Səfər Əbiyev internet portal yaradır?

sefer-ebiyev-internet-portal-yaradir
Oxunma sayı: 646

Bu barədə “Qafqazinfo”ya adının gizli saxlanılmasını istəyən, özünü Müdafiə Sənayesi Nazirliyinin işçisi kimi təqdim edən şəxs məlumat verib. Onun sözlərinə görə, orduya yaxın dairələrdə gəzən məlumatlarda Müdafiə və Müdafiə Sənayesi nazirlikləri tərəfindən dəstəklənəcək yeni sayt www.azeridefence.com domen ünvanında yerləşəcək və hazırda adıçəkilən saytın yaradılması üzərində işlər gedir. Mənbə bildirib ki, bu saytın yaradılması ərəfəsində milaz.info agentliyinin saytının sıradan çıxarılması da ordu generallarının dəstək verdiyi saytın fəaliyyəti üçün atılmış addım sayıla bilər. Məlumatlara görə yeni sayt ictimaiyyətdə MN və MSN-lə bağlı PR qurmaq məqsədi daşıyır. Bu sayta isə gündəlik mətbuatda (deyilənə görə agentliklərdən birində) hərbi mövzularda yazan bir jurnalist rəhbərlik edəcək. Əvvəlcə belə bir saytın yaradılmasının Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin rəhbəri Emin Həsənliyə həvalə olunması gündəmdə olsa da, lakin Həsənli piar işində özünü doğrultmadığından bu layihədən uzaqlaşdırılıb. Bu işin daha yaxşı təşkili və aparılması üçün mətbuatdan olan şəxsin adı irəli sürülərək bəyənilib. Hətta sayt fəaliyyətə başlayandan sonra onun populyarlığının artırılması üçün ora “yuxarıdan” bir sıra sensasion məlumatların ötürülməsi qərara alınıb.

Bildirək ki, artıq 2 aydır MN generallarına və MSN naziri Yavər Camalova qarşı bir sıra qəzetlərdə kütləvi hücumlara başlanıb. Belə nəticəyə gəlmək olar ki, qarşı tərəfə tutarlı və arqumetli cavab verə bilməyən hər iki nazir ətraflarına topladıqları QHT rəhbərlərini uzaqlaşdıraraq alternativ media yaratmağa çalışırlar.