Saxtalardan necə qorunaq? - Araşdırma

saxtalardan-nece-qorunaq-arasdirma
Oxunma sayı: 729

“Qafqazinfo”nun apardığı araşdırmalara görə, hazırda ölkədə satışda 1 milyondan çox yararsız mobil telefon var. Bu telefonların çoxu Azərbaycana əsasən, Cənub-Şərqi Asiya, Koreya, Dubay və Çindən gətirilir. Avropa ölkələrindən fərqli olaraq, bu ölkələrdən sərfəli qiymətlərlə ölkəyə gətirilən telefonlar sexlərdə yığılır, daha sonra dövriyyəyə buraxılır. Həmin aparatların qiymətinin ucuz olması isə böyük alıcı kütləsini özünə cəlb edir.

Məşhur mobil telefon istehsalçısı olan “Nokia” şirkətinin hesablamalarına görə, dünya bazarında satılan hər 5-ci mobil telefon ya qeyri-leqal, ya da lisenziyasız nüsxədir. Bu saxta telefonların əksəriyyəti Çində istehsal olunur. Hal-hazırda belə qeyri-leqal telefonlar təkcə Asiyada deyil, həmçinin Latın Amerikası və hətta Avropanın bəzi regionlarında da istehsal olunur.

“Gartner” firmasının hesablamalarına görə, qeyri- leqal telefonların geniş vüsət alması ötən il bütün dünyada smartfonların satış səviyyəsinin 35% artmasına səbəb olub.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, hazırda ölkə bazarındakı telefonların 30-40 faizinin saxtadır: “Müxtəlif dükanlardan alınan telefonlara illərlə təminat verilməsinə baxmayaraq, xoşagəlməz hallar baş verir. Telefon partlamalarının səbəbi isə aparatın qiymətli komponentlərindən biri olan akkumulyatorun saxta olması ilə bağlıdır. Telefonların qiymətli detallarının əksəriyyəti çox vaxt onların istehsalçısı deyil, digər ölkələrə məxsus firmalar tərəfindən saxta yolla hazırlanır. Nəticədə yığma aparat alınır ki, bu da keyfiyyətsiz məhsul deməkdir”.

Saxtanı orijinaldan necə seçək!


Əslində diqqətlə nəzər yetirsək saxta telefonları orijinaldan tamamilə fərqləndirmək olar.
İlk öncə telefonun xarici görünüşünə baxmaq lazımdır. İstehsalçıların saytında lazımi mobil telefon modeli barədə ətraflı məlumat, foto şəkilləri tapmaq olar. Ticarət markasının adının yazılma keyfiyyətin və şriftinə, modelin nömrəsinə, korpusun rənglənməsinə, dizaynın ayrı-ayrı detallarının səliqəsinə, yığılmanın keyfiyyətinə də fikir verin.

Sonra çəkisini yoxlayın. Bu parametr aparatda mühüm rol oynayır. Telefonda eyni vaxtda bir neçə şəbəkənin (GSM/UMTS(3G), GSM/CDMA), dəstəklənməsi bildirilibsə bilməlisiniz ki, telefon yalnız bir şəbəkəni dəstəkləyən analoqdan fərqli çəkiyə malik olmalıdır.

Bütün saxta telefonlar keyfiyyətsiz tərcümə və çoxsaylı orfoqrafiya səhvlərinə malikdir. Onların funksionallığı da orijinaldan xeyli fərqlənir (saxta Nokia N95 üçüncü nəsil şəbəkələrin dəstəklənməsi və GPS, habelə sensorlu ekran yoxdur). Menyu tamamilə fərqli şəkildə əks olunur, yalnız ikonalar orijinala oxşar olur.

Orijinal telefonda aparatın yoxlamadan keçdiyini bildirən stikerlər (RST, SSS) olmalıdır. Saxta telefonlarda ya belə sertifikatlar olmur, ya da onlar savadsız şəkildə hazırlanıb və əsl sertifikatlardan fərqlənir. Bu işdə bir şərt var orijinal olan, lakin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən aparatlarda belə sertifikatlar və istehsalçının zəmanət xidməti.

Malın alınma yeri - bu göstərici vacib rol oynayır. Rəsmi distribüterlər və böyük dükanlarda yalnız dövlət nəzarətinin bütün mərhələlərindən keçmiş və istehsalçı zəmanətinə malik mobil telefonlar olur. Adi bazarda belə mallar azdır.


Dövlət qurumları nəzarətə başlayıb


Dövlət strukturları da ölkənin mobil cihazlar bazarında mövcud qanunvericiliyin təmin olunması istiqamətində fəaliyyəti gücləndiriblər. Dövlət strukturlarının birgə səylərinin məqsədi daxili bazarda saxta mobil telefonların və qeyri-leqal idxal olunan mobil cihazların satışının qarşısını almaqdır.

