Səfər Əbiyevin İran səfərində bayrağımız niyə tərs asıldı? - Fotolar

sefer-ebiyevin-iran-seferinde-bayragimiz-niye-ters-asildi-fotolar
Oxunma sayı: 811

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay ABŞ-dan yayımlanan Günaz TV-yə geniş müsahibə verib. “Qafqazinfo” müsahibənin Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin İrana səfəri barədəki hissəsini ixtisarla dərc edir:


- Sain İlqar bəy, Səfər Əbiyev İrana səfəri zamanı bir ifadə işlədib ki, biz kiçik bir ölkəyik, siz isə nəhəng və güclü bir ölkəsiz. Uzun zamandır, yəni ki, Səfər Əbiyevin bu ifadəsindən bu günümüzədək hələ də İranın mətbuatında bu ifadə təkrarən, hey işlənir. Yazırlar ki, baxmayaraq, Səfər Əbiyev kiçik ölkə olduqlarını elan elədi, amma görünür, Azərbaycanın daxilində biri-birlərini inkar edən qüvvələr var, çünki həmin kiçik ölkə təkrar yenə də İranı terrorçuluqda ittiham etməklə təhdid edir. Yəni bu ifadənin üzərində çox dayanırlar, çox işləyirlər.

- Azərbaycan heç kəsdən asılı olmayan, özünü təmin edib yaşada bilən, müstəqil dövlətdir. Əhalisinin sayından və ərazisinin böyük-kiçikliyindən asılı olmyaraq dünyada özünün öz xüsusi yerini tutur... Mən də eşitmişəm, bu məsələni, amma o dərəcədə də inanmaq istəmirəm buna. Əgər bu doğrudan da belə olubsa, belə bir söz işlədibsə, bəlkə Səfər Əbiyev bir az, postsovet regionundakı hərbçilərin çoxusu rus hərbi məktəblərini keçiblər, onlar əksərən rusdillidirlər. Ola bilsin, o ifadəni o, düzgün rus dilindən çevirə bilməyibdir. Əgər, bunu bilərəkdən edibsə, bu Azərbaycan xalqı üçün qəbuledilməzdir.

- Hər halda tutalım, nazir ifadədə texniki yanlışlığa yol verib, və yaxud heç Səfər Əbiyev o sözü deməyib, amma yazıblar. Bəs, ekrandakı şəkillərdə göründüyü kimi İran prezidenti Əhmədi Necatla görüşdə İran bayrağının olub, Azərbaycan bayrağının olmaması və yaxud, İran müdafiə naziri ilə görüşdə Səfər Əbiyevin qarşılanması zamanı Azərbaycan bayrağının tərs asılması nə deməkdir?

- Bu başqa məsələdir, bu artıq, faktdır. Səfər Əbiyev müdafiə naziridir, orduya rəhbərlik edir, Azərbaycanı təmsil edib. Yəqin ki, bayrağımıza, rənglərin ardıcıllığına gərək, diqqət yetirəydi. Bunu sıravi azərbaycan vətəndaşları da bilir. Bu, İran tərəfinin Azərbaycan dövlətçiliyinə qarşı hörmətsizliyidir. İran bunu birinci dəfə etmir. Bunlar hamısı Azərbaycan dövlətini kiçiltmək, saymazlıq göstərmək, bir dövlət kimi hesab eləməmək istiqamətində atılan məqsədyönlü addımlardır. Bunlar hamısı İranın özünüböyütmə ideyalarından irəli gəlir.

- Məsələn bir şəkilə baxın ekranda. Diqqət edin, Mərhum Heydər Əliyevin İrandakı görüşüdür Rəfsəncani ilə. O bayraq ki, qoyublar Heydər Əliyevin qarşısındadır, onu əgər, onun qabağında tərsinə qoysaydılar, yəqin ki, həmən reaksiya verərdi...

- Bir məsələni də qeyd edim ki, bizdə məmur seçiləndə, dövlətə məmur təyin olunanda onun peşəkarlaığı və mənsub olduğu hakimiyyətə sadiqliyi əsas götürülür. Amma bir əsas şərt unudulmamalıdır ki, həmin o məmurun daxilində bir vətənpərvərlik, dövlətçilik hissi olmalıdır. Belə böyük dövlət vəzifələrinə təyin ediləndə həmin o şəxslərdə mütləq vətənçilik və təəssübkeşlik hissinin olması aydınlaşdırılmalıdır. Bu hər bir dövlətə aiddir. O hiss olarsa, artıq o məmur bayrağa da fikir verir, danışdığı sözlərə də. O hətta, ən böyük bir iqtisadi ya, siyasi xeyri olan bir görüşü öz vətəninə qarşı kiçik bir həqarətə görə dayandıra bilir. Niyə? Çünki, birinci növbədə dövlətdir, vətəndir...


İlqar Altayın müsahibəsində Azərbaycan-İran münasibətlərinə, MTN-in İranın «SEPAH»-la əlaqəli 22 nəfəri həbs etməsi, jurnalistlər Elmar Hüseynov, Rafiq Tağının qətli, Xədicə İsmayıla qarşı təxribat və sair məsələlərə toxunulub.

Müsahibənin videoyazisina aşağıdakı linklərdə baxa bilərsiniz:

Birinci hissə

İkinci hissə