Şahbaz Xuduoğlu, “Ətriyyatçı” erotikadı?

sahbaz-xuduoglu-etriyyatci-erotikadi-
Oxunma sayı: 712


Patrik Züskindin “Ətriyyatçı” romanını aldım. Bilirdim ki, “Qanun” nəşriyyatında hazırlanıb, 500 tirajla Cavanşir Yusiflinin tərcüməsində çap olunub. Amma bilmirdim bu əl boyda kitabı alandan sonra əvvəl onu, sonra başımı gizlətməyə yer axtaracam.

Demək olar ki, evdə kitab oxumağa vaxtım çatmır. Lap əvvəldən vaxtımı düzgün bölməmişəm. Küçələrdə, metro qatarlarında, parklarda mütaliyə etmək taleyimə yazılıb. Başqalarına da belə tale arzulamaq istərdim.Hamının arasında hamıdan uzaq olur adam.

“Ətriyyatçı”nı Səlim Babullaoğlunun tərcüməsində Zahir Əzəmətin baş redaktoru olduğu “Roman kitab” da oxumuşdum. Deyirdilər ki, ixtisarla tərcümə olunub. Ona görə də əsərin kitab şəklindəki nəşrinə sevindim. Sevincim “Ətriyyatçı”nı əlimə alana qədər çəkdi. Üz qabığındakı arxadan balinaya oxşayan biədəb fotmaya malik və naşı fotoqrafın “əsəri” olan lüt qız şəklini görəndə İçərişəhər metrostansiyasının qarşısındakı yeraltı keçiddə yerləşən kitab mağazasının çoxdan tanıdığım satıcısına bircə bunu deyə bildim: “Bu, kitab erotikadan bəhs etmir axı”...

Metroya düşəcəkdim, 6 dayanacağı olan yolda xeyli oxuyacaqdım, görünüşündən balinalıq tökülən qız şəkli imkan vermədi. Birinin əlində kitab görəndə belə mənzərə ilə gec-gec qarşılaşdıqları üçün diqqətlə baxanlara necə başa salım ki, bu qızın nə əsərin müəllifi Züskində, nə də qəhrəmanı Qrenuya dəxli var. Əgər naşir bunu bilmirsə ki, Qrenuy seksual manyak deyil və bir dəfə də olsun xəyalında belə, qızlarla intim əlaqəyə girmir, eləcə onların ətrini çıxarmaqla həyatda yaşayır, metro qatarındakı xoşbəxtliyi səhər işə, axşam evə qayıtmaqda görən adamlar hardan bilsinlər...

Buralar necə yerdi ilahi? Nəyi sevdirmək istəyirlərsə ona nifrət donu geyindirib təqdim edirlər. Muğamı da belə elədilər, teatrı da, mətbuatı da, televiziyanı da, kitabı da. Muğamı sevmək istəyirdik, bəh-bəhlə başımızdan yuxarı çıxarılan, məsələn, Səkinə İsmayılova “Fab” boyalarından muğamat aşı düzəltdi, Habil Əliyev kamançanı başına qaldırıb toppuz kimi onun-bunun başına vurmaqla məşğul oldu. Tamaşaya getmək istədik. Hüseynbala Mirələmovun “Xəcalətini” dürtdülər boğazımıza. Birtəhər əlimizi salıb çıxarmışdıq ki, pafosundan yer cırılan Nürəddin Mehdixanlı səhnəyə içkili çıxdı. Tamaşaçılar xəcalətdən o cırılan yerə girdi.
Oxunulası bir-iki qəzet, hörmət olunası bir-iki jurnalist qalmışdı. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu oxuculara sevdirmək məqsədi ilə qəzetlərə pul payladı, ardınca da bəyan etdi ki həmişə paylayacaq. Paylama prosesinə start verilən kimi, yenə məsələn, “Azadlıq” qəzetində 30 min manata 6 aylıq layihə başlanıldı. Bir ay ərzində cəmi 20 dəfə nəşr olunan səhifəlik yazı azərbaycançılığın təbliğinə yönəlmişdi. Bunu o adamlar edirdilər ki, yenə, yenə məsələn, o adamlardan biri, baş redaktor Qənimət Zahid “azərbaycançılıq” adına heç nə tanımadığını deyirdi, türküçülükdən dəm vururdu. Dəm qaynadı, çayniki ximikat qatılmış çayları dibinə boşaltmaqdan quruyan həmin ağacın dibinə əndərdilər.

Oğrular evə girməsinlər deyə, televizorların ekranına asdığımız dəmir barmaqlıqları ölkənin ən bərkgedən məmurlarının, burda artıq “məsələn”ə ehtiyac yoxdu, dəqiqdi, Prezident Admnstrasiyasının rəhbəri Ramiz Mehdiyevin efir siyasətini yazılı şəkildə sərt tənqid etməsindən ruhlanıb yenicə çıxarmışdıq ki, çırtma səsi, falçı ağlaşması, tamada bağrışması, serial çaxnaşması qara ayqırın üstündə soxuldu evlərimizə. Qabağına çıxan hər şeyi ayağının altına alıb, çıxıb getdi.

Əlimdə “Ətriyyatçı” xarabalığın ortasında dayanmışam. Üz qabığındakı xanımın şəklinə baxıb düşünürəm: Görəsən, özünün xəbəri varmı şəklini mahiyyətə dəxli olmayan yerdə istifadə ediblər?.. Hə, bir də onu düşünürəm ki, görəsən Patrik Züskind kitabının azərbaycansayağı nəşrini əlinə alsa, ilk sözü nə olar? Deyim? Əlbəttə deyə bilərəm. Mən bizi də, onları da yaxşı tanıyram. Cənab Züskind soruşardı: “Bu erotikanı nə vaxt yazmışam?”.

P.S. Öz aramızdı, bu yazıyla nəşri reklam etmiş oldum. Əminəm ki, heç olmasa, iki oxucu balina-qız şəklinə bürünmüş “Ətriyyatçı”nı alacaq. Alın, əla əsərdi. Sadəcə üzünə üz çəkin. Çölünü görənlər içinə pis qiymət verməsinlər deyə.