“Sarkisyan Medvedyevin nüfuzuna çox ciddi zərbə vurdu”

sarkisyan-medvedyevin-nufuzuna-cox-ciddi-zerbe-vurdu
Oxunma sayı: 707






«Serj Sarkisyan və Ermənistan Kazan görüşündə Rusiya prezidenti Dmitri Medvedyevin nüfuzuna çox ciddi zərbə vurdu». Bu fikri Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə «Qafqazinfo»ya açıqlamasında deyib. Partiya sədrinin sözlərinə görə, bu görüş beynəlxalq ictimaiyyətin diqqət mərkəzində idi və hamı gözləyirdi ki, Rusiya problemin həllində öz nüfuzundan istifadə edəcək. «Amma Ermənistan tərəfi həmişəki kimi qeyri-konstruktivlik nümayiş etdirdi. Nəticədə Medvedyevin cəhdləri nəticəsiz qaldı. Düşünürəm ki, Dmitri Medvedyevin prezidentlik müddətinin sona yaxınlaşdığı bir dövrdə Serj Sarkisyanın bu cür addım atması, düşünülmüş planın tərkib hissəsidir. Və Dmitrii Medvedyevin rəqiblərinə daha çox sərf edir» - deyən A.Mollazadə hesab edir ki, Rusiyanın cəhdlərinin sülhyaratma prosesinə müsbət təsir etməməsinin səbəblərini elə həm də Rusiyanın özündə axtarmaq lazımdır: «Təbii ki, Ermənistanın arxasında duran və onu müdafiə edən ölkənin güclü olması səbəbindən, Qərb dairələri bu proseslə bağlı konkret, ciddi addımlar ata bilmir».

A.Mollazadənin fikrincə, Kazan görüşünün nəticəsiz başa çatmasına baxmayaraq, danışıqlar mütləq davam etdirilməli və bu prosesə təkan verə bilən bütün beynəlxalq təşkilatların imkanlarından istifadə edilməlidir. «Beynəlxalq təşkilatlar təzavüzkarın sülhə məcbur edilməsinə dəstək verməlidir. Əks təqdirdə böyük bir bölgə çox ciddi təhlükə altında qalmış olacaq. Bu bölgənin inkişafında və sabitliyində maraqlı olan dünyanın nüfuzlu güc mərkəzləri tezliklə danışıqlarda nəticə əldə etməyə nail olmalıdır. Biz də bu səbəbdən bütün beynəlxalq tribunalardan istifadə etməliyik. BMT-dən tutmuş Avropa Parlamenti, ATƏT-in Parlament Assambleyasına qədər bütün beynəlxalq təşkilatları öz imkanlarını bu istiqamətdə səfərbər etməyə çağırmalıyıq» - deyə Mollazadə bildirib.
Partiya sədri hesab edir ki, beynəlxalq ictimaiyyətin Ermənistanın danışıqlar imitasiyasına son qoya bilməməsinin başlıca səbəbi, Ermənistanın ciddi sülhə, ciddi addımlar atmağa hazır olmaması ilə bağlıdır.

A.Mollazadə onu da bildirib ki, Azərbaycan cəmiyyəti ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən və onların Ermənistana mülayim yanaşmasından çox ciddi narazılıq etməkdə haqlıdır: «Biz yaxşı başa düşürük ki, həmsədrlərin fəaliyyəti bir növ siyasi turizmə çevrilib. Onların təcavüzkara etdikləri güzəştlər və mülayim münasibət sülhün əldə edilməsinə imkan vermir».