Samir Şərifov 6 ayda nə iş görüb? - Hesabat

samir-serifov-6-ayda-ne-is-gorub-hesabat
Oxunma sayı: 693

“Qafqazinfo”nun məlumatına görə, bunu prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 116,0 faiz əməl edib, yəni büdcəyə 2 milyard 968 milyon manat, ötən ilin eyni dövrünə nisbətən isə 405,0 milyon manat və ya 15,8 faiz çox vəsait təmin edib:

“Həmin vəsaitin 55,0 faizi və ya 1 milyard 633 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 222 milyon manat və yaxud 15,8 faiz çoxdur.

Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,4 faiz əməl olunmaqla büdcəyə 557,0 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çoxdur. Dövlət Neft Fondundan büdcəyə 4 milyard 592 milyon manat vəsait transfer edilib. Sair daxilolmalar üzrə büdcəyə 17,0 milyon manat vəsait təmin edilib. Cari ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 91,4 faiz və ya 7 milyard 110 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2 milyard 227 milyon manat və ya 45,6 faiz çox icra olunub”.

S. Şərifovun sözlərinə görə, xərclərin funksional təsnifatına uyğun olaraq cari ilin altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə investisiya xərclərinə 1,9 dəfə, iqtisadi fəaliyyətlə bağlı xərclərə 42,8 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 42,1 faiz, müdafiə xərclərinə 41,6 faiz, mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi xərclərinə 36,9 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 28,0 faiz, nəqliyyat və rabitə xərclərinə 19,4 faiz, səhiyyə xərclərinə 16,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 6,3 faiz vəsait yönəldilib.

“İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayı ərzində dövlət büdcəsinə daxil olan vəsaitin 32,3 faizi və ya 2 milyard 300 milyon manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2011-ci ilin eyni dövrü ilə müqayisədə 370,0 milyon manat və ya 19,2 faiz çox olub.

Cari ilin altı ayında investisiya xərclərindən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 514,0 milyon manat vəsait istifadə olunub.

Ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturların tikintisi və yenidənqurulması üçün 1 milyard 476,0 milyon manat, o cümlədən yol-nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 405,0 milyon manat, “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası üçün 118,0 milyon manat, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulmuş tədbirlərə 150,0 milyon manat, su təchizatı və kanalizasiya sisteminin bərpası və yenidənqurulması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 154,0 milyon manat, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması tədbirləri üçün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Acıq Səhmdar Cəmiyyətinə 156,0 milyon manat vəsait yönəldilib” - deyən nazir onu da əlavə edib ki, altı ayda dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 118,0 milyon manat, o cümlədən Arpaçay və Ordubad su elektrik stansiyalarının tikintisinə üst-üstə 29,0 milyon manat, Naxçıvan şəhərinin və yeddi rayonun su təchizatı və kanalizasiya sisteminin tikintisinə 44,0 milyon manat, Naxçıvan-Culfa avtomobil yolunun yenidənqurulmasına 13,0 milyon manat vəsait sərf edilib. Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 348,0 milyon manat məbləğində vəsait istifadə edilib.

S. Şərifov həmçinin qeyd edib ki, son altı ayda Prezidentin Ehtiyat Fondundan müxtəlif şəhər və rayonlarda bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə 133 milyon manat vəsait ayrılıb, son iki ildə kəndlərarası yolların təmirinə 215 milyon manat vəsait xərclənib: “Hesabat dövründə dövlət büdcəsinin ehtiyat fondundan əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə 400,0 milyon manat, o cümlədən “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı tarixi Fərmanın icrası olaraq 300,0 milyon manat vəsait ayrılıb”.

Nigar Məmmədli