdıraq ki, Rza İbadov hazırda Londonda yaşayır və onun Azərbaycan hakimiyyəti, yaxud da hakimiyyətin hansısa qanadı ilə problemləri var. Bu üzdən o, ölkəni tərk edib. Onun barəsində cinayət işinin olması və axtarışa verilməsi isə yeni məsələ deyil. Hörmətli Rza İbadovun hələ 2011-ci ilin yanvarından axtarışa verilməsi xəbəri yayılmışdı. Nəsimi Rayon Polis İdarəsinin o zaman yaydığı məlumatda bildirilirdi ki, R.İbadov Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə təqsirli bilinir. Bir neçə il əvvəl R.İbadovla bağlı məhkəməyə müraciət olunub. Məhkəməyə gəlməkdən boyun qaçırdığı üçün onun barəsində axtarış elan edilib. Amma maraqlıdır ki, hazırda onun 28 manat borca görə də axtarışa verildiyi ortaya çıxıb.

Qeyd edək ki, Rza İbadov 2000-ci il parlament seçkilərində Azərbaycan Milli Məclisinə deputat seçilib. 2005-ci ildə isə 24 saylı Nizami II Seçki Dairəsindən namizədliyini irəli sürüb. Lakin seçki prosesinin gedişində şəxsinə olan təzyiqlərə görə Azərbaycanı tərk edərək, İngiltərəyə gedib. Sabiq millət vəkilinin hazırda İngiltərədə bizneslə məşğul olduğu bildirilir.

Nəzərə çatdıraq ki, 2005-ci ildə parlament seçkiləri zamanı Rza İbadov ARDNŞ prezidenti Rövnəq Abdullayevlə (o zaman Neft emalı zavodunun rəhbəri idi - red.) rəqib olub. Həmin dairədə onlar toqquşdular; Rza İbadov geri çəkilmədi, namizədliyini götürmədi; məsələ böyüdü və az qala onu həbs edəcəkdilər. Faktiki olaraq Rza İbadov 2005-ci ildə Rövnəq Abdullayevin də iştirak etdiyi təqib prosesi nəticəsində ölkədən çıxmışdı. Onun haqqında cinayət işi başlanması tələbi ilə məhkəməyə də həmin vaxt müraciət edilmişdi.
Rza İbadovun barəsində axtarış elan ediləndə bu məsələnin illər sonra gündəmə gətirilməsinin səbəblərini öyrənməyə çalışmışdıq.
Bu istiqamətdə araşdırma apararkən bəlli olmuşdu ki, baş verən hadisə heç də səbəbsiz deyil. Rza İbadovun yaxınlarından biri əməkdaşımıza deyib ki, sabiq millət vəkili iqtidardakı “başqa kanallarla” siyasi hakimiyyətə çıxmağa cəhdlər göstərib. Onun Avropa ölkələrindən birinə səfir təyin olunmaq arzusu olub. Hətta yaxın çevrəsinə deyirmiş ki, artıq məsələsi həll edilib və yaxın zamanlarda prezident onun səfir təyinatını imzalayacaq. İddiaya görə, Rza İbadov məqsədinə çatmaq üçün Heydər Əliyevin qızı Sevil Əliyevanın imkanlarından da yararlanmağa çalışıb. Daha dəqiqi, onun səfir təyinatını Sevil Əliyeva həll edəcəkmiş. Bilindiyi kimi, hörmətli Sevil xanım da Londonda yaşayır və bəzi məlumatlara görə, onun Rza İbadova etimadı var. Lakin siyasətlə maraqlananlar yaxşı bilirlər ki, Sevil Əliyevanın indiki hakimiyyətlə, konkret olaraq, ölkə rəhbəri ilə münasibətləri yaxşı deyil.

Görünür, Rza İbadov yenə də hansısa hərəkətlər, aktivlik göstərib və rəqibləri yenidən onun axtarışda olması məsələsi gündəmə gətirməyə müvəffəq olublar.

Bu məsələ ilə bağlı Rza İbadovun mətbuata və çevrəsində olmuş bəzi adamlara verdiyi əlaqə telefonuna zəng etdik. Lakin hörmətli İbadovun həmin nömrələrinə zəng çatmadı.

Yeni Müsavat