Saakaşvilinin bütün komandası istefaya göndərilir - Şok

saakasvilinin-butun-komandasi-istefaya-gonderilir-sok
Oxunma sayı: 652

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Tbilisidə brifinq zamanı Gürcüstanda parlament seçkilərində qalib gələn müxalif "Gürcü arzusu" koalisiyasının lideri Bidzina İvanişvili deyib.

O qeyd edib ki, təkcə nazirlər deyil, həmçinin onların müavinləri də vəzifələrində qalmayacaqlar.

"Bu, birmənalıdır", - İvanişvili vurğulayıb.

O, Mixail Saakaşvilinin yarım ildən sonra parlamenti buraxmağa cəhd edəcəyini istisna etməyib.

"Mən hələ bu barədə düşünməmişəm, hərçənd Saakaşvilinin bunu edib-etməyəcəyi bizim üçün maraqlıdır. Fikrimcə, onun belə manevr üçün imkanı olmayacaq", - o deyib.

Bununla belə, İvanişvili Gürcüstan Prezidentinə istefaya getməyi və növbədənkənar prezident seçkilərini elan etməyi məsləhət görüb.

"Biz əlbəttə ki, impiçment proseduruna başlaya və digər yollar tapa bilərik, lakin onun istefaya gedəcəyini gözləyirəm", - o bildirib.
İvanişvili qeyd edib ki, əgər Saakaşvili vəzifəsindən imtina etməsə, koalisiya vəziyyətdən çıxış yolunu tapacaq və ən yaxşısı özünün istefaya getməsidir.

"Əks təqdirdə, konstitusiya böhranı baş verə bilər, çünki yeni konstitusiya ikihakimiyyətliliyi nəzərdə tutur və hazırda vəziyyət çox mürəkkəbdir", - o vurğulayıb.

Koalisiya rəhbəri bildirib ki, Saakaşvilinin istefası və növbədənkənar seçkilərin elan edilməsi vəziyyətdən çıxış yolu olacaq.

"Mən Saakaşvilinin məğlub olduğunu etiraf etməsini və müxalifətə keçməsini gözləmirdim, lakin o belə bəyanat veribsə, istefası daha gözləniləndir", - İvanaşvili deyib.