Sarkisyan Azərbaycanı hədələdi

sarkisyan-azerbaycani-hedeledi
Oxunma sayı: 711

Ermənistan prezidenti Serj Sarkisyan son vaxtlar cəbhədə baş verən insidentlə bağlı açıqlama verib. “Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Sarkisyan təmas xəttində baş verənləri fövqəladə təhlükəli adlandırıb və Azərbaycan tərəfinə sərt cavab veriləcəyini deyib: “İstənilən erməni hərbiçisinin ölümü bütün erməni xalqının itkisidir. Biz hamımız həlak olanların ailələri ilə birgə kədərlənirik. Rəqibə cavab planında bizim kədərimizə təsəlli verəcək bir addım yoxdur. Mən həmişə demişəm ki, təmas xəttində provakasiya fövqəladə təhlükəlidir. Həmçinin qeyd etmişəm, onlar sərt cavab alacaqlar. Son vaxtlar baş verən insidentlər da bunu təsdiqləyir”.

Sarkisyan qeyd edib ki, əgər bu təxribatlar Azərbaycanın rəhbərliyinin sərəncamı üzrə həyata keçirilibsə, belə olan halda prezident şəxsən barışığın pozulmasına – Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklər görə məsuliyyət daşıyır yaxud bu ölkənin silahlı qüvvələri rəhbərliyin nəzarətindən kənara çıxıb. Belə olan halda bizim təşkil olunmuş ordu ilə deyil, ayrı-ayrı sahə komandirləri ilə mübarizəyə hazır olmalıyıq.

Ermənistan prezidentinin sözlərinə görə, onların hərbi güc tətbiq etmək üçün hər hansı səbəbləri yoxdur. Belə ki, Sarkisyan Qarabağ münaqişəsinin yeganə həll yolu kimi danışıqlar yolu olduğunu qeyd edir. Münaqişənin nizama salınması isə Dağlıq Qarabağ (qondarma) xalqının öz müqəddəratını təyin etmə hüququ ilə reallaşdırılmalıdır. “Azərbaycan tərəfi tam əksini edir. Ksenofobiyanın stimullaşdırılmasına vətəndaşları ölkənin daxili problemlərindən yayındırmaq vasitəsi kimi baxır”.

Sonda Sarkisyan Ermənistanın vəziyyəti gərginləşdirmək istəmədiyini, lakin Ermənistan vətəndaşlarına və Dağlıq Qarabağ xalqına yönəlmiş hər hansı bir addımı qarşılıqsız qoymayacağını qeyd edib: “Ermənistan silahlı qüvvələri təmkinlilik və ayıqlıq, eyni zamanda rəqib tərəfindən istənilən provokasiyaların qarşısını almaq və cəzalandırmaq əmri alıblar”.

Səidə