Saakaşvilinin şəklinə ehtiyac yoxdu!

saakasvilinin-sekline-ehtiyac-yoxdu-
Oxunma sayı: 648

Uşaq vaxtı iki il Tiflisdə yaşamışam, ancaq soruşsalar ki, oranı bircə cümlə ilə ifadə elə, məndə alınmayacaq. Çünki həmişə mənə elə gəlib ki, Tiflis nəsr şəhəridir. Ordan qısa danışmaq olmur. Şeir yazmaq üçün uyğun məkan ola bilməz bura. Ona görə gürcülər poeziyada bizdən geri qalıblar. Ancaq proza desək, o zaman, lütfən durun. Zira burda Qoderzi Çoxeli, Nodar Dumbadze, Naira Genaşvili, Revaz İnanişvili və son olaraq da Aka Morçladze kimi nəhəng simalar var. Azərbaycan nəsri təəssüf ki, hələ o səviyyəyə gəlib çata bilməyib. Mən bunun da səbəbini tapdım: təfəkkür genişliyi, basqı altında yaşamaq, azadlığın çatışmazlığı bizə yaxşı əsər yazdıra bilmir. Bunu sadəcə qəbul eləmək lazımdı: gürcülərin, bizə ən yaxın, sayca yarıbayarı olan bir xalqın prozası artıq bizim təfəkkür hüdüdlarımızı ötüb keçib. Ancaq ümidsizliyə də düşmək lazım deyil, bəlkə gördük bizdə də bir tərpəniş oldu, qabağa gedə bildik... Amma, bir türk filmində də deyildiyi kimi “bəlkə”...

Tiflisdə uşaq olanda yaşadığımı dedim... Atam, Eyvaz Əlləzoğlu səfirlikdə ikinci katib vəzifəsində işləyən vaxtlara təsadüf edir bu. Cəmi-cümlətani iki il bu gözəl şəhərdə yaşamışıq. Hərdən xatırlamaq istəyəndə də o anlara qayıda bilmirik. Yalnız dumanlı görüntülər gözümüzün qabağına gəlir: qoca bir gürcünün qabağına qatıb gətirdiyi dondurma dolu buzdolabı, dayanmdan “marojni-marojni” qışqırması, Andrey adlı bir rusla bağ oğurluğuna getməyimiz, gözətçinin tüfənglə arxamızdan götürməsi, təndir yapan gürcü qadınlarının məni əzizləmələri, “xaçaburi”nin əvəzolunmaz qoxusu... Bundan sonra beynimə güc versəm də yaddaşımda heç nə canlanmır. Qardaşımın tez-tez dediyi kimi, biz yaşadığımız bütün gözəl günləri Tiflisdə keçirdik, ancaq hələ bunu yuxu zənn edirik.

O illərə bir də qayıtmaq, uşaqlığımızda tez-tez getdiyimiz yerlərdən yenidən keçmək, gəzmək üçün Tiflisə getməyi qərara aldıq.

Bizim kəndin, Muğanlının 15.km-liyində yerləşən Tiflisə yarım saata çatdıq. Əgər orda istənilən gürcüdən kəndimizin soruşsanız, “Muqanlo” deyib tanıyacaq. Çünki həm məsafə mənada, həm də gürcülərin sıx əlaqə qurduğu bir kənddi Muğanlı.

Şəhərin ilk görüntüsü

Artıq Tiflisdəyik. O dəqiqə başqa bir məkanda olduğumuzu anlayırıq. Adamlara baxıram: hamı rəngarəng geyinib, gözümə bircə dənə də qara geyimli adam dəymir. Bizim Bakıda isə “Kurtlar Vadisi”nin təsirindən o qədər cavan oğlan kostyum geyinir ki, şəhərdə gəzəndə elə zənn edirsən ki, yasdasan. Ancaq Tiflisdə gördüyümüz hər şey pozitiv idi.

Doğurdan da, yuxu kimi şəhərdi Tiflis. Yollarda maşınlar azdı. Bu da işsizlikdən olsa gərək. Aftobusların hamısı eyni, sarı rəngdədir. Miniklər dayanacaqda saxlayır, sərnişinlər içəriyə doluşur, hamı yerləri tutandan sonra qapılar örtülür. Bundan sonra o sürücünün nə hünəri var, artıq adam götürsün, o dəqiqə cərimə olunur. Gediş pulu kartladır. Basa-bas yaranmadığından aftobusların içində çox vaxt sükut hakim kəsilir. Ancaq metroya düşəndə fikir verdim ki, Bakıda adamların üzlərində oxuduğum bezginlik, donuq ifadə gürcülərdə də vardı.

Dört tərəfimizi dağlar əhatə edib. Hər tərəfdən yaşıllıq göz oxşayır. Şəhərin əsas yerlərində güclü təmir işləri gedir. Onların işləməyinə baxıb düşünürəm, görən bizimkilərin də heç olmasa fəhləliyə baş saldığı bir yer varmı...

Yuxarıda kanat gözümüzə dəyir. Tez-tez ora-bura gedir. Dəhşət isti hava var. Oysa Tiflis həmişə bizi yağışla qarşılayardı. Bu dəfə isə bürkü və kədərli görünüşlü qadınlar qabağımıza çıxıb şəhərin dramatik görünüşünü tamamlayır. Mən səkidə çömbəlmiş dilənçiyə yaxınlaşıram. “Saakaşvili ilə necəsən?” – deyə maraqla soruşuram. O güclə gülümsünür və yarızarafat-yarıciddi: “Görmürsən, mən burda oturmuşam” – deyir. Bərabər gülürük. Maşınlar ötüb keçir. Bir xeyli də irəli gedəndən sonra şəhərdəki plakat şəkillərinə baxıram: elanlar, hansısa qızların şəkilləri və s. və i. Qarşıdan gələn bir gürcüdən hələ təzəcə Tiflisə girməmiş soruşuram: “Saakaşvilinin şəhərdə heç şəkli yoxdur?” O gülümsünür. Gürcülərin hamısı belədi. Bizdən nifrət etdiklərinə görə, həmişə üstün tərəfləri ilə öyünürlər. O da eynən belə cavab verdi: “Əlbəttə, yoxdur. Axı hamımız bilirik, prezident Saakaşvilidir. Buna nə gərək var?” Susuram. Sonra düşünürəm ki, demək, Bakıda bizə həmişə prezidentimizin kim olduğunu xatırlatmaq üçün ölkə başçısının şəkilləri dört tərəfə vurulur. Hə də, axı bizim millət yaddaşsızdır.

İsti başıma döşəyir. Qardaşımla bacıma bir yerdə oturub dincəlməyimizi istəyirəm. Razılaşırlar.

Siz də, sayğılı oxucu, səbr elə, get dincəl, işlərini gör, gələn yazıda Tiflisi gəzməyə davam eləyəcik...

(davamı olacaq)