Samir Şərifovdan necə sığorta olunmalı?

samir-serifovdan-nece-sigorta-olunmali
Oxunma sayı: 733





Azərbaycanın bank və sığorta sistemində mövcud olan ədalətsizliklər haqqında son günlər mətbuatda ardı-arası kəsilməyən informasiyalar dərc olunmaqdadır. “Qafqazinfo”nun məlumatına görə, bu barədə xəbərlər daha çox həyacan təbili çalma xarakteri daşıyaraq ölkənin bank sektorundakı özbaşınalıqlar haqqında SOS siqnalı verir. Bu məlumatların əksəriyyətini araşdırdıqda məlum olur ki, bank sektorunun azad rəqabətinə, sığorta sisteminin inkişafına mane olan əngəllər bir nöqtədən qaynaqlanlır. Bu nöqtə isə ölkənin baş maliyyə qurumu olan, daha doğrusu bu sahədə tənzimləyici vəzifəni daşımalı olan Maliyyə Nazirliyi - bu qurumun rəhbəri Samir Şərifovdur. Təxminən bir neçə həftə əvvəl ölkənin aparıcı KİV-lərində bu məzmunlu informasiyalar yer almışdı ki, Samir Şərifov bank sektorunda monopoliya yaradır. Bu informasiyanın mahiyyəti beləydi ki, Maliyyə Nazirliyi büdcədən maliyyələşən təşkilatları “KapitalBank”a keçirmək haqda rəsmi göstəriş vermişdi. Bununla bağlı isə konkret müraciət imzalanmışdı ki, Azərbaycan Respublikasında xəzinədarlıq sisteminin tətbiqi qaydalarına əsasən xəzinədarlığın tranzit hesabları yalnız Maliyyə Nazirliyi tərəfindən təyin edilmiş müvəkkil banklarda açılır. Büdcə təşkilatlarının kassa əməliyyatları onlara xidmət göstərən xəzinədarlığın müvafiq agent-bankda açılmış tranzit hesabları vasitəsilə həyata keçirilməlidir.

Həmin məlumatlarda maliyyə idarələrinə yalnız və yalnız “KapitalBank” ASC ilə işləmək tövsiyə olunurdu. Bu isə bank sektorunda monopoliyadan, büdcə təşkilatlarının bank əməliyyatlarının “KapitalBank”da aparılmasına təhrik etməkdən, bu bankı monopolist banka çevirməkdən gedirdi.

Əbəs yerə deyil ki, bu günlərdə “KapitalBank” ASC-nin İdarə Heyətinin sədri Elmar Məmmədov “Banklar və biznes” jurnalına verdiyi müsahibəsində faktiki ölkənin bank sektoruna meydan oxuyub, onlara yaradılan şəraitdən söz açıb. E. Məmmədov bir faktı açıqlayıb ki, “KapitalBank” ASC hazırda 2 milyondan artıq aktiv plastik kartla bu sahədə ölkənin lider bankıdır. Təkcə bu cümlə yuxarıda qeyd olunduğu kimi “KapitalBank” ASC-yə xüsusi münbit şərait yaradılmasını təsdiqləyir.

Bu tip xəbərlər Maliyyə Nazirliyinin daxilindəki mənbələrdən mətbuata sızdırılır. Orada aparılan ədalətsiz siyasətin üstü bəzi vicdanlı maliyyə mütəxəssisləri tərəfindən açılırdı. Belə məlumatlar hazırda da vaxtaşırı nazirlikdəki məlumatlı şəxşlər tərəfindən açıqlanmaqdadır. Bu məlumatları əldə etdikcə cəmiyyətə çatdıracağıq.

Maraqlı məqamlardan biri də Samir Şərifovun bank sektoruna zərbə vurması ilə yanaşı sığorta sistemində də nəzarəti həyata keçirməsi ilə bağlıdır. Bu gün faktiki ölkənin sığorta bazarını ələ keçirməyi qarşısına məqsəd qoyan maliyyə naziri iki böyük şirkətin sahibidir. Bunlardan biri “AzRe” adlı təkrar sığorta şirkətidir. İkincisi isə “Qala sığorta”dir ki, bu şirkət də həyat sığortası ilə məşğuldur. S. Şərifov sahibi olduğu sığorta şirkətləri ilə ölkənin sığorta biznesinə nəzrət etməklə, həm bu sahədə rəqabəti zəiflədir, həm də sözügedən sahədə əlavə şəxslər və qurumlar tərəfindən fəaliyyətin həyata keçirilməməsi üçün təzyiqlər edir.

