Sabir Rüstəmxanlı Fransada islamdan danışdı

sabir-rustemxanli-fransada-islamdan-danisdi
Oxunma sayı: 674

“Qafqazinfo”nun məlumatına görə, Sabir Rüstəmxanlı avqustun 13-də Parisin ən gözəl tarixi salonlarından birində 2 min nəfərdən artıq müsəlman üçün verilən iftar mərasimində çıxış edib. Mərasimdə yerli nümayəndələrdən əlavə Əfqanıstan, İran, İraq, Suriya, Livan, İordaniya, Fələstin, Küveyt, Misir, Tunis, Liviya, Mərakeş və başqa İslam ölkələri parlament deputatları, səfir və diplomatlarının, eləcə də bir sıra tanınmış mətbuat orqanı təmsilçiləri iştirak edib.

Bölgədəki və İslam aləmindəki durumdan bəhs edən Sabir Rüstəmxanlı «islam» və «terror» anlayışlarının qarşılaşdırılmasından, İslamın siyasiləşməsindən və bu yolla müsəlman aləmində böyük insan tələfatına yol açan aqressiyalardan, İslamı bir din olaraq gözdənsalma cəhdlərindən narahatlığını dilə gətirib.
Azərbaycanın Ermənistana münasibətdə və Dağlıq Qarabağ probleminin ədalətli həllində beynəlxalq hüququn işə düşməməsini, bir milyondan artıq qaçqın-köçkünün dərdini qeyd edən S.Rüstəmxanlı bu işğalın aradan qaldırılmasında müsəlman ölkələrinin və təşkilatlarının fəallıq göstərməsinin vacibliyini söyləyib: «Təəssüf ki, bir sıra İslam ölkələri problemin mahiyyətini bilmir və ya özlərini seyrçi kimi aparırlar. Azərbaycan İslam ölkələrinə göstərdiyi diqqət və qayğıya adekvat cavab gözləsə də, çox zaman biz bu qarşılığı almırıq». Bəzi İslam ölkələrinin hətta işğalçıya yardım etdiyini diqqətə çatdırıb: «Beynəlxalq hüquq normalarını pozan, Azərbaycan ərazisini işğal edən, bir milyondan artıq müsəlmanı qaçqın salan, on minlərlə azərbaycanlı müsəlmana qarşı soyqırım həyata keçirən Ermənistana İran İslam Respublikasının yardım göstərməsi, İran rəsmilərinin Azərbaycana münasibətdə məsuliyyətsiz və heç bir ölçüyə sığmayan, dövlətçiliyi təhdid edən açıqlamaları İslam vəhdətinə zərbə və ümumilikdə İslam dünyasına xəyanətdir».

Daha sonra Sabir Rüstəmxanlının Əfqanıstan, İraq, İordaniya, Mərakeş və digər ölkələrdən gələn deputat və diplomatlarla geniş tərkibli görüşü keçirilib.

Səidə