Səfər Əbiyevin avqust əməliyyatları

sefer-ebiyevin-avqust-emeliyyatlari
Oxunma sayı: 693

Təbii ki, avqust ayının ən mühüm hadisəsi Ramil Səfərovun Azərbaycana gətirilməsi və azad edilməsi oldu. Doğrudur ona mayor rütbəsini müdafiə anziri təqdim etdi, amma Ramil Səfərov əməliyyatının Səfər Əbiyevə heç bir dəxli yoxdur. Çünki Azərbaycan ordusunda yüzlərlə ləyaqətli zabitlərimiz var və Səfər Əbiyevin onlara “qayğısı” hamının gözü qabağındadır.

Qayıdaq nazirin avqust əməliyyatlarına. Azərbaycan büdcəsindən müdafiə sektoruna ayrılan vəsaitin son illərdə artım tempi hamımızın gözü qabağındadır. Məntiqlə əsgərlərimizin də, zabitlərimizin də güzəranı bu tempə uyğun olaraq yaxşılaşmalıydı. Amma reallıq fərlidir.

Son illərin qeyri döyüş itkilərinə nəzər salaq. 2003-də 34, 2004-də 23, 2005-də 15, 2006-da 35, 2007-də 40, 2010-da 54, 2011-də 83. Bu ilin müvafiq dövründə qeyri döyüş itkilərimiz 50 nəfərdən artıqdır. Statistikadan görsənir ki, müdafiə sektoruna ayrılan vəsait vəziyyəti düzəltməyib. Doğrudur bu itkilər tək Müdafiə Nazirliyinin itkiləri deyil. Digər hərbi strukturların da fəaliyyətində müəyyən müəmmalar var. Amma itkilərin əsas hissəsi məhz Müdafiə Nazirliyinin payına düşür.

Bəs niyə itkilərimizlə büdcə artımının müqayisəsini apardım?
Məsələ ondadır ki, ordumuz qüvvətləndikcə xəstəlikdən ölənlərin sayı azalmalı idi. Naşı əsgərlər daha mükəmməl şəraitdə daha mükəmməl hərbi biliklərə yiyələnməli idi. Əsgərlərin şəraiti, zabitlərin təminatı elə olmalı idi ki, heç kim bir-birində günah axtarmasın. Və sairə, və sairə...
Amma ordumuza ayrılan vəsait 10 dəfədən çox artıb, qeyri döyüş itkiləri isə azalmaq əvəzinə çoxalıb.
Deməli ayrılan vəsait səmərəli xərclənməyib.

Ön xətdə əsgər və zabitlərin şəraitinin yaxşılaşdırılması üçün Ermənistanın dövlət büdcəsindən artıq olan hərbi büdcəmizdən vəsait ayrılmırsa, səmərəlilikdən danışmağa dəyməz. Hərbi hissələrin daxili imkanları hesabına əsgər üçün yataqxana tikilirsə, deməli dövlətin ayırdığı milyardlar səmərəli xərclənmir. Əvəzində Azərbaycan hərbiçisinin həyatı xərclənir. Bu ilin 8 ayı ərzində 10 əsgərimiz erməni gülləsindən ölüb. Amma 50 əsgərimizi başqa səbəblərdən itirmişik. İndi görün erməni daha təhlükəlidir, yoxsa orduya səhlənkar yanaşanlar?

Kamal Sahib oğlu Alıyev – damdan yıxılıb, Tayfur Hacıkərim oğlu Bəyov – xəstəlikdən ölüb, İsmayıl Rafiq oğlu İbayev – intihar edib, Samir Malik oğlu Adıgözəlov – qayadan yıxılıb, Orxan Rövşən oğlu Alıyev əsgər yoldaşı tərəfindən bıçaqlanıb. Bunlar avqust ayında dünyasını dəyişən Azərbaycan əsgərləri haqqında verilən rəsmi məlumatların bir qismidir. Bu əsgərlər ölməyə də bilərdi...

Elə avqust ayında da Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev bəyan etdi ki, orduda “dedovjşına” halları var. Əslində bu təəccüblü deyildi. Çünki bir neçə il əvvəl ölkənin nümunəvi qoşun birləşməsi hesab olunan Daxili Qoşunlar da belə halın olduğu barədə təkzibolunmaz faktlar yayılmışdı. Bu mənada Müdafiə Nazirliyinin hərbi hissələrində “dedovşinə” təəccüblü deyil. Bəlkə də Daxili Qoşunlarda “dedovşina”nı faciə hesab etməmək də olar, amma düşmənlə üzbəüz dayanan əsgərlər arasında bu cür ayrıseçkilik sadəcə faciədir, vəssalam.

Yuxarıda sadalanan itkilər fonunda avqust ayında həm cəbhə xəttindən, həm də Müdafiə Nazirliyindən maraqlı xəbərlər eşitdik.

