Sarkozi Bakıda

sarkozi-bakida
Oxunma sayı: 651

Fransa Prezidentinin Azərbaycana səfəri çərçivəsində oktyabrın 7-də Azərbaycanda fransız məktəbinin təsis olunması barədə sazişin imzalanması planlaşdırılır. Məktəb fransız dilində uşaq bağçasından başlamış liseylə başa çatan tam təhsil verəcək. Bu barədə çərşənbə günü Trend-ə diplomatik mənbələrdən məlumat verilib.

Bu, ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) də qoşulduğu hər iki ölkənin Təhsil nazirliklərinin birgə layihəsidir.

Sarkozinin Bakıya səfəri zamanı yüksək səviyyədə təkbətək formatda və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar keçiriləcək.

İkitərəfli əlaqələrin, regional məsələlərin, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirəsi nəzərdə tutulur. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Fransa danışıqlar prosesinin perspektivləri üzrə öz mövqeyini şərh edəcək.

Fransa Prezidentini Azərbaycanda fəaliyyət göstərən bir sıra Fransa şirkətlərinin nümayəndələri, bir neçə nazir müşayiət edəcək.

Sarkozinin Cənubi Qafqaz ölkələrinə səfəri oktyabrın 6-da başlayıb. Əvvəlcə o, Ermənistana səfər edib. Oktyabrın 7-də isə Sarkozi Azərbaycana və daha sonra Gürcüstana yollanacaq.