Salyandaki ev qalmaqalına Ombudsman da qarışdı

salyandaki-ev-qalmaqalina-ombudsman-da-qarisdi
Oxunma sayı: 653

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, evlər püşk atma yolu ilə paylanıb və vətəndaş cəmiyyəti nümayəndələrinin bu prosesdə iştirakına imkan verilməyib. Sonradan məlum olub ki, qeyri-şəffaf həyata keçirilən “ev paylama” prosesində yeni mənzil sahiblərindən “şirinlik” adı ilə rüşvət istənilib və bu dəfə də evləri həqiqətən qəzalı olan xeyli sayda insan bu prosesdən kənarda qalıb.

Məsələnin diqqət çəkən məqamlarından da biri də odur ki, Salyanda inşa olunan yeni evlərin hansı qurum tərəfindən tikildiyi bu günə qədər tam bəlli deyil. Belə ki, ev paylama prosesini həyata keçirən Salyan RİH bu evlərin Fövqaladə Hallar Nazirliyi tərəfindən, sonuncu isə rayon icra hakimiyyəti tərəfindən ərsəyə gəldiyini bildirib.
Salyandakı ev qalmaqalı ilə bağlı “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Salyan RİH- nin başçısı Tahir Kərimova və Fövqəladə Hallar Nazirliyinə rəsmi informasiya sorğusu göndərərək evlərin hansı qurum tərəfindən tikildiyi, bir evin tikilməsinə hansı həcmdə vəsait xərcləndiyi, yeni mənzillərin paylanmasında püşk atmanın hansı prinsip və meyarlarla həyata keçirildiyi, kimlərə evlərin verildiyi və ev verilən vətəndaşların hansı formada seçildiyi və müəyyənləşdiyi barədə “İnformasiya azadlığı haqqında” Azərbaycan respublikasının qanununa uyğun şəkildə məlumat istəyib.
Bir neçə gün öncə isə İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova da sözü gedən rayonun Plastmas qəsəbəsində bu ilin avqust ayının əvvəllərində istifadəyə verilən evlərlə bağlı rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimova müraciət edib. Ombudsmanın Salyan rayon İcra başçısına göndərdiyi məktubda evlərin paylanması ilə bağlı “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının yaydığı açıqlamada irəli sürülən “qeyri- şəffaflıq” ittihamına aydınlıq gətirməsini istəyib.

Ombudsmanın bu addımı ilə bağlı “Kür” Qərargahından verilən açıqlamada İnsan Hüquqları üzrə Müvəkkilin hərəkəti təqdir olunur; “Salyanda istifadəyə verilən 42 evin hansı qurum tərəfindən inşa olunduğu, evlərin paylanmasında tətbiq olunan yanaşmanın mahiyyəti, qeyri- şəffaflıq və korrupsiya elementləri barədə bu günə qədər aidiyyatı qurumların susması fonunda Ombudsmanın atdığı addımı təqdir edirik. Göndərdiyimiz sorğuya müvafiq qurumlar tərəfindən təfsilatlı cavab istəyirik”.

Nigar Məmmədli