Samir Şərifovun nağılı - Vikiliksdə

samir-serifovun-nagili-vikiliksde
Oxunma sayı: 1088

Müstəqil mətbuata basqılar ABŞ-ın diqqətində

Amerikalı diplomat Vaşinqtona göndərdiyi teleqramın sonunda - şərh bölməsində yazır: “Azərbaycan hökuməti ölkədə müstəqil və müxalif KIV-in fəaliyyətinin məhdudlaşdırılmasına və ona təzyiqlərin artırılmasına çalışır”.

Enn Dersi qeyd edir ki, müstəqil və müxalif media Azərbaycan hakimiyyəti üçün ciddi təhlükə törətməsə də, hökumətdəki yüksək vəzifəli məmurlar azad mətbuat üzərində mütləq hakimiyyətə sahib olmaq istəyirlər. Diplomat tənqidçi media quruluşlarına və nümayəndələrinə qarşı təhlükənin olduğunu da yazıb: “Azərbaycan hakimiyyətinin yüksək vəzifəli məmurlarını tənqid edən jurnalistlərin həyatı həmişə təhlükədə olur. Hakimiyyətin yüksək elitasında təmsil olunan rəsmilər və digər mühüm siyasi fiqurlar azad şəkildə istənilən media qurumunu, jurnalisti məkəməyə verə bilir, onların barəsində sərt cəzaların çıxarılmasına nail olurlar. Bundan başqa, bəzi jurnalistlər fiziki işgəncələr və hücumlarla üzləşirlər. Jurnalistlərə fiziki güc tətbiq edənlər isə cəzasız qalır”.

Səfir rəsmi Bakının addımlarına inanmır

Enn Dersi daha sonra yazır ki, mətbuata qarşı hücumlara görə beynəlxalq təşkilatlar tərəfindən sərt tənqid olunan Azərbaycan hakimiyyəti müəyyən addımlar atmaqla bəzi problemləri yoluna qoymağa çalışır. Bununla belə, diplomat Azərbaycan hakimiyyətinin atdığı addımların mətbuat sahəsindəki ciddi problemləri aradan qaldıracağına inanmır: “Bu addımlar mövcud vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə dair optimis olmağa yetmir. Çünki hazırkı vəziyyəti dəyişmək, ölkədə azad mətbuatın inkişafı üçün Azərbaycan hakimiyyətinin güclü siyasi və sosial addımlar atması lazımdır. ABŞ hökuməti və beynəlxalq təşkilatlar müstəqil və müxalif mətbuata qarşı hücumların dayandırılması, jurnalistlərin siyasi-sosial hüquqlarının qorunması, müstəqil və müxalif medianın ayaqda qalması üçün güclü dəstək göstərməli olacaq. Bu və digər amillərə uzunmüddətli zəmanət olması üçün Azərbaycanda demokratiya və insan haqlarının inkişafı mütləqdir”.

Maliyyə nazirinin “gözlənilməz inkişaf” nağılı

Keçmiş səfirin 2007-ci il 1 iyun tarixli teleqramında isə ABŞ vitse-prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Cozef Vudun Azərbaycanın maliyyə naziri Samir Şərifovla keçirdiyi görüşün təfərrüatları qeyd olunub. Enn Dersi yazır ki, mayın 29-da Cozef Vud ilə maliyyə naziri Samir Şərifovun görüşündə Azərbaycan hökumətinin iqtisadi-maliyyə siyasəti ətrafında fikir mübadiləsi aparılıb. Maliyyə naziri amerikalı qonağa deyib ki, Azərbaycan iqtisadiyyatı “gözlənildiyindən də artıq dərəcədə dinamik inkişaf edir”.

Samir Şərifov cəmiyyəti nədə ittiham edib?

Dövlət-vətəndaş münasibətlərinin müzakirəsi zamanı isə Samir Şərifov deyib ki, cəmiyyətin düşüncə və mədəni səviyyəsi dövlətə münasibətdə çətinliklər yaradır. Nazir bildirib ki, sovet hakimiyyətinin idarəçilik sistemi azərbaycanlıları dövləti aldatmaq yönündə formalaşdırıb. Samir Şərifov bu düşüncə və mentalitetin dəyişdirilməsi üçün uzun müddət gərək olduğunu deyib.

Nazirin etirafları

Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyü məsələsinə toxunan Şamir Şərifov ölkəmizin qeyri-enerji iqtisadiyyatının rəqabətə hazır olmadığını və bunun da DTT-yə üzvlüyə maneələr yaratdığını bildirib. Maliyyə naziri Azərbaycan iqtisadiyyatının “güclü və rəngarəng, eyni zamanda qlobal rəqabətə” hazır olmadığını söyləyib. Bununla yanaşı nazir deyib ki, Azərbaycan hakimiyyəti problemlər olmasına baxmayaraq, DTT-yə üzvlükdə maraqlıdır.

Görüş zamanı Azərbaycanda korrupsiyanın olduğunu etiraf edən Samir Şərifov ABŞ rəsmisinə bildirib ki, korrupsiya və rüşvət hallarının geniş yayılması Azərbaycanı “çətin durum”la üz-üzə qoyub.

İlham Əliyevlə korrupsiya söhbəti

Enn Dersinin başqa bir məktubu isə 2007-ci il iyunun 20-da yazılıb. Diplomat Vaşinqtona göndərdiyi teleqramda ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Sempsonun Ilham Əliyevlə görüşünün təfərrüatlarını qeyd edib.

Sənədə görə, dövlət katibinin müavini Ilham Əliyevə bildirib ki, Azərbaycanın regional biznes platformasına çevrilmək imkanı var. ABŞ rəsmisi qeyd edib ki, korrupsiyaya qarşı ciddi addımların atılması Azərbaycana xarici investisiyanın axınını sürətləndirə bilər. Sempson Əliyevin diqqətinə çatdırıb ki, o, Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizə strategiyasının daha mükəmməl olacağına və beynəlxalq öhdəliklərə uyğun formatda həyata keçiriləcəyinə ümid edir.

Ilham Əliyev amerikalı rəsmiyə bildirib ki, korrupsiyaya qarşı yeni strategiya kifayət qədər effektli olacaq. Əliyev keçmiş sovetlər birliyinə daxil olan 15 respublikada korrupsiya hallarının geniş yayıldığını xatırladaraq Azərbaycanın bu problemlə mübarizəyə ciddi önəm verdiyini söyləyib.

Ilham Əliyev ölkədə korrupsiyanın səviyyəsinin azaldılmasına yönəlik addımlar kimi yol polisi və hakimlərin əməkhaqqlarının artırılmasını göstərib. O qeyd edib ki, yol polislərinin əməkhaqlarının 500 manata, hakimlərin maaşlarının isə 2000 dollara qədər artırılması bu sahələrdə rüşvət alma hallarını azaldıb.

Azadlıq qəzeti