Sabir Rüstəmxanlı bəyanat verdi - Mətn

sabir-rustemxanli-beyanat-verdi-metn-
Oxunma sayı: 660

“Qafqazinfo”nun məlumatına görə, bu bəyanatla DAK həmsədri Sabir Rüstəmxanlı çıxış edib. Bəyanatın davamını olduğu kimi diqqətinizə çatdırır: “Belə bir tarixi şəraitdə dünyaya səpələnmiş azərbaycanlıların da bir araya gəlməsi, xüsusilə də adi insani hüquqlardan məhrum olan güneyli soydaşlarımızın səsinin beynəlxalq ictimaiyyətə çatdırılması hər birimizin əsas vəzifəmizdir. Son illərdə bu sahədə Dünya Azərbaycanlıları Konqresinin (DAK) gördüyü işlər dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın bir məqsəd ətrafında birləşməsinə, eyni zamanda Güney Azərbaycan probleminin dünya birliyinin gündəminə gəlməsinə güclü təkan vermişdir. DAK rəhbərliyinin nüfuzlu beynəlxalq qurumların əsas şəxsləri, aparıcı ölkələrin dövlət rəsmiləri, parlament üzvləri ilə intensiv görüşləri, ictimaiyyət nümayəndələri qarşısında mütəmadi çıxışları artıq müəyyən konkret nəticələr vermiş, hətta BMT-nin baş katibi səviyyəsində Güney Azərbaycanda yaşayan soydaşlarımızın dil, milli təhsil və milli mətbuat hüquqlarından məhrum olması faktı etiraf edilmişdir.

Təəssüf ki, bilərəkdən və ya bilməyərəkdən ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edən parçalayıcı qruplar və şəxslər DAK-ın nüfuzunun artmasından narahatçılıq keçirərək onu bölüb zəiflətmək istiqamətində vaxtaşırı müxtəlif addımlar atmaqdadır. DAK-ın 2002-ci ildə Haaqada keçirilən qurultayından sonra bu şəxslər adıçəkilən qurumdan ayrılaraq yeni konqres formalaşdırmaq istiqamətində fəaliyyət göstəriblər. Qeyd edək ki, bu gün bizim təmsil etdiyimiz və rəsmi fəaliyyət göstərən DAK İsveçdə qeydiyyata alınmışdır və dünya azərbaycanlılarının ən böyük beynəlxalq diaspor təşkilatıdır. DAK-dan uzaqlaşanlar isə 2003-cü ildə rəsmən ayrıldıqlarını bəyan edərək 2004-cü ildə qurultay keçirib DDAK adı ilə fəaliyyət göstərməyə başlayıblar. Sonrakı illərdə onlar 3 dəfə sözdə birlik qurultayı keçirsələr də, ayrı-ayrı iddialar üzündən öz aralarında parçalanma daha da dərinləşmişdir. Hətta Cavad Derəxti Bakıda keçirdiyi mətbuat konfranslarının birində özü səmimi-qəlbdən etiraf etmişdir ki, DAK onun vaxtında parçalanmışdır.

Bütün bunlara baxmayaraq, DAK rəhbərliyi təşkilatın məramına sadiq qalaraq daim dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın hüquqarını müdafiə məqsədilə diaspor təşkilatlarının birgə fəaliyyətini zəruri sayır. Növbəti qurultay ərəfəsində qarşı tərəflə imzalanan protokol da bunun nümunəsi sayıla bilər. Aprelin 7-də qarşı tərəfin sözçüsü qismində çıxış edən Cavad Derəxti, Mirəşrəf Fətiyev, Akif Kərimovun DAK-a müraciətindən sonra imzalanan protokola əsasən, birinci tərəfin aprel ayının 27-29-na Belçikanın paytaxtı Brüssel şəhərinə, DAK-ın isə 21-23-nə Ukraynanın Donetsk şəhərinə təyin edilmiş qurultayları təxirə salınmalı, növbəti qurultayın qarşı tərəfin də iştirakı ilə Qərbi Avropa ölkələrinin birində keçirilməsi idi. Ancaq həmin günün səhəri Brüsselə toplaşmaq istəyənlər öz səlahiyyətli nümayəndələrinin - Cavad Derəxti, Mirəşrəf Fətiyevin razılaşdıqları protokoldan imtina etdi və bu barədə mətbuata açıqlama vermək istəmədilər. Bununla da onlar birləşmək və bütövləşmək barədə daim cəmiyyətə ötürdükləri bəyanatların yenə də sözdən başqa bir şey olmadığını təsdiq etmiş oldular. Əldə edilmiş razılaşmanın mətbuata çıxarılması şərtindən narahat olan və birgə qurultay keçirməkdən imtina edənlərin bu addımı onların birlik istəmədiklərini, niyyətlərinin eyni adlı təşkilatlar yaradaraq ziddiyyəti, parçalanmanı daha da dərinləşdirmək məqsədi güddüyünü dəfələrlə demişəm və son hadisələr bunu bir daha təsdiqləyir.

Belə bir vəziyyətdə DAK rəhbərliyinin öz qurultayını əvvəlcədən təyin olunmuş vaxtda keçirməkdən başqa yolu qalmır. Bununla bərabər, DAK dünya azərbaycanlılarının bütün diaspor təşkilatları və güclərinin bir mərkəzdə birləşməsinin vacib olduğunu bəyan edir və bu prinsipə sadiq qalaraq öz qapılarının müraciət edən bütün təşkilat və şəxslərin üzünə, hətta iddiaçılara da açıq olduğunu bildirir və qurultaya dəvət edir”