Şaxta Xəzər dənizini də dondurdu

saxta-xezer-denizini-de-dondurdu
Oxunma sayı: 661

Buzlaşma sahildən 200-300 metr olan məsafəni əhatə edib. Son günlərdə davam edən şaxtalı və yağıntılı hava şəraiti Xəzər dənizində qeyri-adi hadisə ilə yadda qalıb. Dənizin Zeynalabdin Tağıyev qəsəbəsindəki hissəsi donub.

Maraqlıdır ki, suyun üzərində olan quşların ayaqları da buz bağlayıb. Bu quşların əksəriyyətini qəsəbə sakinləri yığsalar da, soyuqdan donub ölən quşların sayı az deyil. Buz qatının bir hissəsi dalğa formasındadır və bütün bunlar yerli sakinlərin böyük marağına səbəb olub. Qəsəbədə yaşayan yaşlılar əvvəllər də belə hadisənin baş verdiyini xatırlayırlar.

Qəsəbə sakini İslam Sultanov deyir ki, əvvəllər də belə hallar olmuşdu: “1972-ci ildə dəniz sahildən 100 metr məsafəyə qədər donmuşdu. Onda da quşlar bərk donmuşdu, amma belə olmamışdı”.

Sahildən təxminən 200 metr aralıda buz qatı nazikləşir və onun altında suyun hərəkətini müşahidə etmək mümkündür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Gülmalı Süleymanov isə deyir ki, belə hallar Xəzərin şimal hissəsində bir neçə dəfə müşahidə olunub. Xəzərin Azərbaycan sektoru dənizin orta hissəsi sayılır və burada suyun donması çox nadir hadisədir.

Onun sözlərinə görə, görünür dənizin Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığındakı hissəsində suyun duzluluğu aşağıdır və bu donma ilə nəticələnib. Suyun donması Xəzərin bioaləminə təsir etməyəcək.

Qeyd edək ki, Xəzərdə suyun donması 1920 və 1953-cü illərdə Rusiya sahillərində qeydə alınıb. Həmin vaxt buzlaşma o dərəcədə güclü olub ki, buz parçaları Bakıya qədər gəlib çatıb.