“Sanksiyalar xalqa yox, İran dövlətinə yönəlib”-Mövqe

sanksiyalar-xalqa-yox-iran-dovletine-yonelib-movqe-
Oxunma sayı: 669

“ABŞ-ın İrana qarşı siyasəti bu ölkəyə təzyiqlərin artırılması, eyni zamanda, İranın nüvə məsələsinin diplomatik yolla həlli məqsədilə İranı ciddi müzakirələrə dəvət etməkdir”, - Eyr Trend-ə müsahibəsində bildirib.
Beynlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş katibi Yukiya Amanonun İranın nüvə proqramı ilə bağlı yeni məruzəsi bu ölkəyə qarşı sanksiyaların sərtləşdirilməsi ilə nəticələnib və son bir ayda İrana ABŞ, Avropa İttifaqı, Kanada, Avstraliya və Yaponiya müxtəlif sanksiyalar tətbiq ediblər.
Qərb ölkələri İranın nüvə silahı istehsal etmək niyyətində olduğundan şübhələnirlər. İran bildirib ki, nüvə proqramı dinc xarakterlidir. BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramını dayandırmaq məqsədilə bu ölkəyə qarşı dörd iqtisadi sanksiya tətbiq edib. ABŞ və Aİ də birbaşa İrana qarşı daha sərt sanksiyalar tətbiq ediblər.
Amanonun sonuncu hesabatı göstərir ki, beynəlxalq ictimaiyyətdə bu ölkənin nüvə proqramına dair narahatlıq var. İran elan edib ki, BAEA-nın sənədləri etibarsızdır. ABŞ və onun müttəfiqləri İrana təzyiqləri artırmaq istəyir, bu təzyiqləri xüsusilə də İranın Mərkəzi Bankı, neft və neft-kimya sənayesinə yönəldir.
Təzyiqlərin artırılmasında məqsəd budur ki, İran öz strateji hesablamalarında dəyişiklik etməyə razı olsun və öz nüvə proqramı ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirsin, eləcə də "5+1" ölkələri ilə müzakirələrə qoşulsun", - Eyr deyib.
Eyr beynəlxalq ictimaiyyət tərəfindən İrana qarşı sanksiyaların İran xalqını yox, dövlətini hədəfə aldığını deyib. "Biz çalışırıq ki, sanksiyaların İran xalqına mənfi təsiri minumuma ensin", - Dövlət Departamentinin rəsmisi bildirib.
Onun sözlərinə görə, sanksiyalar İran dövlətinə və onun qeyri-qanuni fəaliyyətinə yönəlib. "Deməliyəm ki, bu məsələ əslində beynəlxalq səviyyəli bir məsələdir. Yəni beynəlxalq ictimaiyyət bunu istəyir ki, İran öz beynəlxalq öhdəliklərini hökmən yerinə yetirsin. Beynəlxalq ictimaiyyət İranın həm nüvə proqramı və onun mümkün hərbi nəticələri ilə bağlı dərindən narahatdır, həm də İrandakı insan haqlarının vəziyyəti ilə bağlı narahatdır. Biz soruşmalıyıq: əgər İranın nüvə proqramının mahiyyəti yalnız sülh məqsədlidirsə, bəs nə üçün İran BAEA ilə əməkdaşlıq etmək istəmir? Gizli məqam yoxdursa, qorxu da olmamalıdır", - Eyr bildirib.
Eyr İranın ABŞ-ın "Çamadanda internet" (Internet in a Suitcase) layihəsinə qarşı mübarizə yollarını tapması ilə bağlı İran rəsmilərinin çıxışlarına münasibət bildirərək deyib ki, dövlət katibi Hillari Klintonun qeyd etdiyi kimi, internetdən istifadə etmək insanların fundamental hüquqlarının bir hissəsidir və İran dövlətinin öz xalqının ətrafına "elektron pərdə" çəkməyə çalışması həqiqətən təəssüf doğuran bir məsələdir.
Dövlət Departamentinin dəstəyi ilə həyata keçirilən "Çamadanda internet" layihəsi İran və internetdən istifadəni məhdudlaşdıran digər ölkələr üçün nəzərdə tutulub. Bu "çamadan"ı sərhəddən gizli keçirdikdən sonra geniş bir ərazidə internetə giriş imkanı verən naqilsiz kommunikasiya yaratmaq mümkün olacaq.
İran elan edib ki, "Çamadanda internet"ə qarşı müəyyən tədbirlər həyata keçirib, lakin tədbirlərin təfərrüatını açıqlamayıb.
"Bizim niyyətimiz budur ki, İran xalqı dünyanın digər xalqları ilə əlaqə qurmaq imkanı əldə etsin. ABŞ dövlətinin İran xalqının ətrafında bu "elektron pərdə"ni aradan qaldırmaq üçün müxtəlif təşəbbüs və proqramları var. Biz və bizim müttəfiqlərimiz İranın öz xalqına internetdən istifadəyə məhdudiyyət qoymağa çalışmasından narahatıq", - Eyr bildirib.
Hazırda "5+1" ölkələri tərəfdən Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton İranla nüvə məsələsi ilə bağlı müzakirələri davam etdirir. İran və "5+1" ölkələrinin sonuncu görüşü yanvar ayında keçirilib və Eştonun sözlərinə görə, "heç bir irəliləyiş əldə olmayıb". İran və Qərb arasında yanvar ayından etibarən müzakirələr dayandırılıb.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Alan Eyr bildirib ki, ABŞ İranı müzakirələri davam etdirməyə çağırır.
"Müxtəlif fərziyyələr haqqında fikir bildirmək bizi hədəfə çatdırmayacaq. Beynəlxalq ictimaiyyətin istəyi budur ki, İran müzakirələrə qoşulsun və tərəflər üçün məqbul, hərtərəfli və uzunmüddətli həll yolu tapılsın. Sual budur ki, əgər İranın nüvə proqramının mahiyyəti həqiqətən sülh məqsədlidirsə, onda bu ölkə belə müzakirələrə niyə qoşulmaq istəmir?" - Eyr deyib.