Sabirabadda vəziyyət yenidən gərginləşdi – İcra hakimiyyətinə yürüş oldu

sabirabadda-veziyyet-yeniden-gerginlesdi-icra-hakimiyyetine-yurus-oldu-
Oxunma sayı: 661

Aksiya iştirakçılarının “Qafqazinfo”ya verdiyi məlumata görə, aksiyada rayonun Ulacalı, Mürsəlli və Şıxlar kəndinin sakinləri iştirak ediblər. Onlar aksiyada bir sıra sosial tələblər irəli sürüblər. Aksiya iştirakçıları bildiriblər ki, daşqınlardan zərər çəkən 195 ailəyə bu günə qədər hər birinə cəmi 100 manat kompensasiya ödənilib. Halbuki bunun 1000-1600 manat arası olmalı olduğunu qeyd ediblər.

Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov aksiya iştirakçılarından 20-ni qəbul edib. Onları dinləyən icra başçısı bir həftə müddətində problemlərin həllinə çalışacağını bildirib. Sakinlər bildiriblər ki, daşqınlar zamanı zərər görmüş evlərə baxış zamanı qeyri-obyektivliyə yol verilib. Digər tərəfdən yolların bərbad vəziyyətdə olduğunu bildirən sakinlər bu problemin də həllini tələb ediblər. Digər problem isə kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı olub. Belə ki, sakinlər deyib ki, yerli icra hakimiyyəti orqanlarının müdaxiləsi nəticəsində kənd təsərrüfatı məhsullarının, əsasən də qarpızın rayondan kənara çıxarılmasına imkan verilmir. Onlar bu problemin də aradan qaldırılmasını tələb ediblər.

Görüşdən sonra sakinlər bəyan ediblər ki, əgər bir həftə müddətində bu problemlər öz həllini tapmasa, o zaman aksiyalar davam edəcək. Onlar növbəti dəfə magistral yolu bağlayacaqlarını və Prezident Aparatının qarşısına yürüş edəcəklərini qeyd ediblər.