Samir Şərifov bank monopoliyası yaradır

samir-serifov-bank-monopoliyasi-yaradir
Oxunma sayı: 1237

Maliyyə naziri Samir Şərifov Azərbaycanın bank sektorunda monopoliya yaradır. Bu barədə “Qafqazinfo”ya maraqlı məlumatlar daxil olub. Məlumata görə, bu banklar arasında ayrı-seçkiliyin qoyulması, müəssisə və təşkilatların daha çox bir banka yönləndirilməsi ilə bağlıdır. Belə ki, Maliyyə Nazirliyi tərəfindən Naxçıvan MR Maliyyə Nazirliyinə, Maliyə Nazirliyinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə, o cümlədən Maliyyə Nazirliyinin Rayon (Şəhər) üzrə Maliyyə İdarələrinə (Şöbələrinə) maraqlı bir müraciət göndərilib. Həmin müraciətdə qeyd olunanlar məsələnin mahiyyətini tam çılpaqlığı ilə ortaya qoyur. Belə ki, sözügedən müraciəti olduğu kimi oxucuların diqqətinə çatdırırıq: “Azərbaycan Maliyyə Nazirliyi tərəfindən 2000-ci il 31 avqust tarixli İ-136 nömrəli əmrlə təsdiq edilmiş və Ədliyyə Nazirliyi tərəfindən 2000-ci il 22 sentyabr tarixdə Dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikasında Xəzinədarlıq sisteminin tətbiqi Qaydaları (II mərhələ)”na əsasən xəzinədarlığın tranzit hesabları yalnız Maliyyə Nazirliyi tərəfindən təyin edilmiş müvəkkil banklarda açılır və büdcə təşkilatlarının kassa əməliyyatları onlara xidmət göstərən xəzinədarlığın müvafiq Agent-bankda açılmış tranzit hesabları vasitəsilə həyata keçirilməlidir.

Lakin Maliyyə Nazirliyinə “Kapital Bank” ACS tərəfindən daxil olan məlumatlar onu göstərir ki, YXO-larda xidmət olunan bir sıra büdcə təşkilatları digər bankların xidmətlərindən istifadə edirlər. Belə ki, bəzi YXO-ların tranzit hesablarının “Kapital Bank” ACS-nin filiallarında açılmasına baxmayaraq, əsasən büdcə təşkilatlarında çalışan işçilərin əmək haqları ayrı-ayrı bankalara köçürülür ki, bu da öz növbəsində əlavə bank xərclərinin yaranmasına, gecikmə hallarına və digər mənfi hallara səbəb olur.

Bütün bunları nəzərə alaraq, Maliyyə Nazirliyi yuxarıda qeyd olunan faktların ilin sonunadək aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini və YXO-larda xidmət olunan büdcə təşkilatlarının kassa əməliyyatlarının (plastik kartla əmək haqqı və digər ödənişlər də nəzərə alınmaqla) tranzit hesablar açılmış Agent-banklar vasitəsilə həyata keçirilməsini Sizə tapşırır”.

Maliyyə idarələrinə verilən bu tapşırıqdan açıq-aydın görünür ki, söhbət bank sektorunda monopoliyadan, büdcə təşkilatlarının bank əməliyyatlarının Kapital Bankda aparılmasına təhrikdən, bu bankı monopolist banka çevirməkdən gedir. Məlumatlara görə, müraciətlə yanaşı maliyyə naziri Samir Şərifov tabeliyində olan qurumlara şəxsən telefon açaraq tapşırıqlarını verib. Onların sözügedən əməliyyatların başqa banklarda aparılmasının qarşısını almağa çağırıb.

Baş verənlər Mərkəzi Bankın təlimatlarına uyğun olmasa da, bu fakt nəzərə alınmır. Hətta Mərkəzi Bankın baş verənlərə etirazı belə dinlənmir. Azərbaycanda bank sektorunun sərbəst fəaliyyətinə qarşı yönələn, inkişafına mane olan bütün hallar dəfələrlə müxtəlif səviyyələrdə pislənilib. Bank sektorunun inkişaf etdirilməsinə əngəl olan maneələrin aradan qaldırılmasının zəruriliyi vurğulanıb. Lakin görünür hələ də bəzi səlahiyyətli şəxslər baş verənlərdən nəticə çıxarmaq əvəzinə, daha da aqressiv metodlara əl atmaqla bankların inkişafına mane olmaq istəyirlər.