Sabirabadda görüş üçün yer ayrıldı

sabirabadda-gorus-ucun-yer-ayrildi
Oxunma sayı: 676

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, nəzərdə tutulan görüşün fevralın 28-da keçirilməsi planlaşdırılır.

Məlum olduğu kimi Sabirabadda Kür Araz daşqınlarının təsirinə məruz qalan sakinlərin bu ilin yanvar ayının 7- də “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvləri ilə görüşünə yerli İcra Hakimiyyəti və Polis Şöbəsi tərəfindən icazə verilməyib. Görüşün keçirilməsi üçün öncədən “Şam” İstirahət Mərkəzi ilə müqavilə bağlansa da müqavilə ləğv edilərək görüşə gələnlər polisin gücü ilə dağıdılıb, Qərargah nümayəndələri Mehman Əliyev və Oqtay Gülalıyev Polis Şöbəsinə dəvət edilərək onlarla söhbət aparılıb. Bundan sonra “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Prezident Administrasiyasına və Sabirabad RİH-ə rəsmi müraciət edərək nəzərdə tutulan görüşün keçirilməsinə şərait yaradılmasını istəmişdi. Yanvar ayının 25- də rayon İcra Hakimiyyətinə dəvət olunan “Kür” Qərargahının koordinatoru Oqtay Gülalıyev İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovla görüşüb. Görüşdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın vacibliyini bildirən N. İsmayılov nəzərdə tutulan görüşün keçirilməsinə şərait yaradılacağını bildirmişdi.

Dünən Sabirabad rayon İcra Hakimiyyətinin ictimai- siyasi şöbəsindən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına Kür Araz daşqınlarının təsirinə məruz qalan sakinlərlə nəzərdə tutulan görüşün fevralın 28- də keçirilməsinə razılıq verildiyi və bunun üçün müvafiq yer ayrıldığı bildirilib.

Qeyd edək ki, görüşdə daşqınların təsirinə məruz qalan sakinlərlə yanaşı Fövqəladə Hallar Nazirliyinin, yerli İcra Hakimiyyətlərinin və digər dövlət qurumlarının da iştirakı gözlənilir.

Sədan