Saxta qonaqpərvərlik brendimiz

saxta-qonaqperverlik-brendimiz
Oxunma sayı: 659

Bu gün badə qaldırıb sağlığına içdiyi dostunun, əzizinin sabah başına bir faciə gəldikdə illərlə onun yetimlərindən xəbər belə tutmurlar...

Deyirəm tərifləmək vərdişimizə bir az fasilə verib, “həqiqət” və ya “acı həqiqət” deyilən bir şeyin düz gözünün içinə baxaq? Cəsarətimiz çatmırsa, heç olmasa kipriyinə, qaşına..

“Qonaqpərvər” olmaq gözəl bir xüsusiyyətdir, mənim xalqımızda da ən çox dəyərləndirdiyim məhz budur, ta uşaqlıqdan ailəm mənə bunu aşılayıb, ancaq o fikirlə qəti razılaşa bilmirəm ki, bizim qonaqpərvərliyimiz digər xalqlardan üstündür, biz hər şeydə digər xalqlardan üstünük... Biz qonaqpərvərliyi necə başa düşürük? Xaricdən gələn qonaqlarımızı halları dəyişənəcən yeyib-içirtməkdir qonaqpəərvərlik? Yoxsa bəzi “qadın”ların həyat yoldaşlarından gələcək qonağın sosial statusunu öyrənib ona uyğun süfrə açmasıdır qonaqpərvərlik?
Süfrə məsələsinin kökünü araşdıraq. Biz bir-birimizə qonaq gediriksə mütləq “yeyib-içmək”, “pay aparmaq”, “uşaqlari ələ öyrətmək” olması şərtdir.
“Mən ölüm, bunun dadına bax, sən mənim canı, onu yemə bunu ye.. “Bu halda nəinki ev yiyəsi əldən düşür, eyni zamanda qonaq da sıxılır. Olmaz ki, qohumun, dostun, tanışın evinə istədiyin vaxt - daha tez-tez gedib, bir stəkan çay içib ordan-burdan (ədəbiyyatdan da olar) diskusiya aparasan (qeybət yox). Nahar, şam etmək mütləqdir? Bəlkə elə buna görədir ki, daha insanlar bir-birinin evinə nadir hallarda getməyə başlayıblar? Bizdə nə qonaq gedən, nə qonaq qəbul edən sərbəst olmayıb heç vaxt... Elə o “sən mənim canım” məsələləri üzündən..
Bəyənmədiyimiz əcnəbi seriallarda da yalnışlıq axtarıb yalnız onların çimərlik paltarlarının bizim milli mentalitetə zərər kimi dəyərləndirdik. (Bu mentalitet bizi qıracaq, vallah..) Lakin onların həyat tərzlərini görmədik, görmək istəmədik. Niyə fikir vermədik ki, onlar bir-birilərinin evinə 5 dəqiqəlik, 10 dəqiqəlik dəyib hal-əhval tuturlar və həmişə də bir-birilərinin qayğılarından xəbərdardırlar. Biz buna əhəmiyyət vermədik. Əlbəttə, biz digər xalqlarda nöqsan axtarmağı bacarırıa, təki öz üstünlüyümüzü nümayiş etdirək.
İndi, açığı, əvvəlki mehribanlığımızdan çox az şey qalıb, indi artıq qonşu qonşunun qapısını belə qorxa-qorxa açır.

Amma yox, xəbərlərdə hər zaman bunun tam əksidir.Yaxşı, biz əliaçıq, qonaqsevər, nəbilim nə xalqıq. Əlbəttə, biz əliaçığıq, o qədər əliaçığıq ki, ingilisin dəhşətli bir yuxu kimi xəyalına belə gətirə bilmədiyi hərəkəti edirik: - Nişandan, toydan sonra pul verib ödədiyimiz bütün ərzaqları şadlıq saraylarının masalarında qoyub çıxırıq, biz əliaçığıq, işiniz olmasın...
Bizim nəzakət etiketlərimiz də mükəmməl saxtadır. Avtobuslarda, restoranlarda və daha harda “bir-birimizin əvəzinə ödəmələr”, ”bugün sən mənim əvəzimə, sabah mən sənin yerinə..” Bu da insanlarımıza əsəbdən, travmadan başqa heç nə verməyən saxta etiketlərimiz.

Heç kimlə, heç bir xalqla müqayisə edilməyi sevməyən bəzi vətəndaşlar, indi analiz edək, hansı daha yaxşıdır – “hərə özünə” hesab prinsipi ilə məşhur olan alman xalqı yoxsa “sən mənim canı”, “bax inciyərən ha”, ”düşərsən” prinsipli biz? Bəlkə həqiqətən, nə qədər də “qonaqpərvər”, ”ideal xalq”, bir xarici görən kimi mikrofon götürərək çənəsinin altını kəsib “bizim ölkə, xalq haqda fikirləriniz” deyə soruşub daim özünü təsdiq etmək istəyən, daha doğrusu, tərif eşitmək arzusunda olan, bundan ötrü sino gedən bəzi insanlarımız bu təriflərdən bezib üzünü qərbə - yana çevirib də elə almanların özündən nəsə öyrənsin? Deyəsən, doğrudan, məhəbbətin gözü kor olurmuş, yəni biz özümüzə o qədər vurulmuşuq ki, eyiblərimizi görə bilmirik?..