Səddam Hüseynin unitazı muzeydə

seddam-huseynin-unitazi-muzeyde
Oxunma sayı: 684

Anspress-in “CNN Türk”ə istinadən yaydığı xəbərə görə, paytaxt Bağdaddakı beynəlxalq aeroportun yaxınlığında yerləşən Viktori bazası təxminən 40 min əsgər və 25 min vəzifəli şəxsə ev sahibliyi edib.

ABŞ-ın Iraqdakı 505 ədəd bazasından ən böyüyü olan və hazırda 4 min əsgərin qaldığı Viktori bazasının rəhbərliyi, dəyəri 100 milyon dollardan çox olan binaların, su tankerlərinin, generatorların və digər ləvazimatların Iraq hökumətinə bağışlanacağını bildirib.
Təxminən 47 kilometr tikanlı məftillə əhatəli olan hərbi baza, eyni zamanda keçmiş Iraq lideri Səddam Hüseyn və onun əmisi oğlu, sağ qolu Kimyagər Əliyə də ev sahibliyi etmişdi. Səddam Hüseyn 2004-cü ildən edam edildiyi 2006-cı ilə qədər bu bazada 3x7,5 metrlik pəncərəsiz hücrədə məhbus həyatı keçirmişdi.
Maraqlıdır ki, Səddam Hüseynin hücrəsindəki tualet sökülərək ABŞ-a göndərilib. Məlumata görə, paslanmayan poladdan olan unitaz və hücrənin polad qapısı ABŞ-dakı hərbi muzeylərdən birində sərgilənəcək.
ABŞ ordusunun hazırda Iraqda 12 bazada 31 min əsgəri var. Bu əsgərlərin də ilin sonuna qədər ölkəni tərk etməsi nəzərdə tutulub.