İKT İnformasiya Mərkəzindən deyirlər ki, hazırda dövlət strukturları mobil cihazların satışı ilə məşğul olan ticarət obyektlərinin monitorinqini də həyata keçirirlər. Bununla yanaşı dövlət strukturları tərəfindən daxili bazarda məişət və uyğunluq sertifikatı olmayan mobil cihazların üzə çıxarılması üzrə monitorinq də davam etdirilir. Bu tədbirlər Azərbaycanda sivil mobil cihaz bazarının formalaşması istiqamətində növbəti addımdır.

Mobil cihazların qeydiyyat mərkəzi yaradılır


Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında qərarına uyğun olaraq ölkə ərazisində Mobil cihazların qeydiyyat mərkəzi yaradılır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yaradılan mərkəzin məqsədi mobil cihazların qeydiyyat sisteminin (MCQS) tətbiqidir. Mərkəzdə Azərbaycan Respublikasının telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların, bu Qaydada nəzərdə tutulmuş texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı nəzərdə tutulub. Mərkəz işə düşdükdən sonra MCQS vasitəsilə qeydiyyatsız, oğurluq və klon cihazların İMEİ kodları vasitəsilə identifikasiya olunaraq mobil rabitə şəbəkələrində istifadəsi məhdudlaşdırılacaq.

Qeyd edək ki, bu ilin fevral ayından Azərbaycanda mobil operatorların şəbəkələrində mobil cihazların IMEI kodlarının monitorinqinə başlanılıb. IMEI kodların monitorinqi Azərbaycana qeyri-leqal idxal olunan və öklənin mobil rabitə şəbəkələrində istifadə olunan mobil cihazları üzə çıxarmağa imkan verəcəkdir. Monitorinq nəticəsində saxta IMEI kodları olan mobil cihazlar da aşkar olunacaq. Monitorinq nəticəsində aşkarlanmış qeydiyyatsız mobil cihazların şəbəkədən istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Şəbəkədən məhdudlaşdırma prosesi mobil cihazların qeydiyyat sisteminin (MCQS) istifadəyə verilməsindən sonra planlaşdırılır.

Monitorinq yerli mobil şəbəkələrin sim-kartları quraşdırılmış sim-kart mobil telefonlar, smartfonlar, planşet kompüterlər (məs. iPad) arasında aparılır. Mobil rabitə şəbəkəsi vasitəsilə aparılan monitorinq Azərbaycanda istifadədə olan bütün mobil cihazları əhatə edir.

Qanun da saxtalara “yox” deyir


Ötən ilin sonunda Nazirlər Kabineti tərəfindən “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi, mobil cihazların qeydiyyat sisteminin tətbiqi istiqamətində görülən işlər bu prosesi daha da tezləşdirib.

Bu Qayda Azərbaycan Respublikasında mobil cihazların qeydiyyata alınması qaydasını və onlara telekommunikasiya şəbəkələrində xidmət göstərilməsinin xüsusiyyətlərini tənzimləyir. Qaydada istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: mobil operator - ümumi istifadədə olan telekommunikasiya şəbəkəsi daxilində müvafiq xüsusi razılıq (lisenziya) əsasında sellülar (mobil) xidmətlər göstərən telekommunikasiya operatoru; mobil cihaz - mobil operatorların ümumistifadəli telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıq; mobil cihazların qeydiyyat sistemi (MCQS) - Azərbaycan Respublikasının telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların, bu Qaydada nəzərdə tutulmuş texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemi; mobil cihaz üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə (İMEİ-International Mobile Equipment Identification); mobil şəbəkə (abunəçi) nömrəsi (MSİSDN-Mobile Station Integrated Services Digital Network); SİM kartın (abunəçinin identifikasiya (eyniləşdirmə) modulunun) seriya nömrəsi (İMSİ-International Mobile Subscriber Identity); mobil cihaz tipinin təsdiq kodu (TAC-Type Approval Code).

Satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları ölkəyə idxal edən bütün hüquqi və fiziki şəxslər idxal etdikləri mobil cihazların markaları, modelləri, sayı və İMEİ nömrələri barədə məlumatlar qeyd edilmiş ərizə formasını (1 nömrəli əlavə) dolduraraq, bəzi sənədlər də əlavə edilməklə, qeydiyyat mərkəzinə təqdim etməlidirlər.

Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması üçün həmin mobil cihazı ölkəyə gətirən şəxs qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə, yaxud poçt şöbəsinə müraciət etməlidir.

Nigar Məmmədli