Təsadüfü deyil ki, elə dünən “Azadlıq” qəzetindən “Azərbaycanlı məmur Rusiyada axtarışda” başlığı altında dərc olunan materialda Samir Şərifova yaxınlığı ilə seçilən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti şöbəsinin müdiri Namiq Xəlilov haqqında sensasiyon infromasoyalar yer alıb. Həmin informasiya belədir ki, Maliyyə Nazirliyinin şöbə müdiri Namiq Xəlilov Rusiyada axtarışdadır. O, maliyyə fırıldağında təqsirləndirilir. Bu barədə Rusiyanın nüfuzlu mətbuat orqanı olan “Novaya qazeta”nın veb-səhifəsində məlumat verilib. Məlumatda deyilir ki, bugünlərdə Nijni Novqorod Federal Təhlükəsizlik Xidməti İdarəsinin istintaq orqanının keçmiş rəisi Oleq Yefremovun “Borskiy” həbsxanasında cəzaçəkmə müəssisəsinin işçiləri tərəfindən vəhşicəsinə döyülərək öldürülməsi işi ilə bağlı səs-küylü məhkəmə prosesi başa çatıb.

Həmin qalmaqallı iş haqqında qeyd olunur ki, hələ 2007-ci ildə Nijni Novqorod şəhərində hansısa “Eksklüziv Investment” adlı Qapalı Səhmdar Cəmiyyəti peyda olub. Şirkətin baş direktoru yerli astroloq və münəccim Yuri Demidanov olsa da, əsl sahibi sən demə, Bakı şəhərindən olan bir azərbaycanlı imiş. Rusiya mətbuatında qeyd edildiyi kimi, hələ 1994-cü ildə “Bankın təşkilati strukturunun formalaşma proseslərinin idarə edilməsi” adlı dissertasiya yazan Namiq Xəlilovun Nijni Novqorod şəhərində yaratdığı “Eksklüziv Investment” adlı Qapalı Səhmdar Cəmiyyət şəhər sakinlərinin etimadını qazanaraq, 2007-ci ildən 2010-cu ilədək onların vəsaitləri ilə maliyyə maxinasiyası ilə məşğul olubmuş.

“Novaya qazeta”nın verdiyi məlumata görə, üç il işlədiyi müddətdə maliyyə piramidası 1 milyard rubl, yəni, təxminən 30 milyon manat vəsait toplaya bilib. Ancaq dividentləri ödəməyi dayandırıb. Sonra “Eksklüziv Investment” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru münəccim Demidanov həbs olunsa da, şirkətin sahibi N.Xəlilov hələ də azadlıqdadır və o, istintaq orqanının 5509 saylı qərarı ilə axtarışa verilib. İşin ən sensasion tərəfi isə N.Xəlilovun hal-hazırda Azərbaycanın Maliyyə Nazirliyində yüksək post tutmasıdır. Rusiyanın ən böyük şəhərlərindən Nijney Novqorodda fırıldaqçılıqla, maliyyə maxinasiyaları ilə insanların milyonlarını ələ keçirməklə məşğul olduğu iddia edilən bu şəxs hazırda Maliyyə Nazirliyində Dövlət Sığorta Nəzarəti Şöbəsinin müdiri işləyir.

Onu da qeyd edək ki, “Azadlıq” qəzetinin bugünkü sayında sözügedən materiala bir daha qayıdılıb. Və qeyd olunub ki, yazıda adı keçən şəxsin, yəni N. Xəlilovun atasının adı düzgün qeyd olunmayıb. Maliyyə Nazirliyi yazıda adı hallanan şəxsin bu qurumda çalışmadığını iddia edib.

Bu informasiyalardan sonra ortaya bir sual çıxır ki, əgər həqiqətən də “Novaya qazeta”nın veb-səhifəsində yazılanlar həqiqətdirsə, N. Xəlilov bütün bu işləri özbaşınamı görüb? Əgər özbaşına görübsə onun birbaşa tabe olduğu nazir Samir Şərifov hara baxıb? Azərbaycanın baş maliyyə idarəsinin məsul şəxsi haqqında baş verənlərə indiyə kimi niyə reaksiya verməyib? Bəlkə bu işlərin həyata keçirilməsində, sonradan isə ört-basdır edilməsində S. Şərifov şəxsən yardımçı olub? Hər halda bu suallara aydınlıq gətirilməlidir.
Görünən isə budur ki, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Şöbəsinin müdirinin başı Rusiyada məlum işlərə qarışdığından nazir Samir Şərifov sığorta sahəsində məsləhət bildiyi qaydaları tətbiq etməyə başlayıb.

Bir məqamı da qeyd edək ki, Samir Şərifovun apardığı siyasət artıq Mərkəzi Bank və Beynəlxalq Bank kimi ciddi qurumları da nrahat etməyə başlayıb. Yuxarıda qeyd etdiyimiz kimi büdcə hesabları “Beynəlxalq Bank”dan alınandan sonra Cahangir Hacıyevlə Samir Şərifovun münasibətləri daha da gərginləşib. Və həmçinin bu proses “Beynəlxalq Bank”a xeyli zərər vurub.

Bu nazirlikdə baş verənlər, daha doğrusu qanunsuz, ədalətsiz, azad rəqabətə zidd qərarlar haqqında Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən sızdırılan informasiyalar redaksiyamıza daxil olduqca oxuculara çatdıracağıq.

Yazıda adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq.