Sabah Böyük oyun var!

sabah-boyuk-oyun-var
Oxunma sayı: 686

Mövsümün ikinci qarşılaşması öncəsi hər iki komanda eyni hesablı qələbələr əldə edib. “Xəzər Lənkəran” ardıcıl ikinci turda fərqlənən Deyan Rusiçin qolu ilə “Kəpəz”i doğma meydanda məğlubiyyətə uğratmışdı. “Neftçi” də ötən həftə evdə oynayırdı və paytaxt təmsilçisi “Turan” üzərində son dəqiqələrdə vurulan qolla qələbə əldə etdi.

“Neftçi”yə qarşı bu tur oynanılacaq matç cənubluların mövsümdə altıncı səfər oyunudu. Ev oyunlarında yüz faizlik nəticəni qoruyan “Xəzər Lənkəran”, bu həftəyə kimi keçirdiyi 5 səfər oyunundan ikisində qələbə qazanıb, ikisində heç-heçə oynayıb və bir dəfə məğlub olub. Bu mövsüm komanda çempionat çərçivəsində rəqib meydanında 7 qol vurub, qapısında isə 4 qol görüb. “Neftçi” üçün isə qarşıdan gələn görüş yeddinci ev oyunudu. Paytaxt klubu bu oyunların altısında qalib gəlib, bir dəfə isə məğlubiyyətə uğrayıb. Ev oyunlarında “Neftçi”nin vurduğu qolların sayı 11, buraxdığı qolların sayı isə 3-dü.

Əgər ötən tur “Xəzər Lənkəran”la “Kəpəz” arasında oyunu çempionatın ən məhsuldar komandalarının görüşü adlandırmaq olardısa, hazırda bu sözü məhz “Neftçi” – “Xəzər Lənkəran” qarşılaşması haqqında da demək olar. Geridə qalan 11 tur ərzində “Xəzər Lənkəran” rəqib qapılarında 17 qol, “Neftçi” isə 16 qol keçirib. Bununla yanaşı XL həmçinin “İnter”lə yanaşı çempionatın ən az qol buraxan komandası statusunu qorumaqda davam edir (7 qol). “Neftçi”də bu göstərici 9-a bərabərdi.

Bazar günü keçiriləcək “Böyük oyun” çempionatlar tarixində sayca 21-cidi. Bakıda isə ölkə birinciliyi çərçivəsində bu komandalar 10-cu dəfə üz-üzə gələcəklər. Geridə qalan 7 il ərzində baş tutmuş 9 qarşılaşmada 3 dəfə “Neftçi” qalib gəlib, 1 dəfə “Xəzər Lənkəran” üç xal əldə edib, 5 dəfə isə heç-heçə qeydə alınıb.

“Böyük Oyun”ların ümumi hesabı isə hazırda bərabərdi. Keçirilən 22 oyunda hər tərəf 6 qələbə qazanıb, 10 dəfə isə heç-heçə qeydə alınıb. Bu komandalar arasında “Bakı”da keçirilən son oyun ötən çempionatının axırıncı turunda baş tutub və 1:1 hesabı ilə yekunlaşıb. Rəqibin heyətində Cavid İmamverdiyevin vurduğu qola bir dəqiqə sonra Julius Vobay cavab vermişdi.

Bu günə kimi bütün yarışlarda baş tutmuş “Böyük Oyun”larda “Xəzər Lənkəran”ın 14 müxtəlif oyunçusu qol vura bilib. Komandanın heyətində “Neftçi”nin qapısından ən çox qol keçirmiş futbolçu isə hazırda da “Xəzər Lənkəran”da çıxış edir və bu həftə də meydana çıxa bilər. Bu oyunçu Julius Vobaydı.

Bu ilin əvvəlində komandaya qoşulmasına baxmayaraq, Syerra-Leoneli hücumçu “Neftçi”nin qapısında artıq üç dəfə yol tapa bilib. Bu qollardan biri Kubokda, ikisi isə çempionatda vurulub. Maraqlıdı ki, bu mövsüm əvəzedici komandaların çempionatının 5-ci turunda keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” oyununda iştirak edən Vobay bu oyunda da iki qol vurmuşdu. Adrian Pit bu qarşılaşmada iştirak edərsə “Xəzər Lənkəran”ın heyətində 30-cu oyununa çıxmış olacaq. Bu oyunda “Xəzər Lənkəran”ın qalib gələcəyi təqdirdə Mirça Rednik Premyer Liqada 25-ci qələbəsini qazanmış olacaq.

