Salyanda həbslər başladı

salyanda-hebsler-basladi
Oxunma sayı: 706

Bu barədə “Qafqazinfo”ya Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib. Onun sözlərinə görə, noyabrın 18-də Salyan rayonunun Qarabağlı kəndinin əsasən qadınlardan ibarət olan 300-dək sakini kəndə qaz tələbi ilə Şirvan—Salyan avtomobil yolunu bağlamışdı. 1 saatdan artıq davam edən aksiya polisin müdaxiləsi ilə dayandırılmışdı. Noyabrın 21-də isə həmin kəndin 4 nəfər sakini polis sahə rəisi Elşən Yusifova xəsarət yetirməkdə şübhəli bilinərək Salyan polis idarəsinə gətirilmişdi: “Onlardan biri 1976-cı ildə anadan olmuş, 3 az yaşlı uşaq atası, Şirvan bazarında göyərti satmaqla ailəsini dolandıran Aqil Qədirov barəsində Salyan rayon prokurorluğunda cinayət məcəlləsinin 315.1—hakimiyyət nümayəndəsinə müqavimət göstərmə—maddəsi ilə cinayət işi başlanmışdı. Bizim gördüyümüz tədbirlərdən sonra Aqil barədə həbs qəti imkan tədbiri seçilməyərək buraxılmışdı. Amma sonralar dəfələrlə rayon prokurorluğuna ifadə verən Aqil Quliyev bildirmişdi ki o sahə müvəkkilini vurmayıb. Hətta aksiyaya da təsadüfən gəlib çıxıb. Çünki evlərinə ta əvvəldən qaz xətti belə çəkilməyib. Lakin dünən yenidən prokurorluğa çağırılan Aqil barədə axşam saatlarında məhkəmədə həbs qətimkan tədbiri seçilib. Baş verənlərlə bağlı Salyan prokurorunun köməkçisi Sahib İsmayilovla görüşdüm. O bildirdi ki Aqil öz ifadələrində polis işçisinə xəsarət yetirmədiyini yazıb. Buna görə də məcbur olub həbs qəti imkan tədbiri seçiblər. Amma məncə bu ölkədə yenidən start verilmiş qorxu xofu yaratma kampaniyası ilə bağlıdır. Çünki Aqil həmin cinayəti törətsə də belə bu az ağır cinayətdir və 3 ilədək həbslə cəzalandırıla bilər. Belə cinayətlərdə isə adətən məhkəməyədək həbs qəti imkan tədbiri seçilmir. Bundan başqa onun öhdəsində 3 azyaşlı uşağı və xəstə anası var, ilk dəfədir ki məhkum olunur. Baş verənlərin ictimailəşdirilməsi üçün bütün tədbirlər görülür.

Onu da qeyd edim ki noyabrın 24-dən kəndə Salyan OİL-in mədənlərindən səmt qazının verilməsi bərpa olunub. Bu isə 700 nəfərlik abonentin yalnız yarısını əhatə edir. Azəriqaz tərəfindən isə kəndə yeni qaz xəttinin çəkilişi sürətləndirlib”.