Sən demə Murovda “çox vacib bir” yüksəklik ermənilərdən geri alınıb.
Əslində bu, müdafiə naziri Səfər Əbiyevin ordudakı biabırçılqları ört-basdır etmək üçün cızdığı taktiki “əməliyyat plan”ı idi. Yadınızdadırsa bundan bir neçə ay əvvəl 5 kəndin azad olunması ilə bağlı xəbər sabun köpüyü kimi dağılmışdı.
Sonuncu əməliyyatın doğurdan da Səfər Əbiyev tərəfindən hazırlanmasına əminəm. Çünki bu tipli analoji əməliyyatların şahidi olmuşam. Və hətta belə əməliyyatlardan sonra Səfər Əbiyevin əməliyyatda iştirak edərək sağ qalmış əsgərlərə hədiyyə verdiyinin, ölənlərin isə tez unudulduğunun şahidi də olmuşam.

Bir qədər ətraflı.
Məsələ ondadır ki, ermənilərin təmas xəttində kifayət qədər əsgəri olmaması gün kimi aydındır və bunu hamı bilir. Ermənilərin nəzarətində olan postların müxtəlif vaxtlarda boş qalması halları da olur. Belə boş qalan postların alınması əlbəttə ki, müəyyən risk tələb edir. Amma boş postun tutmaq nə qədər asadırsa, onu saxlanmaq bir o qədər mümkünsüzdür. Hətta ermənilər belə hallarda mövqeləri geri almaq üçün minaatanlardan istifadə etməkdən belə çəkinmir. Çünki ATƏT-in monitorinq qrupu tərəfindən qeydə alınmış mövqelər var. Və ermənilər belə hallarda haqlı olduqlarını çox asanlıqla sübut edə bilirlər.

Qayıdaq avqust ayında Murovda hansısa yüksəkliyin alınmasına. Murovda elə yüksəkliklər var ki, təbii şəraitin çətinliyinə görə, orada nə post qurulması, nə də əsgərlərin orada daim saxlanılması heç bir əhəmiyyət kəsb etmir. Avqust ayının qızmar vaxtı hansısa yüksəkliyə çıxmaq və orada dayanmaq olar, amma havalar soyuyandan sonra orada dayanmaq könüllü özünəqəsddir. Avqust ayında Səfər Əbiyevin əmri ilə əsgərlərimiz belə yüksəkliklərdən birində mövqe tutublar. Yəqin ki, sentyabrın sonunda həmin mövqe yenə boşaldılacaq. Ermənilər isə o mövqeyə nə bu qış, nə də gələn yay qalxmayacaq, çünki mənası yoxdur. Avqust əməliyyatının mahiyyəti isə ondadır ki, 5 kəndin geri qaytarılması ilə bağlı xəbərin ilğım olduğu bəlli olandan sonra, müdafiə naziri əl çatmayan, ün yetməyən Murovda əməliyyat keçirdi ki, həm həqiqət olsun, həm də mahiyyətini heç kim anlamasın.

Yuxarıda söylədim ki, Səfər Əbiyevin əmri ilə vaxtaşırı belə əməliyyatlar keçirilir. Bu əməliyyatlar daxili auditoriyaya, daha doğrusu müəyyən təbəqəyə müharibə şəraiti olduğunu göstərməklə yanaşı, düşmənin manevr imkanlarını öyrənmək baxımından da əhəmiyyətlidir. Amma belə əməliyyatlar bizi Qarabağa nə qədər yaxınlaşdırır? Cavab vermək çox çətindir.

Avqust ayında Səfər Əbiyevin ikinci əməliyyatı zabitlərə ev verilməsi ilə bağlı oldu. Zabitlərin narazılığının nahaq olduğunu cəmiyyətə sübut etmək üçün bir qrup zabitə ev verildi. Ola bilsin ki, bu əməliyyat cəmiyyətdə müəyyən fikir formalaşdırdı, amma Silahlı Qüvvələrin zabitlərinin bu taktika ilə idarə etmək olmaz.

Və nəhayət üçüncü əməliyyat.

Sən demə hansısa hərbi hissədə əsgərlərin ərzağını satırmışlar. Müdafiə Nazirliyi həyata keçirdiyi əməliyyat nəticəsində bu işlə məşğul olan gizir yaxalayıb. Bununla bağlı Müdafiə Nazirliyinin yaydığı informasiyanın sonunda bildirilir ki, nazirliyin hərbi hissəyə ezam olunmuş, faktı araşdıran nümayəndələri oğurluğun şahidi olublar.
Sanki Silahlı Qüvvələrdə baş verən bütün neqativ halların səbəbkarı bu gizir imiş və nazirliyin əməliyyat qrupu onu yaxalayıb...

Ordudakı neqativ halların səbəbkarı gizir deyil...