Salyandakı evlərin yiyəsi tapılmır

salyandaki-evlerin-yiyesi-tapilmir
Oxunma sayı: 678




Salyandakı ev qalmaqalı ilə bağlı “Kür” Qərargahı sorğu göndərib. “Qafqazinfo”nun məlumatına görə, “Kür” Qərargahı bir neçə gün əvvəl Salyanda Plastik qəsəbə deyilən ərazidə 42 ailəyə tikilərək istifadəyə verilən evlərə görə sakinlərdən rüşvət alındığını bildirir. Qərargah evlərin püşk atma yolu ilə paylandığını, lakin vətəndaş cəmiyyəti nümayəndələrinin bu prosesdə iştirakına imkan verilmədiyini qeyd edib: “Sonradan məlum olub ki, qeyri- şəffaf həyata keçirilən “ev paylama” prosesində yeni mənzil sahiblərindən “şirinlik” adı ilə rüşvət istənilib və bu dəfə də evləri həqiqətən qəzalı olan xeyli sayda insan bu prosesdən kənarda qalıb”. Qərargah onu da bildirib ki, məsələnin ən maraqlı tərəfi Salyanda inşa olunan yeni evlərin hansı qurum tərəfindən tikildiyinin bəlli olmamasıdır: “Məsələyə dərhal reaksiya verən FHN rəsmiləri isə yeni tikilən evlərin sözü gedən nazirliyə heç bir aidiyyatı olmadığını bildirərək evlərin Kür daşqınları ilə bağlı deyil, qrunt sularından əziyyət çəkən sakinlər üçün Salyan RİH tərəfindən tikildiyini açıqlayıb. Maraqlıdır ki, bu məlumatlar ictimailəşdikdən sonra vətəndaş cəmiyyəti institutlarını evlərin püşk atması və paylanması prosesinə qatılmasına imkan verməyən Salyan RİH- nin rəhbərliyi yerli QHT nümayəndələri ilə görüşərək onlara əməkdaşlıq təklif edib, Salyanda 42 ailəyə paylanan yeni evlərin FHN tərəfindən tikildiyini qeyd edərək onlara sübüt kimi nazirlikdən faksla göndərildiyi bildirilən siyahı təqdim edib. Maraqlıdır ki, sözü gedən siyahının FHN tərəfindən göndərildiyinə dair heç bir sübut- imza, möhür və s. yoxdur.

Məsələnin ciddiliyini nəzərə alan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı bununla bağlı Salyan RİH- nin başçısı Tahir Kərimova və Fövqaladə Hallar Nazirliyinə rəmsi informasiya sorğusu göndərib. Sorğuda Salyanda Plastik qəsəbədə avqust ayının əvvəllərində istifadəyə verilən 42 evin hansı qurum tərəfindən tikildiyi, bir evin tikilməsinə hansı həcmdə vəsait xərcləndiyi, evlərin paylanmasında püşk atmanın hansı prinsip və meyarlarla həyata keçirildiyi, kimlərə evlərin verildiyi və ev verilən vətəndaşların hansı formada seçildiyi və müəyyənləşdiyi barədə “İnformasiya azadlığı haqqında” Azərbaycan respublikasının qanununa uyğun şəkildə məlumat istənilir.