12-ci turun bəzəyi olacaq bu görüş həm də turnir cədvəlinin ilk 2 pilləsində qərarlaşanların mübarizəsi olacaq. “Böyük oyun”un iştirakçıları heç də həmişə öz aralarındakı görüşə ilk 2 pillədə gəlmir.

Bu dəfəki prinsipial qarşılaşma ümumilikdə 23-cü, Premyer Liqada 21-ci “Böyük oyun”du. İndiyədək “Neftçi” ilə 22 dəfə üz-üzə gələn “Xəzər Lənkəran” 20 çempionat və 2 kubok qarşılaşmasında prinsipial derbi əhəmiyyətli matça çıxıb.

23-cü oyun ərəfəsində ümumi balansda tarazlıq hökm sürür. Daha çox heç-heçənin qeydə alındığı duellərdə tərəflər hərəyə 6 dəfə qalib gəlib. “Xəzər Lənkəran” 1 dəfə kubokda, “Neftçi” isə “Qızıl oyun”da qalib gəlib. Yəni çempionatın gedişində hər tərəf 5 dəfə sevinib. Bakıya bu tarazlığı pozmaq üçün yollanan “Xəzər Lənkəran” qələbə sayındakı bərabərlik fonunda top fərqində üstün durumdadır. Ümumilikdə, 10 heç-heçə edən rəqiblərin duelində daha inamlı qələbələr qazanan XL top fərqində rəqibdən 1 qol öndədir – 20:19.

Top fərqi ilə yanaşı, psixoloji üstünlük də cənubluların tərəfindədi. Çünki bakılıların sonuncu qələbəsi 2009-cu il aprelin 12-nə təsadüf edir. Bakıdakı 1:2 hesablı məğlubiyyətdən sonra ötən təxminən 2 il 7 ayda, daha dəqiqi 938 gündə “Xəzər Lənkəran” prinsipial rəqibinə uduzmur. Özü də bu müddətdə rəqiblər nə az, nə çox 11 dəfə üz-üzə gəliblər. Bu matçlarda lənkəranlılar 3 dəfə qalib gəlib və digər matçlarda 1 xalla kifayətlənib.

Onu da qeyd edək ki, məğlubiyyətsiz 11 oyundan 7-si Mirça Rednikin baş məşqçiliyi dövrünə təsadüf edir. İndiyədək “”Neftçi”yə uduzmayam mütəxəssis “Böyük oyun”larda bir komanda ilə 13 xal toplayan, ardıcıl 7 dəfə uduzmayan yeganə məşqçidi.

“Xəzər Lənkəran” – “Neftçi”: Bütün oyunlar

Azərbaycan çempionatı

2004/05 mövsümü

08.12.2004. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Oktay Dərəlioğlu – Emin Quliyev

11.05.2005. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə (2) – İlqar Qurbanov

“Qızıl oyun”

10.06.2005 “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Ruslan Abbasov, Zaur Tağızadə - Alim Qurbanov

2005/06 mövsümü

18.12.2005. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Nadir Nəbiyev

30.05.2006. “Neftçi” – “Xəzər Lənkəran” – 2:2
Branimir Subaşiç, Svetoslav Stefanov – Mahmud Qurbanov, Xaqani Məmmədov

2006/07 mövsümü

11.08.2006. “Xəzər Lənkəran” – “Neftçi” – 2:1
Zaur Ramazanov (2) – Svetoslav Stefanov

16.02.2007. “Neftçi” – “Xəzər Lənkəran” – 1:0
Vadim Borets

2007/08 mövsümü

10.11.2007. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Georgi Adamiya

11.05.2008. “Neftçi” – “Xəzər Lənkəran” – 0:1
Rəşad Abdullayev

2008/09 mövsümü

19.10.2008. “Xəzər Lənkəran” – “Neftçi” – 2:0
İvan Svetkov, Rəşad Abdullayev

12.04.2009. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə, Əli Cansun – Əhməd Dursun

2009/10 mövsümü

İlkin mərhələ
08.11.2009. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0

17.02.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0

Final mərhələsi
27.03.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0

01.05.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0

2010/11 mövsümü

İlkin mərhələ
25.09.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Dieqo Ruiz

13.02.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0

Azərbaycan kuboku, 1/4 final

03.03.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 3:4
Flavio Aleks Valensio (2), Slavko Georgiyevski - Uinston Parks, Manuel Skarlatake, Julius Vobay, Andrei Mureşan

08.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Uinston Parks - Flavio Aleks Valensio

Azərbaycan çempionatı
Final mərhələsi

18.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Julius Vobay - Rodriqo Sezar Kastro

18.05.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 1:1
Cavid İmamverdiyev - Julius Vobay

2011/12 mövsümü

İlkin mərhələ
10.09.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Ruslan Abışov - öz qapısına