Sabirabadda vəziyyət yenidən gərginləşdi- Mitinq olacaq

sabirabadda-veziyyet-yeniden-gerginlesdi-mitinq-olacaq
Oxunma sayı: 804

Sabirabad rayonunda enidən gərgin vəziyyət yaranıb. Bu barədə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına rayon sakinləri məlumat veriblər. “Qafqazinfo”nun məlumatına görə, onlar bildiriblər ki, baş qaldıran narazılıqlarla bağlı iyulun 4-də rayon icra hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirməyə qərar veriblər. Buna səbəb isə daşqınlardan zərər çəkmiş sakinlərin bir qrupunun rayonun icra başçısı Nazim İsmayılovla görüşü olub. Sakinlər görüşdə onlar başçının diqqətinə çatdırıblar ki, ölkə prezidenti İlham Əliyevin mayın 5-də rayona səfəri zamanı bir sıra tədbirlərin həyata keçirilməsi ilə bağlı konkret tapşırıqlar və sərəncamlar verib. Onlar icra başçısının diqqətinə çatdırıblar ki, həmin sərəncam və tapşırıqların heç biri həyata keçirilmir. Bunun cavabında isə icra başçısı onları nankor adlandırıb və bu sakinlərin qəzəbinə səbəb olub. Buna görə də görüşdə iştirak edən 80 nəfər sakin aksiyanın keçiriləcəyini bəyan ediblər.

Aksiya təyin edildikdən sonra isə sakinlərə qarşı təzyiqlərin başlandığı bildirilir: “Bu gün Əsgərbəyli, Qasımbəyli, Axpaçı kəndlərinə polis qrupları göndərilib. Artıq bu kəndlərdə polislər keşik çəkirlər. Onlar sakinləri hədələyirlər ki, heç bir aksiya olmayacaq. Həmçinin bir qrup sakinin evlərinin sənədləri toplanılıb. Bu yolla da onlara təzyiqlər edilir”.

Rayon sakinləri bildiriblər ki, məsələylə bağlı onlar ölkə KİV-nə müraciət etməyi nəzərdə tutublar. Onlar bildiriblər ki, yerli məmurlar prezidentin sərəncamını yerinə yetirmək əvəzinə təxribatla məşğul olurlar, daşqınların nəticələrinin aradan qaldırılması üçün ayrılmış vəsait aidiyyatı üzrə xərclənməyib və bu da ciddi narazılıq yaradır.