Sarı gəlin

sari-gelin
Oxunma sayı: 667



Əsərin əsas qəhrəmanı Təranə adlı qadındır. Müəllif Təranəni əsərdə yer alan bəzi dialoqlarda "Təriş" adlandırır. Əzizləmə mənasında. Təranə Bakını tərk edərək, Türkiyəyə gedir. Turan ellərini gəzib-dolaşır. Geyimini, dolanışığını dəyişir. Qəzet oxuyur. Osmanlı türkcəsində danışır. Onun Osmanlı türkcəsində danışması, Tağı Əhmədovun təbirincə desək, çox gülməli alınır.
Təranənin Türkiyə həyatı çox ustacasına, real, səmimi yazılıb. "Sarı gəlin" romanının müəllifi Əli Əkbərin uzun illər Türkiyədə yaşaması, Türkiyədə təhsil alması, yaxşı mənada öz təsirini göstərib. Mən romanın həmin hissəsini oxuyarkən 90-cı illərin ab-havasını, söz-söhbətlərini bir daha canlı-canlı xatırladım. O vaxtlar ki, bir çoxlarımız Türkiyəni Əmrahla, İbrahim Tatlısəslə, Türkan Şorayla tanıyırdıq. Əfsanələrə inanırdıq. Bakıya gələn türklər isə bizim sadəlövhlüyümüzdən sui-istifadə edirdilər. Hər biri Əmrahla, İbrahim Tatlısəslə şəxsən tanış olduqlarını deyirdilər. Biz də ağzımızı ayırıb onlara qulaq asırdıq. Türk seriallarından, filmlərindən qaynaqlanan kədər epidemiyasına yoluxmuşduq...
Təranənin Türkiyədə keçirdiyi günlər çox rəngarəngdir. Təranə adi qadın deyil. Onun ürəyi vətən eşqiylə döyünür. O, vətənini hədsiz dərəcədə sevir. Təranə fürsətdən istifadə edərək, hər bir müştərisinə Atropatena həqiqətlərini çatdırmağı özünə borc bilir. Yeri gəlmişkən, hadisələr Atropatena adlı ölkədə baş verir. Biz romanda "dişi atropat", "atropat türkləri", "atropat həqiqətləri", "qarabulaq həqiqətləri" kimi çoxmənalı sözlərə rast gəlirik. Romanın niyə "Sarı gəlin" adlanması da Təranənin Türkiyədə keçirdiyi günlərdən bəhs edən hissədə məlum olur. Təranə saçını sarı rəngə boyayır. Beləliklə, "Sarı gəlin" adı qazanır. Bununla paralel olaraq, Təranə həm də "Sarı gəlin" mahnısının ermənilərə deyil, atropatlara məxsus olması istiqamətində gərgin mübarizə aparır. O, hər bir müştərisinə sübut edir ki, "Sarı gəlin" mahnısı atropatlara məxsusdur, ermənilər bu gözəl mahnını atropatlardan xaincəsinə oğurlayıblar...
Təranə çox vətənpərvər qadındır. Bəzi türklərin "Sarı gəlin" mahnısını erməni mahnısı kimi tanımasına dözə bilmir. Vətənə xeyli pulla qayıdan Təranə bir oliqarxla tanış olur. Əcaib hadisələr baş verir. Və nəhayət, oliqarx Təranənin ad günündə ona deputat mandatı "hədiyyə" edir.
Əlbəttə, romanın süjetini tam yazmaq mümkün deyil. Bu, sadəcə bir tanıtım yazısıdır. Kitab artıq satışdadır. Şəhərin kitab mağazalarından cəmi beş manata ala bilərsiniz.

XXX

Romandakı ən maraqlı obrazlardan biri Laləzardır. Laləzar şeir yazır. Televiziyada aparıcılıq edir. Ürəyi vətən eşqiylə döyünür. Şeirlərində vətənin təbiətini, xalq qəhrəmanlarının rəşadətini, adət-ənənələrimizin gözəlliyini, ağsaqqal sözünün, ağbirçək öyüdünün müqəddəsliyini tərənnüm edir. Laləzar həm də mitinqdə həbs olunan müxalifətçilərə ekzotik cəzalar verməklə məşhurlaşır. Bu, əsla şəxsiyyətin ikiləşməsi anlamına gəlmir. Bu, sadəcə artistlikdir. Ölkəmizdə şeir yazan xeyli polis rəisi, prokuror var. Onlar həm poeziyanı sevirlər, həm də adamlara işgəncə verməkdən zövq alırlar. Bu, sadəcə onların həyat tərzidir. Adamlara işgəncə verib, sonra "Səfillər" əsərindən, poeziyadan, müqəddəs hislərdən danışmağı bacaran xeyli adam var ölkəmizdə.
XXX
Əsər toy hissəsiylə bitir. Məncə, bu təsadüf deyil. Azərbaycanda təxminən 600 şadlıq evi var. Toy Azərbaycanda çox ciddi ritualdır. Məhz toy olmayan günlərdə Azərbaycanda həyat ölür. Taksi sürücüləri, musiqiçilər, böyük ofsiant ordusu, gözəllik salonlarında çalışan ustalar boş-bekar qalırlar. Çünki bizdə bir çox qadınlar toydan-toya gözəllik salonlarına gedirlər. Toydan-toya kabab yeyirlər. Toy azərbaycanlılar üçün hər şeydir. Restoran, diskoteka, paltar göstərmək üçün yer, özünü göstərmək üçün şans, dava salmaq üçün məkan... Toy Azərbaycanın mini modelidir. Bir sözlə, körpü yolun bir hissəsi olduğu kimi, toy da bizim həyatımızın ayrılmaz hissəsidir.
"Sarı gəlin" romanında bizim toy adlı ritualımız çox şiddətlə ifşa olunub. Məsələn, toyda qiyməti 20 dollar olan kəpənəklər göyə buraxılır. Gəlin paltarının ətəyindən tutan balaca mələkləri toy əhli tutub yeyir. On dörd il Türkiyədə yaşamış və yaratmış Təranə bəyə sürpriz edərək, toy günü müasir tibb elminin yaratdığı şəraitdən yararlanaraq, bəkarətini bərpa etdirir...
Əsər şiddətli səhnələrlə zəngindir. Müəllif oxucuları əvvəlcədən xəbərdar etməyi unutmayıb. Müəllifin xəbərdarlığını tirajlamaq vacib əməldir. Bununla mən həm də özümü sığortalamış oluram: "On altı yaşına çatmamış yeniyetmələrin, ürəyi zəif adamların, hipertoniklərin, milli-mənəvi dəyərlərə aludə olanların, "Kurtlar vadisi" serialına heyranlıqla tamaşa edib, özünü Mematiyə, Polad Alemdara bənzətmək istəyənlərin, masonların uşaq qanı içməsinə inananların, Harun Yəhyanın kitablarındakı "fikirləri" elm kimi qəbul edənlərin, toy kasetinə baxıb özünə arvad axtaranların, il boyu işçisini təhqir və istismar edib, Qurban bayramında hərəyə bir kiloqram ət paylayıb, cənnətə ucuz bilet almaq istəyənlərin, Avropanın pis dəyərlərindən imtina edib, yaxşı dəyərlərini götürməyi özünün həyat fəlsəfəsinə çevirmiş adamların "Sarı gəlin" romanını oxuması tövsiyyə olunmur".

mia.az