Sabirabad sakini Kəmaləddin Heydərovdan pul istədi

sabirabad-sakini-kemaleddin-heyderovdan-pul-istedi
Oxunma sayı: 829


Bu yaxınlarda Sabirabadın Azadakənd kəndinin sakini, evi 2010- cu ilin Kür daşqınlarının təsirinə məruz qalmış Həsənova Arzu evinin tikilməsi üçün ondan Sabirabad rayon İcra Hakimiyyəti tərəfindən rüşvət istənildiyini bildirib. “Qafqazinfo”nun məlumatına görə, o, prezident İlham Əliyevə, fövqəladə hallar naziri Kəmaləddin Heydərova ünvanladığı məktubun surətini “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına göndərib. Məktubda deyilir; “Mən başsız qadınam, heç yerdə işləmirəm. Gələcəyin əsgəri olan oğlumu çətinliklə böyüdürəm. Ötən ilki Kür daşqınları evimi uçurdu. Hökumət Komissiyası gəlib evimə baxış keçirdi və qərara gəldilər ki, evim tikilsin. Buna çox sevindik, lakin sevincimiz uzun sürmədi. Çünki Sabirabad İcra Hakimiyyətinin Azadakənd kəndi üzrə nümayəndəsi bizə bildirdi ki, rayon İcra Hakimiyyəti evin tikilməsi üçün 5.000 manat pul istəyir. Bizim isə heç bir imkanımız yoxdur pul verməyə. Onlar açıq- aşkar məndən rüşvət tələb edirlər.

Hörmətli prezident, hörmətli Kəmaləddin müəllim, xahiş edirəm ya mənə 5.000 manat borc pul verin ki, aparıb onları razı salım, evim tikilsin, ya da ki, bu məmurlar haqqında lazımi ölçü götürün”.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Sabirabadın Azadakənd kənd sakini Həsənova Arzunun şikayəti ilə bağlı məsələnin araşdırılması, ondan rüşvət tələb edən məmurlar haqqında ölçü götürülməsi, Hökumət komissiyasının qərarının yerinə yetirilməsi üçün aidiyyatı qurumlara, o cümlədən Respublika Baş Prokurorluğuna və Fövqəladə Hallar Nazirliyinə müraciət edib.